Zəngilan azadlığını 28 il arzulamışıq – Müsahibə

11:07 21.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Erməni daşnaqları havadarlarının “xeyir-duası” ilə hərbi dəstələrlə rayonun Seyidlər, Ağkənd, Qazançı, Kürdışlaq, Canbaq, Peri,  Koroğlu, Yuxarıyeməzli kəndlərində, onun dağlarında təxribat işləri aparırdı

Zəngilan rayonunun Dəmir Yumruğun gücü ilə işğaldan azad olunduğu günü qeyd etdik. Tarix unudulmur, səhvləri, doğruları ilə yazılır... Bu istiqamətdə hafta.az-a müsahibə verən ehtiyatda olan polkovnik-leytenant, 10 noyabr 1991-ci ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və Zəngilan rayon ərazi özünümüdafiə taburunun - 806 saylı hərbi hissənin komandiri olmuş Bayram Məmmədov Zəngilanın o ağır və bu xoşbəxt günündən danışdı...

- Bayram müəllim, Zəngilan işğaldan azad olundu. Şükür edirik...

- Zəngilanın azad olunması bizim 28 illik arzumuz idi. Bu, müzəffər Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi ilə baş verdi.

Ölkə əhalisi buna çox sevindi. Zəngilan təkrarolunmaz yeraltı və yerüstü təbiətə, qədim tarixə malikdir.  Digər rayonlar kimi, Zəngilan da erməni qəsbkarları tərəfindən amansızcasına tarimar edilib.  

- Zəngilanın 30 ilə yaxın bir işğal müddəti də var. Bu tarixə nəzər salarkən hansı amillərin üzərində dayanardız?

- 1980-ci illərin sonunda mənfur düşmənlə üz-üzə qalan Azərbaycanda müharibə alovlanırdı. Bu proses Dağlıq Qarabağdan başlayaraq digər rayonları da əhatə etdi.  Azərbaycanın ən ucqar rayonu olan Zəngilan rayonu da  bu işğal faktı ilə üzləşdi. Erməni daşnaqları havadarlarının “xeyir-duası” ilə hərbi dəstələrlə rayonun Seyidlər, Ağkənd, Qazançı, Kürdışlaq, Canbaq, Peri,  Koroğlu, Yuxarıyeməzli kəndlərində, onun dağlarında təxribat işləri aparırdı. Müasir silahlardan, avtomatlardan, qrantlardan istifadə edərək əhali arasında vahimə yaradırdı. Bir çox hallarda isə dinc əhalini girov götürür, insanlığa yaraşmayan iyrənc hərəkətlər edirdilər. Belə bir çətin dövrdə Azərbaycan dövləti müstəqilliyə doğru ilk addımlarını atırdı. Azərbaycanın ordusu yox idi və o dövrün rəhbərliyi ordunun yaradılmasını çətinləşdirirdi.

- Çətinlik nədə idi?

- Qeyd edim ki, Zəngilanın ərazi üzrə ilk müdafiə taborunun komandiri mən olmuşam.  Zəngilanla bağlı çox faktları bilirəm...

