Bu gün inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların özəyini təşkil edən ailə biznesi üzərində qurulub. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, ailə təsərrüfatları iqtisadi bazarda çeviklik, qənaətçilik, sərbəstlik, motivasiya imkanlarını genişləndirir. Şəxsi təsərrüfatında hər hansı bir məhsul istehsal edən, həmin məhsulu bazara çıxaran, onun bazarda satışını reallaşdıran ailənin ölkənin ÜDM-də xüsusi payı var. Məsələn, İspaniyada bazarda olan təsərrüfatların, təxminən, 70 faizi ailə təsərrüfatlarıdır. Onların ÜDM-də olan payı 62 faizə çatır. Ailə biznesi, əsasən, kənd təsərrüfatı, xidmət və ticarət sahəsində geniş yayılıb.
Yeri gəlmişkən, Hindistanda ölkə iqtisadiyyatının böyük hissəsini ailə biznesləri təşkil edir. “Stativerse”nin araşdırmasına görə, Hindistan iqtisadiyyatının 79 faizini ailə biznesləri təşkil edir. Bu siyahıda İspaniya və Meksika 70 faizlə ikinci yeri bölüşür. İtaliyada iqtisadiyyatın 68 faizini, Böyük Britaniyada 67 faizini, Portuqaliya 67 faizini, Kanadada 60 faizini, ABŞ-da 54 faizini, Çində 51 faizini, Almaniyada 49 faizini ailə biznesləri təşkil edir.
Ailə biznesinin davam etdirilməsi çoxəsrlik bir ənənədir. Statistikaya əsasən, Amerika, Avropa, Yaxın Şərqin, demək olar ki, 60 faiz əhalisi öz əcdadlarının yolu ilə gedir və ailə biznesini inkişaf etdirməyə davam edirlər. Bu biznes sonradan onların uşaqlarına da keçir. İnkişaf etmiş ölkələrin iqtisadçıları belə bir fikirdədirlər ki, ailə biznesi iqtisadiyyatın innovativ potensialının inkişaf etməsinə, yeni sahibkarlıq və istehsalat formalarının tətbiq edilməsinə, həmçinin maliyyələşdirmə məsələlərinin həll edilməsinə xüsusi şərait yaradır.
Ailə biznesi xüsusi sosial qrupun daxilində ailə və onun bütün üzvlərini və öz istehsalını da maddi vəsaitlər ilə təmin edən bir sıra iqtisadi fazalara malik aktiv, proqressiv, təşəbbüslü sahibkarlıq fəaliyyətidir. Bazar iqtisadiyyatı mühitində ümumi iqtisadi artımdakı əsas payı orta və kiçik sahibkarlar verir. Başlıca rol da məhz kiçik sahibkarlıq fəaliyyətinə aiddir. Bunu inkişaf etmiş ölkələrin təcrübələrindən, iqtisadi vəziyyətlərindən də əyani şəkildə görmək olar. Həmin ölkələrdə dövlət büdcəsinin gəlirlərinin əsas hissəsi məhz kiçik, orta sahibkarlar tərəfindən təmin olunur.
Qeyd edək ki, dünyada geniş yayılan ailə sahibkarlığının inkişafı üçün ölkəmizdə də potensial böyükdür. Bu, sadəcə, istehsal sahələrinin genişliyi, əlçatan olması ilə deyil, həmçinin psixoloji amillərlə əlaqədardır. Dövlət də ailə sahibkarlığının inkişafında maraqlıdır. Ona görə ki, biznesin bu qolunun inkişaf etməsi əlavə xərc çəkilmədən, əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli şəkildə rol oynayır.
Hazırda ölkəmizdə ticarət, ictimai-iaşə, həmçinin yeyinti sənayesi sahəsində ailə sahibkarlığı geniş yayılıb. Ancaq bu, hələ potensialın kiçik hissəsi deməkdir. Yeri gəlmişkən, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxs təsis edilib. Məqsəd ölkənin iqtisadi və sosial inkişafında insanların fəal iştirakını təmin etmək, həmçinin ailə əməyinə əsaslanmış təsərrüfatların fəaliyyətini dəstəkləmək, orta və kiçik sahibkarlığın inkişafını təkmilləşdirmək, əhalinin məşğulluğunu daha da artırmaqdır. ABAD-ın başlıca fəaliyyəti resurslardan səmərəli şəkildə istifadə etməyə, innovativ metodların və yeniliklərin tətbiqinə əsaslanır. Mərkəz rəqabət qabiliyyətli məhsulların istehsal edilməsini təmin edən ailə sahibkarlığının və başqa sahibkarlıq fəaliyyəti növlərinin təşkil edilməsini təmin edir, məhsulların istehsalı, onun satışı, xarici bazarlara çıxarılmasında bir vasitəçi rolunu oynayır. Nəticədə mərkəz regional inkişaf proqramına əsas təkanverici qüvvə olmaqla bərabər, həmçinin əhalinin məşğulluq səviyyəsinin, rifah halının artırılmasında nəzarət və əlaqələndirici funksiyalarını reallaşdırır. “ABAD”, həmçinin sağlamlıq imkanı məhdud olan insanlara da dəstək göstərməkdədir. Ölkəmizdə əhalinin məşğulluq potensialının artırılmasına istiqamətlənən kompleks tədbirlərin müəyyən istiqaməti ailə əməyinə əsaslanmış təsərrüfatların təsis edilməsinin dəstəklənməsi, ailə sahibkarlığının inkişafına xüsusi şəraitin yaradılmasıdır.
