Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid sərhəd qoşunlarının hazırlığını yoxlamaq üçün Əfqanıstanın Bədəxşan əyalətunə səfər edərək Çin, Tacikistan və Pakistanla həmsərhəd strateji şimal-şərq bölgələrinə baş çəkib.
Hafta.az yazır ki, İslam Əmirliyi Müdafiə Nazirliyinin açıqlamasına görə, Mücahid Karan, Muncan, Zəbak, Vaxan və Pamir rayonlarındakı sərhəd məntəqələrini ziyarət edib.
Səfər zamanı Mücahidin sərhəd qoşunlarının fəaliyyətini qiymətləndirdiyi, əsgərləri işlərinə görə təbrik etdiyi və səhra komandirlərindən məlumat aldığı bildirilib.
Müdafiə naziri Əfqanıstanın ərazi bütövlüyünün, müstəqilliyinin və sərhədlərinin qorunmasının bütün təhlükəsizlik və müdafiə qüvvələrinin ortaq məsuliyyəti olduğunu deyib.
O, həmçinin sərhəd qoşunlarının imkanlarını artırmaq, qurumlararası koordinasiyanı gücləndirmək və lazımi logistika dəstəyini təmin etmək üçün səylərin davam etdiriləcəyini qeyd edib.