Avropa ölkələri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində ABŞ Prezidenti Donald Trampla münasibətləri bərpa etməyi hədəfləyirlər. Trampın Qrenlandiyanı işğal etməklə bağlı təhdidləri və İranla müharibədə Avropa müttəfiqlərindən istədiyi dəstəyi almadığı təqdirdə NATO-dan çıxa biləcəyi ilə bağlı təklifi Vaşinqtonla Brüssel arasında gərginlik yaradıb.
Hafta.az yazır ki, Ağ Ev də NATO ölkələrinə müdafiə xərclərini artırmaq üçün təzyiq göstərməyə davam edir.
NATO-nun baş katibi Mark Rutte açıqlamasında ABŞ-ın Ukraynanın müdafiəsi üçün “vacib” olduğunu vurğulayıb və ittifaq daxilində müdafiə sənayesinin gücləndirilməsinin bir məqsəd olduğunu söyləyib.
Zirvədə Ukrayna lideri Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi şam yeməyində iştirak edəcək. Ərdoğan həmçinin Trampla görüşəcək. ABŞ Prezidenti sammitdə “Ərdoğana hörmət əlaməti olaraq” iştirak edəcəyini bildirib.
“Reuters”in təhlilinə görə, Avropa rəsmiləri Trampın Ərdoğan və Rutte ilə güclü münasibətlərinin sammitin rahat keçməsini təmin edəcəyinə ümid edirlər.
ABŞ-ın Avropadan qoşunları çıxarmaq qərarı Brüsseldə də narahatlıq doğurub. Anonimlik şərti ilə danışan bir avropalı diplomat deyib: "İttifaq canlıdır və çox aktivdir, amma bir az sarsılıb".
Tramp Avropa liderlərindən İranın münaqişə zamanı bağladığı Hörmüz boğazını yenidən açmaq üçün hərbi gəmilər göndərmələrini xahiş etmişdi, lakin istədiyi dəstəyi almadı.
Avropa rəsmiləri bildirirlər ki, Trampın NATO-dan çıxmaqla bağlı artan təhdidlərindən sonra İran münaqişəsi ilə bağlı Brüsselə yenidən təzyiq göstərməsi sammitə kölgə sala bilər.
Adı açıqlanmayan mənbə əlavə edib ki, onlar Ruttenin Avropa liderləri ilə Tramp arasında hər hansı potensial gərginliyi nəzarətdə saxlayacağına ümid edirlər.
“Deutsche Welle”nin təhlili həmçinin Ankaradakı sammitin "NATO-nun birliyini sınayacağını" bildirir.
Vaşinqtonda yerləşən German Marshall Fund beyin mərkəzinin nümayəndəsi Klaudiya Meycor liderlərin "Trampı məmnun etmək və NATO-nun əhəmiyyətini vurğulamaq" istəyəcəklərini söyləyir.
Cümə axşamı Tramp Truth Social-dakı paylaşımında ABŞ ilə NATO arasındakı münasibətlərin "birtərəfli" olduğunu iddia edərək, avropalıların öz vəzifələrini yerinə yetirmədiyini iddia edib.
Almaniya kansleri Fridrix Merz dünən verdiyi açıqlamada Trampın sözlərini tənqid edərək, ölkəsinin müdafiə büdcəsini dörd ildə ikiqat artırdığını xatırladıb.