Sosial şəbəkələrdə yüksək proteinli və lifli qidaların birlikdə qəbulunu təşviq edən qidalanma trendi geniş yayılıb.
Hafta.az xəbər verir ki, bununla bağlı BBC araşdırma hazırlayıb.
Araşdırmaya görə, protein əzələ sağlamlığını qorumağa, arıqlamağa və sağlam qocalmağa kömək etdiyi üçün son illər daha çox diqqət çəkir. Aparılan sorğuya əsasən, alıcıların 40 faizdən çoxu ötən il protein qəbulunu artırıb.
Son dövrlər gündəlik lif qəbulunu artırmağa yönəlmiş qidalanma tərzi də populyarlaşıb. Mütəxəssislər lifin bağırsaq sağlamlığı, çəkiyə nəzarət və uzunmüddətli sağlamlıq üçün mühüm rol oynadığını vurğulayıblar.
Böyük Britaniyada böyüklər üçün tövsiyə olunan gündəlik protein miqdarı hər kiloqram bədən çəkisinə 0,75 qramdır. Məsələn, 75 kiloqram çəkisi olan bir insanın gündə təxminən 56 qram protein qəbul etməsi məsləhət görülür. Yüksək proteinli qidalanma isə adətən hər kiloqram çəkiyə 1-2 qram protein və ya hər yeməkdə 20-30 qram protein qəbulunu nəzərdə tutur.
Mütəxəssislər böyüklərin gündə ən azı 30 qram lif qəbul etməsini də tövsiyə edirlər. Tərkibində 100 qramda 3 qram və ya daha çox lif olan məhsullar "lif mənbəyi", 6 qramdan çox lif ehtiva edənlər isə "yüksək lifli qida" hesab edilir.
Araşdırmada qeyd olunur ki, protein çatışmazlığı olan insanlar üçün protein qəbulunun artırılması faydalıdır. Yüksək lifli qidalanma isə xolesterinin tənzimlənməsinə, bağırsaq sağlamlığının qorunmasına və 2-ci tip diabet riskinin azalmasına kömək edə bilər.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, normadan artıq protein qəbulu digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Lif qəbulunun qısa müddətdə kəskin artırılması və ya yalnız bir lif mənbəyinə üstünlük verilməsi isə köp və həzm narahatlığı yarada bilər.