“Bu gün Amerika adminstrasiyasının USAİD-lə bağlı apardığı siyasət dünyanın bir sıra ölkələrinin münasibətilə üst-üstə düşür. Hələ Trampdan çox-çox əvvəl dünyada ölkələr var idi ki, USAİD-in fəaliyyətinin neqativ olduğu ilə bağlı açıq danışırdı. Hətta USAİD-in nümayəndəliklərinin fəaliyyətinin məhdudlaşdırılması yönündə addımlar atırdı. O cümlədən Azərbaycan hakimiyyəti 2024-cü ilin əvvəllərindən başlayaraq USAİD-in fəaliyyətinin müəyyən nəzarətə götürülməsi yönündə addımlar atdı və nəhayət fəaliyyəti ümumiyyətlə dayandırıldı”.
Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib. O qeyd edib ki, USAİD-in fəaliyyəti ilə bağlı bu gün dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycanın siyasəti ilə Tramp adminstrasiyasının siyasəti demək olar ki, üst-üstə düşür:
“Azərbaycan çoxdan bildirirdi ki, USAİD-in siyasəti bu ölkələrdə dağıdıcılığa xidmət edir. USAİD ölkələrdə siyasi sabitliyin yaranmasına imkan vermir, müəyyən qüvvələrin təşkilatlanması yoluyla sabitliyin pozulmasını hədəfləyir. Sonda məqsəd həmin ölkələrin hakimiyyətlərini idarəolunan vəziyyətə salmaq idi”.
Ekspert qeyd edib ki, bu gün Tramp hakimiyyəti də USAİD-in Amerikanın dövlət pullarını müxtəlif ölkələrdə mənasız yerə sərf etməsindən narahatdır və buna görə də USAİD-in fəaliyyətinin dayandırılmasına qərar veriblər:
“USAİD-in pozuculuq fəaliyyətini sübut edən saysız faktlar mövcuddur. Bunlar müxtəlif ölkələrdə qeyri-hökumət təşkilatları, media və digər vətəndaş institutlarından ibarət pozucu şəbəkələrin yaradılma formasında özünü göstərib. Üzdə guya Amerikanın dövlət maraqlarına xidmət ediblər, amma əslində əsas hədəflərdən biri qeyd etdiyim kimi, başqa ölkələrdə sabitliyin pozulması və həmin ölkələrin idarə olunan hala gətirilməsindən ibarət olub. Eyni zamanda, USAİD-in rəhbərliyindəki şəxslər, o cümlədən Samanta Pauer kimi adamlar bu təşkilata ayrılan milyardlarla pulun müxtəlif şübhəli layihələrə ayrılması və buradan öz paylarını götürməklə məşğul olublar”.
Ekspertin fikrincə çox ciddi şübhələrdən biri USAİD-in rəhbərliyinin müəyyən ölkələrdə demokratiyanın, söz azadlığının inkişafı layihələri ilə yanaşı, müxtəlif terror təşkilatlarının, separatçı qüvvələrin, narkoticarət şəbəkələrinin də maliyyələşmələrinə xidmət etmələridir. Onun sözlərinə görə bu yöndə çox ciddi faktlar var və bunlar araşdırılmalıdır.