Yenidənqurma işləri külli miqdarda dövlət vəsaiti tələb edir – Millət vəkili

17:53 19.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Füzuli rayonuna səfəri erməni faşizmi üzərində tarixi qələbəmizin ildönümünə təsadüf edir. Bu səfər xüsusi məna daşımaqla çox əhəmiyyətlidir. Çünki cənab prezident artıq bir il ərzində bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfər edib, görülən işlərin gedişi ilə yaxından tanış olub, bir çox təməlqoyma mərasimlərində iştirak edib, həm də qarşıda duran vəzifələrin aydın proqramını həm icraçılara, həm də xalqımıza çatdırıb. Füzuliyə səfər də bu baxımdan xarakderikdir, çünki ölkə başçısı öz çıxışında xatırlatdı ki, mən rayonun bizdə olan hissəsinə hələ qələbədən əvvəl dəfələrlə gəlmişəm. O, bildirdi ki, artıq 12-ci dəfə Füzuli rayonunda oluram. Prezident çıxışı zamanı Horadizdə görülmüş işlərə diqqəti cəlb etdi, eləcə də işğaldan sonra həyata keçirilmiş bir çox tədbirləri nəzərə çatdırdı. Əlbəttə ki, bu işlər möhtəşəmdir, əhatəsinə, daşıdığı əhəmiyyətə görə çox qiymətlidir”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Füzulidə beynəlxalq hava limanının az bir zamanda istifadəyə verilməsi Azərbaycan üçün çox böyük önəm daşıyır: “Bu hadisə nəinki ölkəmiz üçün, eləcə də regionda böyük əks-səda yaradıb. Sözsüz ki, prezidentin sonuncu səfəri də öz əhəmiyyətinə, Füzulinin gələcək inkişafına görə xarakterik olmaqla bərabər, həm də ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə böyük qayğı və diqqətinin bir nümayişidir. Cənab prezident, eləcə də xanımı Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etdilər. Füzulidə yaradılacaq mərkəzi şəhər parkında ağac əkdilər və gələcəkdə bu parkın çox möhtəşəm olacağını bildirdilər. Digər tərəfdən, şəhər sakinləriylə, hərbiçilərlə, ziyalılarla görüşdülər və bu görüş olduqca səmərəli keçdi. Cənab prezident görüşdə gələcəkdə rayonda görüləcək tədbirlərə böyük əhəmiyyət verildiyini bildirməklə burada çoxmərtəbəli yaşayış məhəlləsinin salınacağını da diqqətə çatdırdı. Digər tərəfdən, prezident İlham Əliyev çox keçmədən “Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” mühüm sərəncam imzaladı. Bu onu göstərir ki, ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərin gələcəkdə özünün də söylədiyi kimi cənnətə çevrilməsi arzusundadır və bu arzu, istək hazırda real işlərdə öz əksini tapır”.

T.Rzayev onu da vurğulayıb ki, azad olunmuş ərazilərdə yenidənqurma işlərinin sürətlə aparılması Azərbaycanın gücünü və qüdrətini bir daha ortaya qoyur: “Yenidənqurma işləri külli miqdarda dövlət vəsaiti tələb edir. Müharibənin doğurduğu çətinliklər, eləcə də pandemiyanın yaratdığı ağrılı günlər sözsüz ki, Azərbaycan iqtisadiyyatına da müəyyən qaydada öz təsirlərini göstərmişdi. Ancaq ölkə rəhbəri dəfələrlə xatırlatmışdı ki, Azərbaycan iqtisadiyyatı davamlı və möhkəmdir. Ona görə də istər pandemiya dövründə, istərsə də 44 günlük müharibədə Azərbaycan iqtisadiyyatı çökmədi. Ölkəmizdə istər ərzaq, istərsə də iqtisadi problem yaranmadı. Bu ondan xəbər verir ki, ölkə rəhbəri hakimiyyətdə olduğu illər ərzində Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi,eləcə də möhkəm iqtisadi bazanın yaradılması üçün lazımi tədbirlər görmüş və qarşıda duran çətinliklər düşünülmüş şəkildə nəzərə alınmışdır. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatı möhkəm, davamlı olmasaydı biz müharibədə öz sözümüzü deyə bilməzdik. Və qələbəni təmin etmək mümkün olmazdı. Çünki müharibə ağır iqtisadi çətinliklər yaratmaqla bərabər, həm də külli miqdarda vəsait tələb edir. Azərbaycan prezidenti hər dəfə xatırladırdı ki, əgər biz iqtisadiyyatımızı möhkəmləndirsək, ordumuzu müasir silahlarla təmin etsək, əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaratsaq, xalqımızın həmrəyliyinə nail ola bilsək, mütləq düşmən üzərində qələbə çalmağa qadirik. Sözsüz ki, bu deyilənlər 44 günlük müharibədə özünün aydın ifadəsini tapdı. Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti, ölkə rəhbərinin düşünülmüş siyasəti tarixi qələbələrimizə yol açdı. Cənab prezident bu gün yerlərdə olarkən çox böyük inamla səsləndirir və bildirir ki, biz qələbələrimizi təmin etmişik, ancaq bundan sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini sürətlə davam etdirməliyik. Və onu da qətiyyətlə bildirir ki, heç bir qüvvə, heç bir yad meyllər bizim işlərimizin, gördüyümüz tədbirlərin qarşısını ala bilməz. Bu dəfə Füzülidə olarkən ölkə rəhbəri bir daha səsləndirdi ki, biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Təbii ki, bu ifadələr hər birimizim qəlbindədir, çünki 30 il işğal altında olan torpaqlarımızın ağrı-acısını çəkmiş xalqımız bu gün qürurludur, vüqarlıdır, öz prezidenti ilə bərabərdir. Əlbəttə ki, bu birlik bizi daha uğurlu, daha aydın gələcəyə aparacaqdır”.   

Oxunma sayı 51