Valideyn məsuliyyəti – bəziləri dərk etmir

12:10 12.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ailə cəmiyyətin ən vacib dayağıdır. Şəxsiyyətin əsasını qoyan cəmiyyətin ilkin struktur vahidi ailə hesab olunur. Məhz ailədə ilk tərbiyə alınır, uşaqlar ilk sosial təcrübəyə yiyələnir, bir şəxsiyyət kimi formalaşırlar. Ailə ilk tərbiyə ocağı kimi  böyüyən uşağın gələcək inkişafında,  taleyində  mühüm rol oynayır. Uşaq böyütmək, ərsəyə çatdırmaq  hər bir valideynin qarşısında duran ən çətin, məsuliyyətli və eyni zamanda şərəfli bir işdir. Uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük, məsuliyyət düşür.

Böyüyən hər bir uşaq, eləcə də valideynlərin ailədə formalaşdırdığı dəyərlər və münasibətlər zamanla cəmiyyətə öz təsirini göstərir. Yəni, onun necə olması, hansı təməllər üzərində qurulması, inkişafı, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq şəxsiyyət kimi yetişə bilər. Buna görə də hər bir valideyn övladlarının hərtərəfli inkişafı üçün öz vəzifələrini layiqincə yerinə yetirməli və gələcəyə layiqli vətəndaşlar yetişdirməlidirlər.Onlar çalışmalıdırlar ki, körpənin qayğısına qalıb, onu sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər.

Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq valideyn məsuliyyəti, uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədi ilə maarifləndirmə kampaniyaları həyata keçirilir və bu istiqamətdə sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.Komitədən hafta.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Övladınızın ən yaxın sirdaşı olun!” adlı növbəti sosial videoçarx hazırlanıb.Qeyd olunub ki, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Bildirilib ki, xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onları necə yetişdirməyimizdən asılıdır.Öz uşaqlarına həqiqi tərbiyə vermək, onları ictimai həyata hazırlamaq, uşaqlarda həqiqi vətənpərvərlik, əməksevərlik, sağlam və gümrah, yüksək dərəcədə mədəni və şüurlu vətəndaş kimi yetişdirmək hər bir ata, ananın arzusu və borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn rütbəsindən asılı olmayaraq, öz uşağının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməli, həmçinin uşaqların ailədə düzgün tərbiyə olunmaları üçün diqqətli olmalıdırlar.

Məlumat üçün qeyd edək ki, məhz valideyn məsuliyyətsizliyindən təkcə 2019-cu ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 133 mülki işə baxılıb. Həmin işlər üzrə 72 iddia təmin edilib. 2018-ci ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 128 mülki işə baxılıb, onlardan 84-ü təmin olunub. Statistik məlumatlara görə, 2017-ci ildə valideynlik hüquqlarından məhrumetmə ilə bağlı 118 mülki işə baxılıb, 63-ü təmin edilib. 2020-ci ildə Azərbaycan məhkəmələrində valideynlik hüquqlarından məhrum etmə ilə əlaqədar 51 işə baxılıb və 21 iddia təmin edilib.

Qeyd edək ki,Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

- alimenti qəsdən ödəmədikdə;

- heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

- valideynlik hüquqlarından sui-istifadə etdikdə;

- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

- uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Məcəllənin 66-cı maddəsində göstərilir ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Həmin valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.Ailə Məcəlləsinə görə, uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər.Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Mütəxəssislərin fikrincə, ailə tərbiyəsi elə qurulmalıdır ki, burada böyüyən uşaqlar gələcəkdə cinslərindən asılı olmayaraq, bir şəxsiyyət kimi böyüsünlər. Ailə tərbiyəsi elə bir qarşılıqlı prosesdir ki, burada hər iki tərəfə: valideynlərə də, övladlara da zövq və rahatlıq verməlidir. Ailə hörmətə, etibara və qayğıya möhtacdır. Bunu hər ailə quran gənc bilməlidir. Onlar dərk etməlidir ki, ailə hələ heç də kişi və qadının nigaha girməsi, kişi-qadın münasibəti deyildir. Ailə ana-uşaq, ata-uşaq münasibətləri yaradır. Ailə uşaqlardan başlayır, valideyn bunu dərk etməli və bilməlidir ki, onlar valideyn olmaqla yanaşı, həm də gələcək vətəndaşa nümunə olacaq bir nüfuzlu şəxsiyyət olmalıdırlar.
Bəzən bir sıra valideynlər nüfuz qazanmaq üçün özləri ilə uşaqlar arasında "dəmir sədd" çəkirlər, süni surətdə uzaqlıq yaradırlar. Bu əsasla onlar düşünürlər ki, bununla özlərinə hörmət qazanır və öz nüfuzlarını yüksəldirlər. Bu cür quru, rəsmi münasibət nüfuz deyildir. Yalnız xoş xasiyyətlilik, xoşrəftarlıq və həssaslıq uşaq qəlbində öz canlı əks sədasını tapır. Bir sıra valideynlər isə uşaqları ələ almaqla onlara təsir edirlər. Uşaqlar belə rəftar edən valideynləri zəif və aciz hesab edirlər. Bəzi ailələrdə isə uşaqları əzizləməkləonların şıltaqlıqları ilə oturub durmaqla, onların əvəzinə hər şeyi etməklə və onlardan heç bir şey tələb etmədən uşaqlara münasibət bəslənilir. Kor-koranə valideyn məhəbbətinə əsaslanan bu cür münasibət də ailədə böyüyən uşaqda ərköyünlülük, daş qəlblilik yaradır ki, bununla da onlar valideynlərinə hörmət etmirlər.
Bəzi ailələrdə isə də uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tərzdə, ana başqa cür tərzdə, nənə, baba isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Əslində isə yaxşı ailədə valideyn və övlad arasında səmimi və dostluq münasibəti olmalıdır. Belə ailələr uşağa gündən-günə böyüməkdə olan bir insan kimi baxır və onun ləyaqət və şəxsiyyətinə hörmət edirlər. Valideynlər  uşaqlarına öz həyat təcrübələrini, öz qəlblərinin gözəlliklərini verirlər. Uşaqlar böyüdükcə özləri təcrübə və həyat müşahidəsi əldə edirlər.

Məsələyə münasibət açıqlayan psixoloq Elnur Rüstəmov da hesab edir ki, valideyn məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji narahatçılığa yol açır:

"Biz hər zaman qeyd edirik ki, uşağın problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa  gətirdiyi zaman məlum olur ki, problem uşaqdan çox valideynin özündədir. Bəzi valideynlərin özləri aqressiv, əsəbi olurlar. Ona görə də bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Düzdür, valideynin özünün də müxtəlif qayğıları var. Amma bu, uşağa münasibətdə özünü göstərməməlidir. Bu gün kifayət qədər problemli ailələr var ki, ailədaxili konfliktlər orada böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. Ailədaxili konflikt, boşanmalar bir çox hallarda uşaqlarda zamanla davranış problemləri yarada bilir. Belə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayır, yaxud evdən qaçırlar. Bu uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün ilk növbədə psixoloji yardım göstərilməlidir. Onun cəmiyyətə adaptasiya olunması çox vacibdir. Bəzən isə təkcə uşağa yox, ümumilikdə ailəyə psixoloq dəstəyi lazım olur. Bu gün həll olunmayan problemin sabah daha ciddi bir problemə yol aça biləcəyi istisna olunmur”.

Oxunma sayı 1614