Orta Asiya ölkələri suyun bölüşdürülməsinə dair mühüm saziş imzaladılar. Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla 2025-ci ilin suvarma mövsümü üçün Sırdərya çayı vasitəsilə 3,7 milyard kubmetr suyun tədarükünə dair razılıq əldə olunub.
Hafta.az-ın yazdığına görə, bu saziş regionda artan su qıtlığı problemi qarşısında atılan kritik addım hesab olunur.
BMT və Dünya Bankının hesablamalarına görə, yaxın 25 ildə Mərkəzi Asiyada su qıtlığı 25-30 faozə çata bilər.
Qazaxıstan dost ölkələrlə əməkdaşlıq sayəsində qarşıdan gələn suvarma mövsümündə suya olan tələbatını ödəyəcək. “Dostluq” (Dostık) kanalı ilə 909 milyon kubmetr su veriləcək, 975 milyon kubmetr su da Şimali Aral dənizinə yönəldiləcək.
Qazaxıstanın Su Ehtiyatları və Suvarma Naziri Nurjan Nurjigitov su diplomatiyasının əhəmiyyətini vurğulayıb və su təchizatı ilə bağlı danışıqların tez başlamasının vacib olduğunu bildirib. Şərdərə bəndində yığılan su xüsusilə cənub rayonlarında fermerlərin tələbatını ödəyəcək.
Keçən ilin uğurlu təcrübəsindən nümunə götürərək, bu il ehtiyacların oxşar su idarəçiliyi və qənaət tədbirləri ilə qarşılanması məqsədəuyğundur. Məsələn, Özbəkistan oktyabrın 1-dən aprelin 1-dək Qazaxıstana 12,6 milyard kubmetr su verib.
Su diplomatiyası hazırda Mərkəzi Asiyada sabitlik və davamlı inkişaf üçün əsas vasitə kimi qiymətləndirilir. Lakin ekspertlərin fikrincə, birgə yüksək səviyyəli regional su şurası yaradılmalıdır. Bişkekdə keçirilən “Mərkəzi Asiyada su diplomatiyası” adlı dəyirmi masa görüşündə bildirilib ki, belə bir qurum məcburi qərarlar qəbul edə bilməlidir.
Beynəlxalq münasibətlər üzrə ekspert Baykadam Kuramayev bildirib ki, Qırğızıstan və Tacikistan sərhəd məsələlərini həll etdikdən sonra indi suyun bölüşdürülməsi zamanıdır. Kuramayevin sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması kənd təsərrüfatında böhranlara və ölkələr arasında münaqişələrə səbəb olur. Bundan əlavə, Əfqanıstanda Kuş-Təpə kanalının tikintisi də narahatlıq doğurur. Kanalın tikintisi başa çatdıqdan sonra Amudərya çayının suyunun 30 faizə qədəri Əfqanıstan tərəfindən götürülə bilər ki, bu da aşağı axın ölkələri – Qazaxıstan, Özbəkistan və Türkmənistanı çətin vəziyyətə sala bilər.
Qırğızıstan-Rusiya Slavyan Universitetindən Arsen Usenov bildirib ki, buzlaqların əriməsi və su ehtiyatlarının israf edilməsi su böhranını daha da dərinləşdirəcək. Usenov hesab edir ki, 2030-cu ilə qədər Mərkəzi Asiyada su çatışmazlığı 30 faizə çata bilər. Su keçmişdə bölgə üçün fikir ayrılığı və hətta münaqişə mənbəyi olub. Lakin bu gün belə hesab olunur ki, diplomatik həll yolları ilə irəliləyiş əldə etmək olar.
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov da son 50-70 ildə dağlıq bölgələrdə buzlaqların 16 faiz kiçilməsini və bunun iqlim böhranının konkret göstəricisi olduğunu vurğulayıb. İqlimlə bağlı illik zərər Qırğızıstanda 50 milyon dollara, bütün regionda isə 2 milyard dollara çatıb.
İmankulov 1930-cu illərdən bəri müzakirə olunan “Sibir çaylarının məcrasının dəyişdirilməsi” layihəsini canlandırmağın vaxtı çatdığını xatırladıb. Bu layihə ilə Orta Asiya ölkələrində su qıtlığı Rusiyadakı çaylardan suyun ötürülməsi ilə aradan qaldırıla bilər. Müasir boru kəmərləri ilə bu transferin ətraf mühitə vurduğu zərər azaldıla bilər və yeni iş imkanları yaradıla bilər.
Həmçinin xatırladılıb ki, Aral dənizinin quruması təkcə ekoloji deyil, həm də geoloji fəlakət yaradıb. Quruma səbəbindən göl yatağının qabığı ildə 7 mm qalxır ki, bu da insanın təbiətə təsirinin bariz nümunəsi hesab olunur.
Hindistanla Pakistan arasında 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsini misal gətirən İmankulov suyun bölüşdürülməsinə dair razılaşmaların hətta böhranlı dövrlərdə də davam etdirilə biləcəyini vurğulayıb. Bu müqavilə hər iki ölkənin kənd təsərrüfatı və enerji ehtiyaclarını ödəyirdi və müharibələr və gərginliklər şəraitində belə qüvvədə qalıb.
İqlim dəyişikliyi və artan suya tələbatın yaratdığı bu çətin şəraitdə Mərkəzi Asiya ölkələri regional həmrəylik və inteqrasiya olunmuş su idarəçiliyi ilə gələcəyə hazırlaşır.