Bu addımlar Azərbaycanın regionda süni intellekt habına çevrilməsinə töhfədir - Deputat

11:22 06.07.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Dövlət xidmətlərinin vətəndaşlar, eləcə də sahibkarlar üçün vahid platforma üzərindən təqdim olunması bir tərəfdən şəffaflığın artırılması, digər tərəfdən isə əlçatanlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar və sahibkarlar bir çox hallarda eyni vaxtda bir neçə dövlət xidmətinə müraciət edirlər. Xidmətlərin elektronlaşdırılması və vahid platformada inteqrasiya olunması həmin xidmətlərin internet üzərindən əldə edilməsinə imkan yaradır:

“Digər tərəfdən isə vahid platforma vaxta qənaət, əlçatanlığın artırılması və xidmətlərin daha operativ göstərilməsi deməkdir. Beləliklə, vətəndaşlar və sahibkarlar bu platforma vasitəsilə bir neçə xidməti qısa müddətdə, hətta eyni vaxtda əldə etmək imkanı qazanırlar. Bu baxımdan, vahid platforma həm əlçatanlığı artırır, həm şəffaflığı gücləndirir, həm də zamana və vəsaitə qənaət edilməsinə şərait yaradır.

Sözsüz ki, nəzərə alsaq, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qeyd olunan strateji məqamlardan biri də təsdiq edilmiş üçillik Yol Xəritəsinə uyğun olaraq bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsi və yeni innovativ yanaşmaların tətbiqidir.

Bu istiqamətdə vacib məsələlərdən biri qanunvericiliyin daha da təkmilləşdirilməsi, xüsusilə də rəqəmsal inkişaf və süni intellekt sahəsində güzəştlərin və təşviq mexanizmlərinin tətbiqi ola bilər. Çünki bizim də təklifimiz ondan ibarətdir ki, Azərbaycanda "Startaplara dövlət dəstəyi haqqında" qanun layihəsi hazırlanaraq qəbul edilsin. Süni intellekt və rəqəmsal inkişafı dəstəkləyən ölkələrin əksəriyyətində belə qanunlar mövcuddur və bu da startapların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan yaradır”.

Millət vəkili vurğulayıb ki, süni intellekt və rəqəmsal inkişaf daha çox startaplar vasitəsilə inkişaf etdirilir:

“Ona görə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi üçün yeni qanunun qəbul edilməsini məqsədəuyğun hesab edirik. Həmin qanun dövlət dəstəyinin genişləndirilməsi ilə yanaşı, vergi güzəştləri də daxil olmaqla digər təşviq alətlərini də özündə ehtiva edə bilər.

Vacib məqamlardan biri də rəqəmsal inkişaf üçün innovasiya və texnologiyaların cəlb edilməsidir. Burada həm innovasiyaların tətbiqi, həm proqram təminatının transferi, həm də kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bir tərəfdən qanunvericilik bazasının genişlənməsi, digər tərəfdən isə yeni rəqəmsal həllərin tətbiqi kibertəhlükəsizliyin daha da gücləndirilməsini zəruri edir. Nəzərə almaq lazımdır ki, təqdim olunan xidmətlər elektron xarakter daşıyır və buna görə də onların etibarlı şəkildə qorunması olduqca vacibdir.

Hesab edirəm ki, təsdiq olunmuş Fəaliyyət Planı, eləcə də Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası tərəfindən müəyyənləşdirilən hədəflər və bu istiqamətdə həyata keçirilən addımlar Azərbaycanın regionda süni intellekt habına çevrilməsinə ciddi töhfə verə bilər".