Konqo Demokratik Respublikasının şimal-qərb hissəsində yerləşən Ekvator bölgəsində naməlum xəstəlik yayılıb. Bölgədəki həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yanvarın 21-dən yayılmağa başlayan xəstəlikdən 53 nəfər ölüb, ümumilikdə 419 nəfərdə simptonlar aşkarlanıb.
Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatının Afrika Ofisi ilk epidemiyanın Boloko şəhərində yarasa dişləməsi və hemorragik qızdırma əlamətləri göstərən 3 uşağın 48 saat ərzində ölməsindən sonra başladığını, ikinci epidemiyanın isə fevralın 9-da Bomate qəsəbəsində baş verdiyini açıqlayıb. Bikoro Xəstəxanasından Serj Nqalebato bildirib ki, əksər hallarda simptomların başlaması ilə ölüm arasındakı müddət cəmi 48 saatdır, bu da narahatlıq doğurur.
Ötən il ölkənin fərqli bölgəsində onlarla insanın ölümünə səbəb olan müəmmalı qripə bənzər xəstəliyin böyük ehtimalla malyariya olduğu bildirilib.