...Uzun müzakirələrdən sonra qərara alındı ki, Azərbaycanda ordu yaradılsın. Vəziyyət, sanki haradansa idarə olunurdu, hər vasitə ilə ordunun yaradılması işini ləngidirdilər. 1991-ci ilin avqust ayında bu məsələ bir qədər sürətləndi. Mən Politologiya İnstitunu fərqlənmə ilə bitirib rayona qayıtmışdım.  1991-ci il avqustun 1-də  Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin sədr müavini təyin edildim. Bildiyimiz kimi, Zəngilan İranla, eyni zamanda Ermənistanın ərazisindəki Mehri və Qafanla həmsərhəddir.  Sərhəd kəndlərin əhalisinin təhlükəsizliyini təmin etmək lazım idi. Rayonda SSRİ daxili qoşunların hissələri var idi. Mən vəzifəyə başlayanda  artıq ayrı-ayrı rayonların hamısında  əhali əldə elədikləri silahlarla ov tüfəngləri ilə növbə çəkirdi.  Nəhayət, qərara alındı ki, ordu yaransın. Noyabr ayında Valeh Bərşadlı müdafiə naziri təyin olunmuşdu.  Dadaş Rzayev Azərbaycan Respublikasının Ərazi Özünümüdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu. Nə qərargah var idi,  nə texnika, nə maddi-texniki baza. Nəhayət,  sentyabr ayının ortalarından artıq Zəngilan rayonunda bu işlə intensiv şəkildə məşğul olmağa başladıq. 144 nömrəli Zəngilan Peşə Məktəbi ərazi üzrə müdafiə taborunun bazasının yaradılması üçün ayrıldı. O dövrdə Zəngilan Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsinin sədri Zakir İbrahimov idi. Olduqca vətənpərvər insan idi. Əlindən gələn hər şeyi elədi. Açığını deyim, Zakir İbrahimovun rəhbərliyi ilə bu işi Zəngilanda çox yaxşı qurduq.  Demək olar ki, ərazi üzrə müdafiə taborunu formalaşdırmışdıq.  Oktyabrın ortalarında sərhəd rayonundan olan komandirləri  müdafiə nazirliyinə topladılar.  Valeh Bərşadlı axırda bizimlə görüş keçirdi.  Orada Laçından Arif Paşayev,  Qubadlıdan Əlyar, Dağıbəy,  Zəngilandan mən, Goranboydan Maşallah Abdullayev... Əsasnamə hazırlasalar da, nədənsə bir şey alınmadı.  Yəni  ərazi müdafiə taborunun yaradılması işi çox çətin, mürəkkəb şəraitdə getdi. Bütün bunların hamısı bizim o dövrdəki rəhbərliyin  ordunun yaradılmasna, müdafiə sisteminin qurulmasına  biganə yanaşmaları idi. Ovaxtkı rəhbərlik Ayaz Mütəllimov idi,  Baş nazir  Həsən Həsənov.  Onlar bir neçə dəfə Ali Sovetdə toplaşıb milli qvardiya yaratmaq istədilər, hər vəchlə ordu quruculuğunu ləngitdilər.

- Niyə Ordunun yaranması bu qədər ləngidi?

- Ermənilər hər yerdə vəzifələrdə idi. Təsəvvür edin, Valeh Bərşadlı kimi hərbi sərkərdə strategiya, taktikanı çox gözəl bilən adam, bu sahədən uzaqlaşdırılmışdı. O, Alman Qoşunları Qrupunun müavini olmuşdu. Bu insanı ermənilərin təkidi ilə vaxtından qabaq istefaya  göndərmişdilər. O vaxt ulu öndərimiz Heydər Əliyev onu Bakıya dəvət eləmişdi. İndiki Naxçıvanski adına liseyin direktoru qoymuşdu. Əvvəlcə isə Bakı Ümumqoşun Məktəbinin komandiri təyin etdirmişdi.  Bugünkü qalib ordumuz Heydər Əliyevin dəstəyi nəticəsində  yaradılan o məktəbdən çıxmışdı. Heydər Əliyevin Naxçıvan liseyini yaratması, sonradan Ali Ümumqoşun Komandirlər məktəbinin  şəbəkəsini genişləndirməsi, oranın milli kadrlarla möhkəmləndirilməsi çox şeyi dəyişdi. Heydər Əliyev Valeh Bərşadlıya göstəriş vermişdi ki, harada azərbaycanlı hərbçi var yığın, toplayın.  Bizi məğlub edən 91-ci ilin rəhbərliyi isə daha çox Mərkəzə xidmət edirdi.  Ermənilər də bundan çox məharətlə istifadə elədi.

