Azərbaycan mədəniyyətinin vizit kartı

10:23 04.07.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Qonaq ruzisi ilə gələr”. Bu ifadə əsrlərdir ki, Azərbaycan ailələrində deyilən, nəsildən-nəslə ötürülən bir hikmətdir. Bu sözlər təkcə atalar sözü deyil, xalqımızın həyat tərzini, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirən yaşam fəlsəfəsidir. Azərbaycanda qonaq heç vaxt yad insan hesab olunmayıb. Əksinə, evə gələn qonaq ev sahibinin bərəkəti, ruzi-bərəkətinin artmasının rəmzi kimi qəbul edilib.

Qloballaşmanın sürətləndiyi, insanların bir-birinə ayırdığı vaxtın getdikcə azaldığı müasir dövrdə də Azərbaycan xalqı qonaqpərvərlik ənənəsini qoruyub saxlayan nadir xalqlardan biri hesab olunur. Məhz buna görə də ölkəmizə gələn xarici turistlərin əksəriyyəti Azərbaycan haqqında ilk təəssüratlarını danışarkən təbiətdən, memarlıqdan və mətbəxdən əvvəl insanların səmimiyyətini və qonaqpərvərliyini xüsusi vurğulayırlar.

Azərbaycanın müxtəlif bölgələrində qonaq qarşılamaq forması fərqli olsa da, mahiyyət eynidir: hörmət, ehtiram və səmimiyyət. Keçmişdə kəndlərdə evlərin qapıları demək olar ki, heç vaxt kilidlənməzdi. Uzaq yoldan gələn yolçu tanımadığı kənddə belə gecələmək üçün rahatlıqla bir evə üz tuta bilərdi. Ev sahibi onu tanıyıb-tanımamasından asılı olmayaraq, əvvəlcə süfrə açar, sonra isə ehtiyaclarını soruşardı. Bu münasibət xalqımızın mənəvi zənginliyinin göstəricisi idi.

Azərbaycan ailələrində qonağın qarşılanması xüsusi mərasim kimi qəbul olunurdu. Evə daxil olan qonağa ilk növbədə ən rahat yer göstərilər, ardınca çay süfrəsi açılardı. Çay mədəniyyəti də qonaqpərvərliyin ayrılmaz hissəsidir. Armudu stəkanda təqdim olunan çay, mürəbbə, limon, müxtəlif şirniyyatlar və səmimi söhbət Azərbaycan evinin simvoluna çevrilib.

Qonağın süfrədən ac qalxması ev sahibi üçün ayıb sayılıb. Buna görə də süfrədə imkan daxilində müxtəlif yeməklər hazırlanır, ev sahibi qonağın rahatlığı üçün hər cür şərait yaratmağa çalışırdı. Xüsusilə bayram günlərində, toy və nişan mərasimlərində, Novruzda qonaqpərvərlik daha geniş şəkildə özünü göstərirdi.

Milli mətbəximiz də qonaqpərvərlik ənənəsinin mühüm hissəsidir. Plov, dolma, bozbaş, piti, kabab, qutab, paxlava, şəkərbura kimi milli yeməklər yalnız qidalanma vasitəsi deyil, həm də qonağa verilən dəyərin ifadəsidir. Azərbaycanın hər bölgəsinin özünəməxsus yemək mədəniyyəti var və bu müxtəliflik ölkəmizin zəngin mədəni irsindən xəbər verir.

Azərbaycanın kəndlərində bu ənənələr bu gün də yaşamaqdadır və qonaq gələndə bütün ailə üzvləri onun qarşılanmasına çalışır. Ev sahibi ən yaxşı otağı qonağa verir, ən yaxşı yeməklər hazırlanır. Bu münasibət maddi imkanla deyil, mənəvi zənginliklə ölçülür.

Qonaqpərvərlik təkcə evdə deyil, cəmiyyətdə də özünü göstərir. Yol soruşan insana kömək etmək, yaşlılara diqqət göstərmək, ehtiyacı olanlara dəstək olmaq da xalqımızın qonaqpərvərlik və humanizm anlayışının tərkib hissəsidir.

