Ziyanı xeyrindən çox nüvə reaktorları - Araşdırma

17:35 19.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir həftə öncə İranın İsfahan vilayətində yerləşən Natanz nüvə reaktorunda baş verən qəza və ya hansısa formada hücum nəticəsində yaranan ciddi təhlükə, istənilən vaxt insanların bu cür vəziyyətdə qala biləcəyini isbatlayır. Necə ki, tam bir həftə sonra 25 illiyi anılacaq dəhşətli Çernobıl faciəsi də gecənin bir yarısında. Insanlar şirin yuxuda yatarkən gözlənilmədən ölüm saçdı. Həmin andan başlayaraq sonrakı aylar və illər ərzində qeydə alınmış ölüm halları, BMT tərəfindən aparılmış araşdırmada 4 min, “Greenpeace”nin araşdırmasına əsasən isə 200 min göstərilir.

Əlbəttə, Çernobıl coğrafi müstəvidə Azərbaycandan çox uzaqda yerləşsə də, həmin zaman Ukrayna ilə bizi birləşdirən sovet bayrağı məcbur etdi ki, heç bir hazırlığı olmayan mülki azərbaycanlılar qəza yerində “xilasetmə” işləri ilə məşğul olsunlar. Təbii ki, bu prosesə cəlb olunmuş 7 min azərbaycanlının sağlamlığı əlindən alındı, onlardan iki min nəfəri artıq həyatda yoxdur və qalanlar da əlil vəziyyətində həyatlarını davam etdirmək üçün ölümlə çarpışırlar.

Ən yaxınlar…

Yenə İrana qayıdaq: Natanz nüvə reaktorunun (Buşehr-1) tam gücü 1000 MVatt-dır. Nəzərə alsaq ki, Bakıdan İsfahana olan məsafə cəmi 1097 kilonmetrdir və ilin müəyyən dövründə İsfahanı da əhatə edən İran səhraları üzərində yaranan hava axınları Azərbaycan ərazisinə daxil olur, orada baş verə biləcək potensial qəzanın və ya partlayışın ağır nəticəsini biz də yaşamağa məcbur olacağıq.

Bir məsələ var ki, qeyd etdiyimiz kimi, Natanzla Azərbaycanı 1097 kilometr məsafə ayırır, amma sərhədlərimizin günbatan tərəfində - Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası (Metsamor AES) ən qorxulu təhlükədir. Naxçıvanla demək olar ki, sərhəddə, paytaxt Bakıdan isə cəmi 750 kilometr məsafədə yerləşən Metsamorda yaranan qəza mütləq mənada Azərbaycanın da ərazisini şüalanmaya məruz qoyacaq.

Azərbaycana yaxın məsafədə yerləşən başqa bir nüvə reaktoru Rusiyada, daha konkret desək, Rusiyanın Rostov vilayəti bölgəsində yerləşir. Bu AES 2014-cü il noyabrın 4-də qəza xəbəri ilə dünyanın diqqətini çəkmişdi. Hansı ki, yerli rəsmilər tez-tələsik reaktorda hər hansı sızıntının olmadığını bildirməklə beynəlxalq ictimaiyyəti sakitləşdirməyə çalışmışdılar.

Yeri gəlmişkən, Rostovdakı nüvə reaktoru Ermənistandakı metsamor AES-dən sonra Azərbaycana ən yaxın ikinci nüvə təsisatıdır. Bu təsisatla ölkəmiz arasında məsafə 600-700 kilometr civarındadır.

Ümumiyyətlə, Azərbaycanın sərhədlərinə ən yaxın məsafədə olan nüvə reaktorlarına nəzər salaq. Xəritəyə baxdıqda açıq görünür ki, Gürcüstan istisna olmaqla, Azərbaycanla həmsərhəd olan qonşu ölkələrin hamısında AES var, ya da ən yaxın vaxtda istifadəyə veriləcək.

Təhlükə ilə əhatə

Azərbaycanın qonşuları arasında ən çox AES-ə sahib ölkə Rusiyadır. Bu ölkənin ərazisində 43 AES mövcuddur. Bunlardan 30-u fəaliyyətdədir, qalan 13-nün istismar müddəti başa çatdığı üçün bağlanıldığı bildirilir. Amma onlardan da bəzilərinin hələ qanunsuz şəkildə fəaliyyət göstərdiyi ehtimalı edilir.

Qardaş Türkiyədə hələlik heç bir nüvə reaktoru işləmir. İlk belə reaktor Akkuyu adlı yerdə tikilməkdədir ki, VVER-1200 tipli 4 reaktordan ibarət olacaq bu nüvə nerji mərkəzinin ilk bölümü 2023-cü ildə, qalan üç reaktor isə hər biri bir il aralıqla 2026-cı ilədək istifadəyə veriləcək.

