Ukraynalı kişilər rus çarının imzaladığı sənədlərlə xaricə qaçıblar

09:40 03.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, Lvov Vilayət Hərbi İdarəsi (OVA) ukraynalı kişilərə Rusiya çarı III Aleksandrın imzası və Rusiya banklarının loqoları olan saxta məktublarla xaricə getməyə icazə verib. Ukrayna mətbuatında əksini tapan xəbərlərə görə, “Millətin humanitar ümidi” adlı saxta təşkilat Lvov OVA-ya göndərilən məktublarda bəzən özünü qeyri-hökumət təşkilatı, bəzən də “Ukrayna-Fransız qrupu” kimi təqdim edib. Ukrayna Ədliyyə Nazirliyi belə bir təşkilatın rəsmi qeydiyyatının olmadığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, sözügedən məktublardan beşi 2022-ci ilin payızında Lvov OVA-ya çatıb və səkkiz nəfərin bu sənədlərlə xaricə getdiyi, onlardan yeddisinin geri qayıtmadığı müəyyən edilib. Səyahətlər qatarla, avtomobillə və ya piyada həyata keçirilib.

RBC xəbər verir ki, Lvov Vilayət Hərbi İdarəsi həmin şəxslərin xaricə saxta sənədlərlə, o cümlədən Rusiya çarı III Aleksandrın imzası ilə getdiyini etiraf edib. Açıqlamada belə hadisələrin müharibənin əvvəlində düzgün işləməyən “Put” adlı könüllü və humanitar çıxış sisteminin səbəb olduğu bildirilib.

OVA sistemsiz pozuntuların fövqəladə hallarda baş verə biləcəyinə əmindir. Ümumilikdə 50 min kişinin bölgəni tərk etdiyi və onlardan 1920 nəfərin vaxtında geri qayıtmadığı bildirilib.