Yarasaların sayının azalması uşaq ölümlərini artırır

09:55 09.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib. Yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edir.

Hafta.az-ın “Smithsonian Magazine”a istinadən yazdığına görə, yarasalar bir çox insana qaçınılması lazım olan qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında mühüm rol oynayırlar.

Bir yarasa hər gecə minlərlə həşərat yeyir. Bu, tarlalarda pestisidlərə ehtiyacı xeyli azaldır.

Digər tərəfdən, ABŞ-da yarasa populyasiyası təxminən 20 ildir “ağ burun” sindromu adlı xəstəliklə mübarizə aparır.

Təxminən 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya gətirildiyi güman edilən Pseudogymnoascus destructans göbələyinin yaratdığı xəstəlik insanlara təsir etmir, ancaq yarasaları öldürə bilir. Bir koloniyaya yoluxduqda bütün qrupu məhv etmək gücünə malik olan göbələk hazırda ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində rast gəlinir.

Çikaqo Universitetinin ekoloji iqtisadçısı Dr. Eyal Frank təəccüblü bir araşdırma aparıb və yarasa populyasiyasının azalması ilə uşaq ölümü arasında əlaqəni ortaya qoyub.

“Science” jurnalında dərc edilən araşdırmada, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərin istifadəsinin 31 faiz artdığı qeyd edilib. Pestisidlərin hava və su ilə qarışa biləcəyi və insan sağlamlığına təsir göstərə biləcəyi biliklərinə əsaslanaraq, Dr. Frank bu maddələrdən istifadənin artdığı bölgələrdə uşaq ölüm nisbətlərini digərləri ilə müqayisə edib. Bildirilib ki, “ağ burun” sindromu nəticəsində yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadənin artması nəticəsində uşaq ölümləri 8 faiz artıb. Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.

Tədqiqatçılar ölümlərə başqa səbəb olmadığından əmin olmaq üçün narkotiklər, valideyn işsizliyi, geni dəyişdirilmiş bitkilər və hava kimi amilləri də nəzərə alıblar. Lakin o, bu ölümləri yarasa populyasiyasının azalmasından başqa heç nə ilə əlaqələndirə bilməzdi.

“The Washington Post” qəzetinə yeni araşdırması haqqında danışan Dr. Frank deyir: "Yarasalar uzaq durmağı üstün tutduğumuz, lakin ekosistemlərdə həqiqətən təsirli rol oynayan bir növün gözəl nümunəsidir".

Dr. Frankın iştirak etdiyi başqa bir araşdırma Hindistanda quzğunların ölümü, çürüyən heyvan cəmdəklərinin suyu çirkləndirdiyini və vəhşi təbiətdə itlərin sayının artmasına səbəb olduğunu, xəstəliyin və quduzluğun yayılmasına və ən azı 500 min insanın ölümünə səbəb olduğunu müəyyən edib.

Beynəlxalq Yarasaların Mühafizəsi Təşkilatından Dr. Uinfred Frayk “New York Times” qəzetinə verdiyi açıqlamada heyvanların dəyərli “ekosistem xidməti” təqdim etdiyini söyləyərək deyib ki, onlar bu xidmətləri lazımınca qiymətləndirmir.

British Columbia Universitetindən ətraf mühit üzrə iqtisadçı Dr. Frederik Noack qeyd edir ki, körpələrin pestisidlərə necə məruz qalması və doğum çəkisi kimi sağlamlığa başqa hansı təsirlərin baş verməsi kimi suallar cavabsız qalır.

Bard Kollecindən Dr. Felicia Kising, birbaşa məlumat əldə etmək üçün sahə tədqiqatlarının lazım olduğunu söyləyərək əlavə edib: "Əsas məlumatları görmədən bu əlaqələri dəstəkləyən sübutların gücünü qiymətləndirə bilmərəm, lakin burada təsirlər üçün edilən təxminlər heyrətləndiricidir. Bu araşdırma yarasaların nəslinin kəsilməsinin nəticələrinin yalnız bir neçəsini əhatə edir və yarasalar itirdiyimiz növlərdən yalnız biridir".