Ukrayna gənc əhalisini itirməmək üçün yollar axtarır

09:27 30.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Parlamenti (Ali Rada) 18 yaşına çatmamış ukraynalı gənclərin təhsil üçün xaricə getməsi, lakin müharibə vəziyyəti ilə bağlı məhdudiyyətlərə görə geri qayıtmaması hallarının artmasına necə reaksiya veriləcəyini müzakirə edir. Bu problemi həll etmək üçün xüsusilə tələbələrin xaricə sərbəst səyahət edə bilmələri üçün hüquqi təşəbbüslərin inkişaf etdirilməsi gündəmə gətirilib.

Hafta.az-ın yazdığına görə, Ali Radanın deputatı, Milli Təhlükəsizlik, Müdafiə və İnkişaf Komissiyasının üzvü Fedir Venislavski bu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: "Bu məsələ millət vəkilləri arasında, xüsusən də bizim komissiyada müzakirə olunur. Fraksiyalar arasında belə bir fikir var ki, gənclərimizi itirməmək üçün məsələ tezliklə həll olunmalıdır. Gənclərimiz xaricə çıxsa sonra geri qayıtmayacaqlar. Çünki 18-60 yaş arasında kişilərin əsgərliyə getmə borcu var və əsgər getməyənlər xaricə çıxış imkanlarını itirirlər”.

Müvafiq olaraq, hazırda xaricdə təhsil alan gənclər üçün səyahət məhdudiyyətlərinin müvəqqəti yumşaldılmasının mümkünlüyü araşdırılır.

Venislavski həmçinin deyib: "23-24 yaşa qədər Ukrayna vətəndaşlarına sərbəst gediş-gəliş imkanı vermək ideyası var. Bu, xaricdə təhsil alan tələbələrə Ukraynaya gəlib ailələrini görməyə, vətənləri ilə əlaqələrini pozmamağa və xaricdə qalmağa məcbur qalmamağa imkan verəcək".

Digər tərəfdən, Venislavski bu məsələnin həyata keçirilməsi baxımından son dərəcə həssas və mürəkkəb olduğunu bildirib. Xüsusilə qeyd olunub ki, şəxsin sərhədi sərbəst keçə biləcəyi yaş hədləri və şərtləri dəqiq müəyyən edilməlidir.

Bununla belə, Venislavski deyib: "Düşünürəm ki, qısa müddətdə parlamentdə vəziyyəti düzəltmək üçün müvafiq qanunvericilik təşəbbüsləri olacaq".