“Yunanlar başa düşdülər ki, Azərbaycan öz torpaqlarını azad edib” – Rəşid Məmmədov

17:30 03.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Yunanıstandakı diaspor təşkilatının rəhbəri, “Qala” Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla Bakıda görüşüb, söhbətləşdik. Avropa ölkəsində gördüyü işlərdən, irəlidə reallaşdırmaq istədyi layihələrdən, xalqlarımız arasındakı əlaqələrdən söz açdıq. Hə, diaspor sədri hətta məni Yunanıstanda yaşayan azərbaycanlıların təşviqinə və təşkilatlanmasına media dəstəyi verdiyimə görə diplomla da mükafatlandırdı...

Son iki ildir Yunanıstanın Azərbaycanla soyuq münasibətlərinin, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Afinanın nümayişkaranə şəkildə Ermənistanı dəstəkləməsinin səbəbini soruşdum Rəşid müəllimdən. Cavab verdi ki, məlum olanlar sadəcə siyasi sferadakı anlaşılmazlıqların göstəricisidir. Reallıqlar isə fərqlidir. “Siyasət başqa, sadə adəmların nə düşünməsi tamam başqa. Ola bilər ki siyasət sferasında bəzi anlaşılmazlıqlar mövcuddur. Problemlər var və bunları mətbuat da yazır - hamıya bəllidir. Dövlət başçısının da bu məsələni vurğulaması başadüşüləndir və alqışlanmalıdır. Sadə yunan cəmiyyətinin mövqeyinə gəlincə, heç bir düşmənçilikdən söhbət gedə bilməz. Nə Azərbaycana, nə də Türkiyəyə qarşı cəmiyyətin münasibətində heç bir mənfi təzahür özünü göstərmir. Bu gün yunan xalqı Türkiyəyə, türklər də Yunanıstana səfərlər edir, iş adamları arasında geniş əlaqələr mövcuddur və sair. Ötən ay Türkiyənin Yunanıstandakı – Salonikdəki Baş konnsulluğunda tədbir vardı, yunan iş adamlarının orada iştirakının şahidi oldum. Kənardan baxanlar siyasi müstəvidə ab-havanı fərqli görə bilər, amma əslində göründüyü kimi deyil. Mən xalqlarımız arasında sıx ünsiyyətin mövcudluğunu alqışlayıram”, - deyir müsahibim.

Amma buna baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi zamanı Yunanıstanın, eləcə də Kiprin Ermənistana hətta hərbi dəstək verəcəklərinə dair bəyanatlarını çox eşitdik. Yəni Azərbaycan Yunanıstana bu qədər yad ölkəymişmi?

R.Məmmədov deyir ki, yunan cəmiyyətinin böyük qismi Ermənistan - Azərbaycan probleminin mahiyyəti barədə heç nə bilmir. “Təsəvvür edin ki, 1988-ci ildən başlayaraq Ermənistandan 100 minlərlə azərbaycanlının ev-eşiklərindən qovulması barədə yunanların məlumatı yoxdur. Hətta dəfələrlə olub ki, həmsöhbətim olan yunanlara sübut üçün sənədimi göstərmişəm ki, baxın, mən də Ermənistandan qaçqın düşmüşəm. 1988-ci ilədək orada yaşamışam, sonradan qaçqın düşüb gəlmişəm Yunanıstana. Hətta Bakıda olduğum bu günlərdə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos ilə görüşdüm. Səfirin də diqqətinə çatdırdım ki, Ermənistandan qaçqın düşmüşəm və hazırda Yunanıstanda yaşayıram. Ona da çox maraqlı gəldi...”, - deyir diaspor sədri.

R.Məmmədov bildirir ki, Azərbaycanın düşmənlə 44 günlük uğurlu müharibəsi və sonunda işğal altındakı torpaqlarımızın geri qaytarılması hadisəsinə Yunanıstanda birmənalı münasibətin olmamasının ən böyük səbəbi bu ölkədə çox böyük erməni icmasının yaşamasıdır: “Bilirsiniz, hazırda Yunanıstanda çox sayda ermənilər yaşayır. Onların dövlət üzərində güclü təsir imkanları mövcuddur. Müharibənin ilk başında hökuməti inandırmışdılar ki, Qarabağda din müharibəsi gedir, ermənilər öldürülür və sair. Amma vaxt keçdikcə yunanlar başa düşdülər ki, heç də elə deyilmiş, Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayıb və ermənilər buna yalandan din donu geyindiriblər”.

