Bakıda taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Kazım Hüseynov (ad-soyad şərtidir - red.) tanış olduğu xanım sərnişini şantaj edib. Kazımla məktəb-liseydə ingilis dili müəllimi işləyən Lalə (ad şərtidir - red.) tanış olduqdan sonra aralarında münasibət yaranıb.
Hafta.az xəbər verir ki, iş materiallarında yazılır ki, Kazımla Lalə əvvəl yaxın əlaqədə olub, hətta evlənmək qərarına gəliblər. Lakin onların arasındakı sıx münasibət sonradan nifrətə çevrilib.
İttihama görə, Kazım Lalədən 50 min manat pul tələb edib. Pulu verməyəcəyi halda isə telefonunda saxladığı rüsvayedici fotolarını yayacağı ilə hədələyib. İş o yerə çatıb ki, təqsirləndirilən şəxs Lalənin işlədiyi liseyə gedərək direktora onunla birlikdə çəkdirdikləri qeyri-etik fotoları göstərib.
İstintaq zamanı direktor özü də ifadə verib. Direktorun sözlərinə görə, Kazım ona Lalə müəllimə ilə birlikdə qeyri-etik şəkillərinin olduğunu, dediyini etməyəcəyi halda həmin fotoları yayacağını deyib. Bir qədər sonra isə onun yarıçılpaq şəkillərini liseyin "qaynar xətt" nömrəsinə göndərib. Elə bu hadisədən sonra Lalə ərizə yazaraq işdən çıxıb.
Zərərçəkmişin şikayətindən sonra K.Hüseynov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.
Lalə baş verənləri təsdiqləsə də, Kazım məhkəmədə onu şantaj etdiyini boynuna almayıb. Təqsirləndirilən şəxs ifadəsində Lalədən sadəcə 100 manat borc istədiyini deyib.
Yekunda Bakı Ağır Cinayətlər Məhkəməsi Kazım Hüseynovu ittiham üzrə təqsirli bilib.
Hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib./qafqazinfo/