Çin iyulun 6-da bir neçə Sakit okean ölkəsinə xəbərdarlıq edəndən saatlar sonra atom sualtı qayığından strateji raketin sınaq buraxılışını uğurla həyata keçirdiyini bildirib.
Hafta.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib:
“Atom sualtı qayığından Sakit okeanın müvafiq açıq dənizlərinə doğru “imitasiyalı” döyüş başlığı daşıyan strateji raket uğurla buraxılıb və o, dəqiq təyin olunmuş sulara düşüb”.
Raket yerli vaxtla təxminən saat 12:01-də (04:01GMT) atılıb.
Bu buraxılış Çinin 2024-cü ilin sentyabrında Sakit okeana qitələrarası ballistik raket (ICBM) atmasından sonra ikinci strateji raket sınağıdır. Birinci sınaq 1980-ci ildə keçirilib.
Pekin Avstraliya, Yeni Zelandiya və Yaponiyadan gələn media xəbərlərini təsdiqləyib və bildirib ki, region ölkələrinin hökumətləri Çin tərəfindən Cənubi Sakit okeanda nüvə qabiliyyətli uzaqmənzilli raketin sınaq buraxılışı barədə məlumatlandırılıb.
Çinin rəsmi agentliyi qeyd edib:
“Raket sınağı Çin tərəfindən keçirilən adi illik hərbi təlimdir və müvafiq ölkələrə bu barədə əvvəlcədən məlumat verilib. Sınaq beynəlxalq hüquqa və müəyyən edilmiş beynəlxalq təcrübələrə uyğundur, heç bir konkret ölkəyə və ya hədəfə qarşı yönəlməyib”.
Avstraliya Yayım Korporasiyasının məlumatına görə, “Starboard” dəniz kəşfiyyat şirkəti Çinin hazırda Sakit okean bölgəsində ballistik raketin sınaq buraxılışını izləmək üçün istifadə ediləcək iki peyk izləmə gəmisinə sahib olduğunu göstərən şəkillər dərc edib.
“Kyodo News”un məlumatına görə, Yaponiyaya da əvvəlcədən məlumat verilib. Tokio Pekini raket sınağı barədə “yenidən düşünməyə” çağırıb və ciddi narahatlığını ifadə edib.