Akkuyu Nüvə Enerjisi Mərkəzinin ümumi gücü 4800 Mvatt olacaq. Amma daha sonra tikintisi planlaşdırılan Sinop və İynəada AES-ləri ilə birlikdə qardaş ölkənin ümumi nüvə enerji istehsalı 13680 Mvatt-a yüksələcək.

Qonşu İranda “Buşehr 1” və “Buşehr 2” nüvə reaktorlarının olduğu məlumdur. “Buşehr 1” reaktoru 2006-cı il noyabrın 1-dən fəaliyyətdədir, “Buşehr 2” barədə isə müfəssəl məlumat yoxdur. “Buşehr 1” 1000 MVatt, “Buşehr 2” isə 915 MVatt gücündə nəzərdə tutulub.

Xəzərin günçıxan sahilində - qardaş ölkə Qazaxıstanın Şevçenko şəhərində də əvvəllər BN-350 kod adlı bir nüvə reaktoru olub, amma indi daha fəaliyyət göstərmir. Cəmi 52 Mvatt gücündə olmuş həmin reaktor 1973-cü il iyulun 16-da istifadəyə verilib və 22 aprel 1999-cu ildə də fəaliyyəti dayandırılıb.

Ömrünü başa vurmuş ölüm mənbəyi

Amma bu ölkələrin heç birinin AES-ləri Azərbaycana, yuxarıda da qeyd etdiyimiz kimi,  Ermənistanda yerləşən və fəaliyyət dövrünü çoxdan başa vurmuş Metsamor AES qədər təhlükə törətmir. Ermənistanda mövcud olan Metsamor AES, “Metsamor-1” və “Metsamor-2” reaktorlarından ibarətdir. Əlbəttə, üçüncü reaktorun tikintisi də plandadır. Söhbət ondan gedir ki, hələ Sovet illərində - 28 dekabr 1976-cı ildə istifadəyə verilmiş “Metsamor-1” reaktoru 25 fevral 1989-cu ildə ömrünü başa vursa da, hələlik bağlanmayıb və hər an qəzaya uğraya bilən bu AES bölgə əhalisi üçün ciddi fəlakət mənbəyidir. “Metsamor-2” isə 1980-ci il yanvar ayının 5-də istifadəyə verilib və cəmi 5 il sonra – 2026-cı ildə onun da bağlanması zərurəti yaranacaq. Təbii, tikintisi planlanan “Metsamor-3” məhz 2026-cı ildə açılmalıydı ki, bağlanan reaktoru əvəz etsin. Amma həmin reaktorun tikintisi getmir. Belə demək mümkündür ki, adıçəkilən reaktorlar tək bölgəyə təhlükə yaratmır, eyni zamanda, Ermənistan dövlətinin və xalqının da məhvinə səbəb ola bilər.

Ümumiyyətlə, dünyada 31 ölkədə 435 reaktoru olan 210 AES fəaliyyətdədir. Hansı ki, bütün bu AES-lərdə ümumilikdə 367398 MVatt elektrik enerjisi istehsal olunur və bu da qlobal miqyasda bütün enerjinin 11 faizi deməkdir. Hətta 12 ölkə enerji tələbatının 30 faizini məhz AES-lərin hesabına ödəməkdədir. Dünyada mövcud olan AES-lərin yarıdan çoxu Şimali Amerika və Avropada yerləşsə də, son illər Uzaq Şərq ölkələrində bu stansiyaların sayında artım, Avropada isə eniş hiss edilməkdədir. Hətta Almaniya və başqa bir sıra Avropa ölkələri nüvə enerjisindən imtina etməklə yaşıl enerjiyə səmt almaqdadırlar. Son dövrdə dünya üzrə 39125 MVatt gücü olan toplam 125 reaktor bağlanıb.

Amma bütün ölkələr nüvə enerjisindəm imtinaya həvəsli görünmürlər. Məsələn, 2018-ci ilin məlumatına əsasən, Çində 18, Çin və Hindistanın hərəsində 5, o cümlədən qardaş Türkiyədə bir neçə reaktor inşa olunmaqdadır. Hazırda dünyada 23641 MVatt ümumi gücü olan 29 reaktor tikilməkdədir.

Bu arada, qeyd edək ki, dünyada nüvə reaktorundan ilk elektrik enerjisi alan ölkə Rusiya olub. 1954-cü il iyunun 26-da Obninsk reaktoru fəaliyyətə başlayıb. 1956-cı il avqustun 27-də isə, Böyük Britaniyada 50 MVatt gücündə “Calder Hall-1” reaktoru işə düşərək şəhərlərə enerji satmağa başlayıb. 7 noyabr 1967-ci ildə isə Böyük Britaniyada dünyanın ən birinci nüvə enerji stansiyası olan Oldbury AES-i fəaliyyətə başlayıb.