“ABAD” qeyri-neft sektorunun inkişafı, məşğulluğun və əhalinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bir layihədir. Ailə Biznesinə Asan Dəstək Mərkəzinin yaradılması təşəbbüs olaraq çox yaxşıdır, çünki Azərbaycanda kiçik biznesin, ailə təsərrüfatlarının inkişaf etdirilməsinin yolu və mexanizmləri olmalıdır. “ABAD” mərkəzlərinin yaradılması bu istiqamətdə irəliyə doğru addım kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanda da xeyli sayda ailə biznesləri var: “Ümumiyyətlə, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda mülkiyyətin 80 faizi özəldir. Burada ümumi daxili məhsulun formalaşmasında da özəl sektor əhəmiyyətli paya malikdir. Bu, 70 faizin üzərində olur. Həm mülkiyyət strukturuna baxanda, həm ümumi daxili məhsulun strukturuna baxanda görürük ki, özəl sektor, xüsusi mülkiyyət çoxluq təşkil edir. MMC-lər, ASC-lər özəl mülkiyyətli şəxslərə malikdir. Bu mülkiyyətin bir nəsildən digər nəslə ötürülməsi məsələsi əhəmiyyətlidir. Bunun üçün də zamana ehtiyac var”.
Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib ki, ailə biznesi biznesin ümumi əsas sütunlarından təşkil edir: “Ailə biznesi tək ailəyə və ya bir neçə ailənin birləşdiyi ortaqlıq müəssisəsi formasında olur. Ümumiyyətlə, ABŞ-ın Massaçusets Texnologiya Universitetində aparılan araşdırmalara görə, dünyada mövcud olan böyük şirkətlərin, təxminən, 92 faizi ortaqlıq müəssisələri, 8 faiz isə təkbaşına qurulan müəssisələrdir. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə ailə bizneslərini artıq dördüncü, beşinci nəsillər davam etdirməkdədir. Azərbaycanda isə bu proses yenidir. Bunun da səbəblərindən biri ondan ibarətdir ki, sovet dövründə özəl sektorun iqtisadiyyatda payı az idi. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranan bizneslərin böyük əksəriyyəti ailə biznesləri, ortaqlıq müəssisələri oldu. Ortaqlıq müəssisələrinin təzahür forması deyəndə, qanunvericiliyə görə bura açıq cəmiyyətlər, korporativlər, məhdud məsuliyyətli cəmiyyətlər daxildir. Yəni ki, tam ortaqlıq müəssisələrinin əksəriyyəti məhz ailə müəssisələrinin təzahürünü təşkil edir. Hazırda dünyanın inkişaf etmiş 38 ölkəsinin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ailə bizneslərinin idarə olunmasına dair çoxlu sayda standartları mövcuddur. Həmin standartlara əsasən, ailə müəssisələrində ailə kodeksləri, ailə qanunları, ailə konstitusiyaları olmalıdır. Bu sənədlər ailə müəssisələrinin davamlılığını qoruyub-saxlayan, həmin müəssisələrin təsisçisi olan şəxslərin və onların ailələrinin münasibətlərini tənzimləyən prinsiplərdir. Bu prinsiplərdə ailə üzvünə daxil olan fərdlərin ümumi müəssisədən əldə edəcəkləri madd-mənəvi bəhrələr, onların bölgüsü, gələcəkdə ailə üzvlərinin həmin müəssisədə vəzifə tutması, ailə şirkətlərində birgə qərarların qəbulu kimi məsələlər öz əksini tapıb.
Azərbaycana gəlincə, bu gün artıq ölkəmizdəki şirkətlərin çoxu ikinci nəsilə ötürülmə mərhəsinə gəlib çatıb. Çünki ilk yaranan müəssisələrin yaşı 30 ildən çox dövrü keçib. Amma təcrübə onu göstərir ki, bu gün Azərbaycanda mövcud olan ortaqlıq müəssisələrində ailələr arasında münasibətlərin formalaşması, qorunması və bunun müəssisələrin inkişafına təsiri məsələlərinə az diqqət ayrılır. Bizdə yaranan müəssisələri əsas maraqlandıran məsələ daha çox əlavə gəlir qazanmaqdır. Bir gün də baxırlar ki, artıq müəssisədə təsisçilər arasında problemlər yaranıb və onları nizamlamaq lazımdır. Əsas problemlər də ondan ibarət olur ki, ortaqlar artıq münasibət qura bilmirlər, bu ortaqlardan hansının övladının şirkətə rəhbərlik edəcəyi barədə razılaşa bilmirlər və s. Hesab edirik ki, Azərbaycanda müəssisələrin davamlılığının artırılması, dayanıqlığının möhkəmləndirilməsi məqsədilə mütləq mənada təsisçilər arasında münasibətlərin formalaşdırılması üçün ailə idarəetmə kodekslərinin, ailə qanunlarının, ailə konstitusiyalarının hazırlanmasına ehtiyac var”.