Son illər ölkəmizdə turizmin inkişafı bu milli xüsusiyyətin beynəlxalq səviyyədə tanınmasına da şərait yaradıb. Azərbaycana gələn turistlər yalnız tarixi abidələri deyil, insanların mehriban münasibətini də ölkəmizin üstünlüklərindən biri kimi qiymətləndirirlər. Bir çox beynəlxalq səyahət bloqları və turizm platformalarında Azərbaycan “qonaqpərvər insanlar ölkəsi” kimi təqdim edilir.

Bununla yanaşı, müasir həyat tərzi müəyyən dəyişikliklər də yaradıb. Böyük şəhərlərdə insanlar daha məşğul həyat yaşayır, ailədaxili ünsiyyət əvvəlki qədər geniş olmur. Buna baxmayaraq, qonaq gələndə süfrə açmaq, çay təqdim etmək, səmimi münasibət göstərmək kimi ənənələr hələ də qorunur.

Sosial şəbəkələrin və rəqəmsal texnologiyaların geniş yayıldığı dövrdə gənclərin milli dəyərlərə marağının artırılması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə, ailələrdə və mədəni tədbirlərdə qonaqpərvərlik ənənələrinin təbliği gələcək nəsillərin milli kimliyinin formalaşmasına mühüm töhfə verə bilər.

Ekspertlər hesab edirlər ki, qonaqpərvərlik təkcə mənəvi dəyər deyil, həm də ölkənin turizm potensialını gücləndirən mühüm amildir. Xarici turist üçün yalnız gözəl təbiət və rahat otel kifayət etmir. Onun yaddaşında qalan əsas məqam insanlarla qurduğu münasibətdir. Bu baxımdan Azərbaycan öz milli xüsusiyyətini iqtisadi üstünlüyə də çevirə bilir.

Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Tarixi irsin, milli adət-ənənələrin və mədəniyyət nümunələrinin yaşadılması ilə bağlı həyata keçirilən layihələr qonaqpərvərlik ənənəsinin də gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Əslində qonaqpərvərlik sadəcə süfrənin zənginliyi deyil. Ən böyük qonaqpərvərlik insanın qarşısındakı şəxsə hörmətlə yanaşması, onu diqqətlə dinləməsi, özünü rahat hiss etdirməsidir. Azərbaycan xalqı məhz bu xüsusiyyəti ilə əsrlər boyu seçilib.

Bu gün dünyanın bir çox ölkəsində insanlar fərdiləşən həyat tərzinin təsiri ilə qonşularını belə tanımadığı halda, Azərbaycanda hələ də qonşunun qapısını döymək, ehtiyacı olana kömək etmək, qonağı yola salarkən arxasınca xeyir-dua vermək ənənəsi yaşayır. Bu isə milli kimliyimizin və mənəvi sərvətimizin ən qiymətli nümunələrindən biridir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe xalqımızın milli xarakterinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan tarix boyu İslam, xristianlıq, zərdüştilik və digər mədəni təsirlərin kəsişdiyi məkan olub. Bu amil azərbaycanlıların müxtəlif xalqların müsbət xüsusiyyətlərini mənimsəməsinə şərait yaradıb, eyni zamanda xalqımızın bəşəri dəyərə çevrilən özünəməxsus ənənələrinin formalaşmasına səbəb olub. Həmin dəyərlərin ən önəmlilərindən biri də qonaqpərvərlikdir.

Onun sözlərinə görə, qonaqpərvərlik Azərbaycan xalqının milli kimliyini və dünyagörüşünü ifadə edən əsas xüsusiyyətlərdən biridir. Tarixən azərbaycanlılar ev tikərkən ən yaxşı otağı qonaq üçün nəzərdə tutub, süfrənin ən ləziz nemətlərini qonağın qarşısına qoyublar. Keçmişdə hörmətli qonaq həyətə daxil olarkən onun şərəfinə qurban kəsilməsi, ən yaxşı quzulardan kabab və plov hazırlanması, şərbət təqdim edilməsi xalqımızın qonağa verdiyi yüksək dəyərin göstəricisi olub.