Dünyanın ən güclü nüvə stansiyası Yaponiyadakı Kaşiwazaki Kariwa AES-dir. Onun enerji istehsal gücü 8212 MVatt-dır.

Faydalananlar...

Dünyada nüvə stansiyaalrının gücünə və sayına görə ABŞ birincidir. Ümumiyyətlə, dünya üzrə nüvə enerjisi istehsal gücünə görə dövlətlər aşağıdakı kimi sıraalnıb: ABŞ 99333 MVatt, Fransa 63130 MVatt, Yaponiya 39752 MVatt, Çin 33384 MVatt, Rusiya 27313 MVatt, Cənubi Koreya 22494 MVatt, Kanada 13554 MVatt, Ukrayna 13107 MVatt, Almaniya 9515 MVatt, Böyük Britaniya 8918 MVatt, İsveç 8612 MVatt, İspaniya 7121 MVatt, Hindistan 6255 MVatt, Belçika 5918 MVatt, Tayvan 4448 MVatt, Çexiya 3930 MVatt,  İsveçrə 3333 MVatt, Finlandiya 2779 MVatt, Bolqarıstan 1926 MVatt, Macarıstan 1902 MVatt, Braziliya 1884 MVatt, CAR 1860 MVatt, Argentina 1633 MVatt, Meksika 1552 MVatt, Pakistan 1318 MVatt, Rumıniya 1300 MVatt, İran 915 MVatt, Sloveniya 688 MVatt, Niderland 482 MVatt, Ermənistan 375 MVatt elektrik enerjisi istehsal gücünə malik AES-lərə sahibdir. Ümumilikdə dünyada 446 nüvə reaktorunda 390545 MVatt enerji istehsal olunur.

Ölkələr üzrə adambaşına düşən nüvə enerjisinə görə isə ilk pillədə Fransa dayanır – adambaşına 941 vatt.  Bu ölkəni sırasıyla aşağıdakı ölkələr izləyirlər: İsveçrədə 855 vatt , Belçikada 521 vatt, Finlandiyada 505 vatt , Cənubi Koreyada 437 vatt, İsveçrədə 395 vatt, Çexiyada 371 vatt, Kanadada 370 vatt, Slovakiyada 334 vatt, Sloveniyada 333 vatt, Yaponiyada 314 vatt , Ukraynada 309,  ABŞ-da 305, Bolqarıstanda 271, Macarıstanda 194, Tayvanda 189, Rusiyada 186 vatt , İspaniyada 153 vatt , Böyük Britaniyada 136 vatt , Ermənistanda 126 vatt , Almaniyada 115 vatt , Rumıniyada 66 vatt, Argentinada 37 vatt , CAR-da 33 vatt , Niderlandda 28 vatt , Çində 24 vatt , Meksikada 13 vatt, İranda 11 vatt , Braziliyada 9 vatt, Pakistanda 6 vatt  və Hindistanda 5 vatt.

Alternativ varsa, tikməyin!

Sonda qeyd edək ki, nüvə reaktorlarının təbiətə daha az ziyan vurduğu məlumdur. Amma onlarda baş verəcək ən yüngül qəza, Çernobılda olduğu kimi, onillərlə izini saxlayacaq dəhşətli fəlakətə yol aça bilər. Odur ki, əlbəttə, ən müasir elmi-texniki nailiyyətlərin də yardımı ilə, təsisatlar yaradılmadan öncə kəşfiyyat-tikinti işləri aparılır. Ən birincisi, AES tikiləcək yerin tektonik xəritəsi araşdırılır, bölgədən keçən hava axınları, istənilən qəza şəraitində maksimum az insanın ziyan çəkməsi və sair kimi detallar incələnir. Bütün bunları nəzərə alsaq, ən təhlükəli və potensial qəza zamanı ən böyük fəlakəti yaşada biləcək AES məhz Ermənistandakı Metsamor nüvə enerji mərkəzidir. Yenə qeyd edirik: həm 31 il əvvəl ömrünü başa vurub bu reaktor, həm güclü yer silkələnməsi ilə nəticələnək aktiv tektonik xətt üzərində yerləşib, həm də əhalinin sıx məskunlaşdığı bölgədə tikilib. Hətta Ermənistanın paytaxtı və ən iri şəhəri olan İrəvan da Metsamir AES-in ikiaddımlığındadır. Ona görə də sözügedən reaktorların qeyd-şərtsiz bağlanılması lazımdır və ümumiyyətlə, enerji istehsalı üçün alternativlər varsa, heç bir ölkədə nüvə reaktorlarının tikintisinə ehtiyac yoxdur.

Oxunma sayı 2090
Siyasət rubrikasından digər xəbərlər