Bəs yunan mediası necə işıqlandırdı, nələr yazdı bu haqq davamızdan? Müsahibimiz deyir ki, müharibədən sonra yunan mediasından bir xanım jurnalist gəlmişdi Azərbaycana, Şuşaya da getmişdi və çox yaxşı reportaj hazırlamışdı. Hər şeyi olduğu kimi, bütün tikililərin dağıdıldığını, infrastrukturun yox edildiyini, məzarların qazıldığını – hər şeyi necə görmüşdüsə, yazmışdı. Məqalə yunan cəmiyyətində səs salıb, hətta Azərbaycan səfirliyi də həmin yazını öz səhifəsində paylaşıb.

Qarabağdan söz düşmüşkən, bu gündlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə diaspor nümayəndələrinin də Şuşaya səfəri təşkil olunmuşdu. Təəssüratlarını bölüşən müsahibim deyir ki, 30 illlik ayrılıqdan sonra Vətənin Şuşa kimi cənnət şəhərinə ayaq basdığı üçün çox xoşbəxtdir. Amma ürəyinin dərinliyində həm də kədərlidir. Çünki azad edilmiş torpaqlarda nə bir salamat ev gördü, nə başqa tikili...

R.Məmmədov bildirir ki, həftə sonu Yunanıstana qayıdacaq və görüb, şahidi olduğu bütün bu reallıqlar əsasında yunan dilində məqalə hazırlayıb, dərc edəcək.

Diaspor sədrindən cəmiyyətin ofis problemlərinin nə yerdə qaldığını soruşdum. Dedi ki, xırda sosial problemlər idi, sağ olsun Komitə rəhbərliyini, danışıb yoluna qoyublar. “Gələcəyə daha umidlə baxmalıyıq. Bir sıra proqramlarımız var, inşallah irəlidə görəcəyimiz faydalı işlər olacaq. Nəzərə alaq ki, Azərbaycanın Yunanıstanda fəaliyyət göstərən yeganə diaspor təşkilatı məhz bizim “Qala” Dostluq Cəmiyyətidir. Hazırda ölkədə yaşayan təxminən 550 nəfərlik azərbaycanlı icması ilə daima ünsiyyət qurmağa çalışırıq. Belə deyək: biz bir ailə kimiyik. Bəzən əlamətdar günlərdə cəmiyyətimizin ofisində toplaşırıq və sair. Özü də tək azərbaycanlılarla deyil, həm də Yunanıstanda yaşayan yerli türk əhali ilə də əla münasibətlərimiz mövcuddur”, - deyir müsahibimiz.

Bu arada, cəmiyyət Azərbaycan həqiqətlərini Yunanıstan cəmiyyətinə çatdırmaq üçün yerli media ilə sıx əlaqələr qurub. Təşkilar rəhbərinin sözünə görə, Yunanıstanda yayımlanan “Karfitsa” xəbər saytı ilə ilyarımdır ki, əməkdaşlıq edirlər və orada ayda 2-3 dəfə məqalələr yayımlayırlar.

“Əgər Yunanıstanda pandemiya ilə əlaqədar sərt məhdudiyyətlər qoyulmasa, səfirliyimizin nümayəndələrinin, buradakı azərbaycanlıların və yunan ziyalıların iştirakı ilə Nizami Gəncəvinin 880 illiyini qeyd edəcəyik” deyən R.Məmmədov Azərbaycanın Afinadakı səfilriyi ilə də sıx əlaqələrinin olmasını bir başqa uğur adlandırır. O, hətta dünyanın hər yerindəki diaspor təşkilatlarımızla səfirliklərimiz arasında, məhz “Qala” Dostluq Cəmiyyəti ilə Azərbaycanın Afinadakı səfiriyi arasında münasibətlərin eynisinin olmasını arzulayır...

Oxunma sayı 2778
Siyasət rubrikasından digər xəbərlər