Təsəvvür edin ki, Bakıda Zaqafqaziyanın qoşun qrupları var idi.  Hərbi Hava Qüvvələrinə rəhmətlik Ağa Hüseynov komandanlıq edirdi. Əgər qanuni şəkildə işləsəydilər,  heç bir xərc çəkmədən Azərbaycan qısa müddətdə öz ordusunu yarada bilərdi. Yəni bu şans əldən verildi.  Nəticədə, torpaqların işğal edilməsi baş verdi, uğursuzluğa düçar olduq. Ermənilər Azərbaycanı gözəl tanıyırdılar. 40 min erməninin Azərbaycanda yerləşməsi də ermənilərin hər nöqtəmizi yaxşı bilməsi idi. Bu 30 ildə Azərbaycan, demək olar ki, dağılmaq ərəfəsində idi.  Heydər Əliyevin hakimiyyətə qayıdışı, yenidən seçilməsi vəziyyəti dəyişdi. Heydər Əliyev bütün qüvvəsini düşməni dayandırmaq işinə sərf elədi. Ondan sonra İlham Əliyevin Prezident seçilməsi ilə müasir ordu daha da müasirləşdirildi.

- Azərbaycana qarşı xaricdən yönələn təsirlər, ölkə daxilindəki əks-qüvvələrin “tərk-silah” edilməsi, eləcə də daxili-xarici siyasətimizdəki vəziyyət nə dərəcədə balanslaşdıra bilib? 

- Ölkə başçısının yeritdiyi düzgün siyasət nəticəsində xalqla rəhbərliyin birliyi, eyni zamanda siyasi partiyalara dialoq mühiti yaradıldı və bu istiqamətdə də böyük işlər görüldü.  Bütün partiyalar prezidentin siyasətini dəstəklədi. Qarabağ məsələsində ayrı-seçkilik olmadı. Biz bunu 44 günlük müharibə gedən dövrdə də gördük.  Bütün partiyaların liderləri çıxış etdi, həmrəy oldular, çünki bu, hamının arzusu idi. Dəmir Yumruqla düşmənin başı əzildi. Bu gün isə bizim qarşımızda duran əsas məsələ sülh sazişidir. O proses gedir. Prezident bütün rayonlara səfərlər etdi, rayonlarda bayraqlar qaldırıldı və yeni quruculuq işlərinə başlanıldı.  Şükür ki, Füzuli Beynəlxalq Aeroportu hazırdır.  Zəngilanda çox intensiv şəkildə işlər gedir. Zəngilanın Ağalı kəndində 200 ailə üçün evlər tikilib. İlin sonuna  böyük köç olacaq. Kəlbəcərdə, Laçında hava limanlarının tikilməsi, kiçikhəcmli SES-lərin yaradılması böyük perspektivlərdən xəbər verir.  Bu torpaqların hamısı var-dövlətdir. Füzuli, Kəlbəcər, Zəngilan, Ağdam, Laçın, Qubadlı mineral ehtiyatları ilə zəngindir. Vaxtilə Ağdam taxıl istehsalına görə Azərbaycanda 1-ci yeri tuturdu.

- Bayram müəllim, adını çəkdiyiniz o rayonların sırasında Xocalını, Xankəndini, Ağdərəni nə vaxt görəcəyik?

- Proseslər gedir. Hər bir məsələni açıqlamaq olmur. 30 il ərzində yığılıb qalan istəyimiz 44 gün ərzində həll olundu. Bu gün dövlət səviyyəsində proseslər gedir, inanıram ki, öz bəhrəsini verəcək. Bizim o torpaqlarda gürcü də, malakan da, rus da, erməni də yaşayıb. O torpaqların hamısı bizimdir. Erməni yaşayırsa, bu o demək deyil ki, həmin yerlər erməni torpağıdır.  Yəqin ki, yaxın zamanlarda o yerlərdə də Azərbaycan Bayrağı dalğalanacaq, qanunlarımız işləyəcək.  

Nəhayət, bir daha deyim ki, Zəngilan azad olunan gün özümü dünyanın ən xoşbəxti hesab elədim.  Bütün zəngilanlıları təbrik edirəm. İnşAllah, işğaldan azad edilən rayonlarımızda başlanan quruculuq işləri başa çatandan sonra xalqımız gedib o cah-cəlalda – Zəngilanda  o gözəlliyi duyacaq,  zəngin torpağın varından istifadə edəcək.

Oxunma sayı 35