UNHCR Tacikistanı əfqan miqrantları Əfqanıstana qaytarmamağa çağırıb

09:50 17.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Tacikistanı əfqan miqrantların həyatının risk altında olduğu ölkəyə deportasiyasının qarşısını almağa çağırıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Tacikistandakı Əfqan Miqrantlar Komitəsinin rəhbəri Musavvir Bahoduri öz Facebook səhifəsində məlumat verib. Musavvir Bahoduri qeyd edib ki, BMT-nin Tacikistandakı nümayəndəsi ölkənin daxili işlərinə qanunvericilik səviyyəsində qarışa bilməz, ona görə də təşkilatın Cenevrədəki mərkəzi ofislərinə hesabat göndərib. Bu məsələyə daha yüksək səviyyədə baxılması təklif olunub.

Vurğulanıb ki, Tacikistan beynəlxalq müqavilələrə əsasən, qaçqınların həyatları təhlükə altında olan ölkələrə, xüsusilə “Taliban”ın iqtidarda olduğu Əfqanıstana qaytarmamalıdır.

Əfqan Miqrantlar Komitəsinin rəhbəri miqrantların üçüncü ölkəyə köçürülməsi, yaxud da cərimə və ya həbs kimi digər tədbirlərin seçilməsini təklif edib.

Musavvir Bahoduri bildirib ki, əfqan miqrantlar Tacikistanın qanunlarına, adət-ənənələrinə və normalarına hörmətlə yanaşır, qanunsuz hərəkətlərin təkrarlanması halında hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazırdırlar.

Miqrantlar Komitəsi Tacikistanda 27 ildən çoxdur fəaliyyət göstərir və ölkənin Ədliyyə Nazirliyinin rəsmi lisenziyasına malikdir. Bu təşkilatın əsas vəzifələrindən biri dövlət qurumlarının əfqan miqrantlarla qarşılıqlı əlaqəsini koordinasiya etməkdir.

Tacikistandan əfqan miqrantların deportasiyası ilə bağlı məlumatlar ilk dəfə dekabrın əvvəlində ortaya çıxıb. Daha sonra Müsavvir Bahoduri “Asiya-Plus”a müsahibəsində deportasiyanın səbəblərini açıqlayıb. Səbəblər arasında səliqəsiz saqqal, sosial şəbəkələrdə siyasi debatlara girmək və ictimai yerlərdə sərxoş olmaq əsas səbəblərdəndir.

BMT QAK daha əvvəl bildirmişdi ki, dekabrın 3-dən 5-dək Tacikistan hakimiyyəti “lazımi prosedurlara əməl etmədən” ən azı 41 Əfqanıstan vətəndaşını, o cümlədən 37 qaçqını deportasiya edib. Departament vurğulayıb ki, “bu, 2024-cü ilin oktyabrından bəri Əfqanıstana məcburi geri qayıtma ilə bağlı qeydə alınan üçüncü hadisədir”.