“Xalq küçələrə axışaraq Prezidentin qərarını alqışladı” – Sana Kliç Oydi

14:00 28.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu həftəni İslam və ərəb dünyası həyəcanlı xəbərlə başladı – Tunisdə bir satin içində Prezident tərəfindən parlament və hökumət buraxılıb. Hələ bu azmış kimi, millət vəkillərinin toxunulmazlıq status ləğv edilib ki, günahı olanlar məsuliyyətə cəlb olunsunlar. Bu qanunidir, yoxsa vəzifəli şəxs tərəfindən seçilmiş orqanlara qarşı çevrilişmi, ümumiyyətlə, Prezidentin indiki məqamda bu qərarı verməsi lazım idimi? Axı Parlamentdə və hökumətdə təmsil olunan Ən-Hahda Hərəkatı ölkənin ən iri siyasi cəbhəsidir…

Tunisin Azərbaycanda diplomatik nümayəndəliyi olmadığı üçün, baş verənlərə aydınlıq gətirmək məqsədilə Tunisin rəsmi media quruluşu olan  TAP Xəbər Agentliyinin əməkdaşı xanım Sana Kliç Oydi ilə söhbətləşdim. Ölkəsində baş verənlər barədə gəlin xanım Oydinin öz dilindən eşidək:

- Prezident Qais Sayed iyulun 25-də - bazar günü, Baş nazir Hişam əl-Meşişini vəzifəsindən azad etmək, eləcə də, Xalq Nümayəndələri Məclisini buraxmaq haqda qərar qəbul edib. Bununla da millət vəkillərinin toxunulmazlıq statusu götürüləcək və korrupsiyaya qurşanan, adı rüşvətdə hallananlar cinayət məsuliyyətinə cəlb edilə biləcəklər. Prezident Sayed yeni quracağı keçici hökumətə müvəqqəti baş nazir təyin edəcək. Bütün bunlar tam qanuni şəkildə həyata keçirilir. Tunis konstitusiyasının 80-ci maddəsində hökuməti, parlamenti buraxmaq üçün dövlət başçısına müstəsna hüquq verilib.

- Maraqlıdır, prezindentlə parlament və hökumət arasındakı əsas anlaşılmazlıq nələrdir?

- Bu böhranın kökü 7 il əvvələ uzanır. 2014-cü ildə parlamentlə prezident arasında hibrid bir siyasi sistemi təmin edən yeni konstitusiyanın qəbulundan sonra, Prezident Admnistrasiyası ilə Parlament arasında səlahiyyət bölgüsü məsələsində mübahisə yaşanır. Məhz bu siyasi fikir ayrılıqları üzündən Tunisdə aylardır davam edən siyasi böhran dövlət qurumlarının işinin pozulmasına gətirib çıxardı. Bu da öz növbəsində tunislilərin sosial dolanışığına, yoxsulluq səviyyəsinin artmasına səbəb olub. Problem bununla da bitmir, fikir ayrılıqlarının ölkədə yaratdığı vəziyyət koronavirusdan gündəlik yoluxma sayının artmasına və təbii ki, itkilərin çoxalmasına gətirib çıxarıb. Tunisdə bütün sahələrdə korrupsiya və qanun pozuntuları baş alıb gedir. İş o yerə çatıb ki, parlamentdə fərqli blokları təmsil edən millət vəkilləri arasında mövcud olan siyasi gərginlik bəzi hallarda onların bir-birini təhqir etməsinə, hətta əlbəyaxa olmasına rəvac verib. Parlamentdə daxili nizam-intizam tam pozulmuşdu, bəzən iclaslar belə keçirilmirdi.

- Sizin də sözlərinizdən aydın olur ki, problem uzun müddətdir mövcuddur. Görəsən Prezident Sayed əvvəllər Baş nazirlə bütün bu xoşagəlməzlikləri həll etmək üçün hər hansı şəkildə danışıqlar aparıb?

- Hə, əlbəttə. Hər halda rəsmi məlumatlarda deyilir ki, Prezident Sayed qərar qəbul etmədən öncə bununla bağlı Baş naziri və Xalq Nümayəndələri Məclisinin sədrini məlumatlandırıb. Yalnız bundan sonra konstitusiyanın 80-ci maddəsinə əsaslanaraq məlum qərara imza atıb. Bu zərurətdir, çünki dövlətimiz təhlükə qarşısındaydı.

- Fərqli xarici media mənbələrinin məlumatlarını izlədim. Qənaətim bu oldu ki, Prezidentin bu qərarı qəfil verib, hətta o qədər gözlənilməz olub ki, hökumət və parlament üzvləri şoka düşüb…

- Parlamentin sədri və eyni zamanda Ən-Nahda Hərəkatının lideri Raşid əl-Gannuşi prezidentin bu qərarından təəccübləndiyini və Sayedin onlar haqqında verdiyi tövsiyələri inkar edir. O və komandası belə düşünür ki, baş verənlər qanunlara, konstitusiyaya və seçilmiş qurumlara qarşı zərbədir, qəbul edilən qərar ləğv olunmalıdır. Buna baxmayaraq, məlum qərar veriləndən bir gün sonra Baş nazir Hişam əl-Meşişi öz açıqlamasında bildirdi ki, Tunisdə vəziyyəti ağırlaşdıracaq hər hansı pozucu elementin bir parçası olmayacaq. Hişam əl-Meşişi, Tunis xalqının tələblərinə boyun əyəcəyini, qayda-qanunlara uyacağını və öz yerini qanunlar çərçivəsində, Prezidentin təyin etdiyi müvəqqəti Baş nazirə təhvil verəcəyini bildirib. Buna baxmayaraq, o, hər zaman ölkəsinin və xalqının inkişafı üçün əlindən gələni edəcək.

- Sadə Tunis xalqı baş verənlər barədə nə düşünür?

- Tunis xalqı Nümayəndələr Palatasının buraxılmasına və Baş nazirin istefaya göndərilməsə ciddi dəstək verdi. Tunisdəki bir neçə siyasi partiyanın da iştirakı ilə, yüzlərlə insan əllərində Tunis bayrağı küçələrə axışaraq, Prezidentin qərarını alqışladı. Bu da göstərdi ki, prezident Sayed məhz kütlənin istəyinə uyğun addım atıb. Xalq xüsusilə də Parlamentin buraxılmasından və millət vəkillərinin toxunulmazlığının ləğvindən çox məmnundur. Tunislilər ümid edirlər ki, Prezidentin məlum qərarından sonra, ölkədə yeni seçiləcək parlament və qurulacaq hökumət Tunisin bütün sosial problemlərini aradan qaldıracaq, gündən-günə artan və indiyədək on minlərlə insanın yaşamına son qoymuş koronavirusa yoluxma hallarının qarşısını ala biləcək.

- Hazırda bütün səlahiyyətlərin bir əldə cəmlənməsinə münasibət necədir?

- Təşkilatlar və partiyalar, məlum qərarın qanunlar çərçivəsində tətbiq olunması şərti ilə dövlət başçısına dəstək verdiklərini bildiriblər. Amma onlar, eyni zamanda qanunverici, icraedici və məhkəmə hakimiyyətinin olmasına baxmayaraq, diktatura meydanına sürüklənə biləcəklərindən narahatlıqlarını da ifadə ediblər. Məlumat üçün deyim ki, hazırda bütün səlahiyyətlər Prezidentin əlindədir…

Oxunma sayı 3043