XVIII əsrə aid tarixi qəsr 1 avroya satılır

09:30 29.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Kotka şəhərinin hakimiyyəti tarixi Kyminlinna (Kümeneqorod) qəsrini dövlətə məxsus Senat Properties şirkətindən 1 avroya alıb. Yle-nin məlumatına görə, rus komandir Aleksandr Suvorovun əmri ilə XVIII əsrin sonlarında inşa edilən tikili ictimai yerlərə, kafelərə və muzeylərə çevriləcək.

Hafta.az-ın yazdığına görə, 50 hektarlıq qala ərazisində 20-yə yaxın tikili var. Kotka Bələdiyyəsinin şəhərsalma direktoru Markku Hannonen bildirib ki, hazırda bələdiyyəyə aid olan Kyminlinna mərhələli şəkildə turist ziyarətlərinə açılacaq. Əvvəlcə bələdçili turlar təşkil olunacaq, daha sonra əraziyə istiqamət göstərən nişanlar və piyada yolları əlavə olunacaq.

Finlandiya Maliyyə Nazirliyi qalanın tam bərpası xərclərini 18 milyon avro qiymətləndirib. Əvvəllər qalaya sahib olan Senat Properties onun saxlanmasına ildə təxminən 200 min avro xərcləyirdi. Şirkətin Kyminlinnanı satmaq istədiyi xəbəri 2023-cü ildə Fin mətbuatında yer alıb.

Kyminlinna qalası XVIII - XIX əsrlərin kəsişməsində, o vaxtkı Rusiya-İsveç sərhədində tikilib. O dövrdə qala Aleksandr Suvorovun qərargahı kimi xidmət edirdi. Sonralar Kyminlinna yaxınlığında salınan qəsəbə çar II Aleksandrın əmri ilə şəhər statusu alıb və Kotka adlandırılıb. Rus qarnizonu 1917-ci ilə qədər qalada yerləşdirilib. 1939-cu ildən 2005-ci ilə qədər qala Finlandiya hərbi birləşmələri tərəfindən istifadə edilib. Daha sonra Kyminlinna bağlanıb. Qalanın içində zabitlər məhəlləsi və bir neçə kazarma var.