A. Əbilov qeyd edib ki, "Qonaq Allah qonağıdır", "Qonaqsız ev xarabalığa bənzər" kimi atalar sözləri də bu ənənənin xalqın həyat fəlsəfəsində nə qədər mühüm yer tutduğunu göstərir. Bu dəyər bu gün də ailə münasibətlərində, müxtəlif mərasimlərdə və ictimai həyatda yaşamaqda davam edir.

Ekspert vurğulayıb ki, Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında da qonaqpərvərlik mühüm rol oynayır. Onun fikrincə, ölkəmizin Böyük İpək yolu üzərində yerləşməsi tarix boyu müxtəlif xalqlar arasında əlaqələrin inkişafına şərait yaradıb. Karvansaraylar və hamamlar yalnız memarlıq abidələri deyil, həm də uzaq ölkələrdən gələn qonaqların qəbul edildiyi, istirahət etdiyi və ünsiyyət qurduğu məkanlar kimi fəaliyyət göstərib. Bu baxımdan qonaqpərvərlik Azərbaycanın tarixində mühüm kommunikasiya vasitələrindən biri olub.

A.Əbilov hesab edir ki, bu ənənə bu gün də ölkənin turizm potensialının gücləndirilməsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, qonaqpərvərlik yalnız milli xüsusiyyət deyil, eyni zamanda Azərbaycanın iqtisadi inkişafına xidmət edən mühüm amillərdən biri kimi qiymətləndirilməlidir.

Ekspert bildirib ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycan xalqının qonaqpərvərliyi xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlar zamanı Azərbaycana gələn qonaqlar özlərini doğma mühitdə hiss etdiklərini dəfələrlə dilə gətiriblər. Onun sözlərinə görə, insanların gülərüzlüyü, səmimiyyəti, yardımsevərliyi və tanımadığı insana belə yol göstərməyə hazır olması ölkəmiz haqqında müsbət təəssürat yaradır. Turizmdə də bu amil xüsusi əhəmiyyət daşıyır. Çünki turistlər kobud münasibət və soyuq davranışla qarşılaşdıqları ölkələrə yenidən səfər etməyə maraq göstərmirlər.

A. Əbilovun fikrincə, Azərbaycan qonaqpərvərliyi yalnız zəngin süfrə ilə ölçülmür. Bu dəyər milli mətbəxdə, musiqidə, rəqslərdə, insanların bir-birinə münasibətində, ailə dəyərlərində və ümumilikdə azərbaycanlıların həyat tərzində öz əksini tapır. Məhz buna görə qloballaşma şəraitində də qonaqpərvərlik Azərbaycan kimliyinin əsas göstəricilərindən biri olaraq qalır.

Ekspert bununla yanaşı vurğulayıb ki, son illər qonaqpərvərlik ənənələrinin təqdim olunma formasında müəyyən dəyişikliklər müşahidə edilir. Onun sözlərinə görə, insanlar əvvəlki dövrlərlə müqayisədə bir-birini daha az evində qonaq edir, daha çox restoran və kafelərdə görüşməyi üstün tuturlar. O hesab edir ki, bu, müasir həyat tərzinin diktə etdiyi təbii dəyişiklikdir.

A. Əbilov qeyd edib ki, bu yanaşma ilk növbədə rahatlıq amili ilə bağlıdır. Belə ki, ev sahibinin, xüsusilə də evdarlıq işlərini görən qadınların yükünü azaltmaq məqsədilə qonaqların restoran və ya kafelərdə qəbul edilməsi daha geniş yayılır.

Ekspertin fikrincə, dünyanın bir çox ölkəsində qonaqların rahatlığının təmin olunması üçün otel və mehmanxana xidmətlərindən istifadə edilir. O hesab edir ki, qlobal tendensiyalar Azərbaycanın da qonaqpərvərlik ənənələrinə müəyyən təsir göstərəcək və gələcəkdə qonaqların rahatlığının təmin edilməsi məqsədilə otel və mehmanxana sistemindən daha geniş istifadə olunacaq. Onun sözlərinə görə, əsas məsələ qonağın harada qəbul olunması deyil, ona göstərilən diqqət, qayğı və səmimi münasibətin qorunub saxlanılmasıdır.