Sosial şəbəkələrdə yaş yoxlanılması mexanizmi “qadağa” kimi təqdim edilməsin - Rəy

14:48 06.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Uşaq hüquqlarının müdafiəsi rəqəmsal təhlükəsizliyin təmin edilməsindən keçir"

Son illər rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin uşaqların gündəlik həyatına daha geniş nüfuz etməsi və yeni informasiya mühitinin formalaşması uşaq hüquqlarının müdafiəsi məsələsini fərqli müstəviyə çıxarıb. Əgər əvvəllər əsas diqqət uşaqların fiziki təhlükəsizliyi, təhsil və sosial müdafiəsinə yönəlirdisə, bu gün onların rəqəmsal məkanda hüquqlarının və təhlükəsizliyinin təmin olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Qanunvericiliyin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, sosial şəbəkələrdə uşaqların qorunması ilə bağlı yeni mexanizmlərin müzakirəsi və beynəlxalq təcrübənin öyrənilməsi də bu zərurətdən irəli gəlir.

Mövzu ilə bağlı Hafta.az-a danışan “Sübhnur” Tədris Mərkəzinin təsisçi rəhbəri Gülnarə Hüseynova bildirib ki, uşaq hüquqlarının etibarlı müdafiəsi artıq təkcə sosial və hüquqi deyil, həm də rəqəmsal təhlükəsizlik məsələsidir və bu istiqamətdə dövlət, ailə və cəmiyyətin birgə məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

Son illər Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm hüquqi və institusional islahatların həyata keçirildiyini vurğulayan G.Hüseynovanın sözlərinə görə, müasir dövrdə uşaqların təhlükəsizliyinə yalnız fiziki və sosial müstəvidə deyil, rəqəmsal mühitdə də yanaşmaq zərurəti yaranıb. O qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Son illərdə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, inklüziv təhsilin genişləndirilməsi və uşaqların zorakılıqdan qorunması istiqamətində mühüm addımlar atılıb. Dövlət qurumları, Ombudsman təsisatı, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti nəticəsində maarifləndirmə proqramları genişlənib, monitorinq mexanizmləri gücləndirilib. Azərbaycan eyni zamanda BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ardıcıl şəkildə davam etdirir.

Texnologiyaların sürətli inkişafı uşaq hüquqlarının müdafiəsinə yeni yanaşmalar tələb edir. Əgər bir neçə il əvvəl əsas diqqət uşaqların fiziki təhlükəsizliyinə yönəlirdisə, bu gün rəqəmsal təhlükəsizlik də eyni dərəcədə aktual məsələdir. Sosial şəbəkələr, süni intellekt platformaları, müxtəlif rəqəmsal xidmətlər uşaqlar üçün geniş imkanlar yaratmaqla yanaşı, yeni risklər də formalaşdırır. Kiberbullinq, şəxsi məlumatların qanunsuz yayılması, manipulyativ məzmun, dezinformasiya və psixoloji təsirlər artıq bütün dünyada ciddi narahatlıq doğuran problemlər sırasındadır. Buna görə də qanunvericiliyin müasir çağırışlara uyğun təkmilləşdirilməsi zəruridir."

QHT rəhbəri hesab edir ki, bu gün uşaqların üzləşdiyi əsas problemlər sırasında internet mühitində təhlükəsizlik məsələləri xüsusi yer tutur. O, təəssüflə qeyd edib ki, bəzi hallarda uşaqlar zorakılıq, bullinq, təhsildən yayınma və digər sosial problemlərlə yanaşı, rəqəmsal məkanda da müxtəlif təhlükələrlə qarşılaşırlar:

“Bunun əsas səbəblərindən biri hüquqi və rəqəmsal savadlılığın kifayət qədər yüksək olmamasıdır. Valideynlər, müəllimlər və uşaqların özləri bu sahədə daha çox məlumatlandırılmalıdırlar. Hesab edirəm ki, uşaqların informasiya təhlükəsizliyinin təmin olunması kompleks yanaşma tələb edir. Bu gün internet uşaqların təhsil alması, dünyagörüşünün formalaşması və bacarıqlarının inkişafı üçün mühüm vasitədir. Lakin həmin mühitdə təhlükəsizlik təmin edilmədən bu imkanlardan tam faydalanmaq mümkün deyil. Valideyn nəzarəti gücləndirilməli, məktəblərdə rəqəmsal savadlılıq üzrə təlimlər genişləndirilməli, uşaqlara şəxsi məlumatların qorunması, təhlükəsiz internet davranışı və rəqəmsal etik qaydalar sistemli şəkildə öyrədilməlidir."

G.Hüseynova qeyd edib ki, son dövrlər geniş müzakirə olunan sosial şəbəkələrdə yaş yoxlanılması mexanizmi də məhz uşaqların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Onun sözlərinə görə, bu məsələni “qadağa” kimi təqdim etmək doğru deyil:

“Burada əsas məqsəd uşaqları rəqəmsal imkanlardan məhrum etmək yox, onların yaşına uyğun olmayan risklərdən qorumaqdır. Dünyanın bir çox ölkəsində sosial şəbəkələrdə yaşın təsdiqlənməsi mexanizmləri tətbiq olunur və bu, uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların maraqlarının müdafiəsi kimi qiymətləndirilir. Azərbaycanda da bu istiqamətdə atılan addımlar müasir beynəlxalq tendensiyalarla uzlaşır."

QHT rəhbəri kiberbullinq probleminə də toxunaraq bildirib ki, burada əsas çatışmazlıqlardan biri məlumatlılıq səviyyəsinin yetərincə olmamasıdır. Onun fikrincə, bir çox valideyn övladının kiberbullinqə məruz qaldığını vaxtında hiss etmir. Uşaqlar isə bəzən yaşadıqları psixoloji təzyiqləri gizlətməyə üstünlük verirlər. Ona görə məktəblərdə psixoloji xidmətlərin imkanları genişləndirilməli, anonim müraciət mexanizmləri yaradılmalı və hər bir məktəbdə təhlükəsiz mühit formalaşdırılmalıdır.

Hüseynova süni intellekt texnologiyalarının inkişafının da yeni çağırışlar yaratdığını vurğulayıb:

"Süni intellekt uşaqlar üçün yeni öyrənmə imkanları açır. Bununla yanaşı, manipulyativ informasiya, saxta məzmun, şəxsi məlumatların toplanması və alqoritmlərin uşaqların davranışına təsiri kimi risklər də artır. Ona görə gələcəkdə uşaqların rəqəmsal hüquqlarının qorunması ayrıca diqqət tələb edən istiqamətlərdən biri olacaq. Məktəblərdə bullinq probleminin həlli yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.

"Məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar, valideynlər və ictimai təşkilatlar birlikdə fəaliyyət göstərməlidirlər. Maarifləndirmə tədbirləri davamlı olmalı, uşaqlar özlərini təhlükəsiz hiss etdikləri mühitdə təhsil almalıdırlar."

QHT rəhbəri inklüziv təhsil sahəsində görülən işləri müsbət qiymətləndirsə də, regionlarda infrastruktur və kadr potensialının daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hədəf ondan ibarət olmalıdır ki, yaşayış yerindən və sosial vəziyyətindən asılı olmayaraq hər bir uşaq keyfiyyətli təhsil və sosial xidmətlərə bərabər çıxış imkanına malik olsun.

Aztəminatlı ailələrin uşaqlarına göstərilən sosial dəstəyin genişləndirilməsi də vacibdir. Uşağın rifahı ilk növbədə ailənin rifahından asılıdır. Sosial proqramların genişləndirilməsi, ailələrin məşğulluğunun artırılması, səhiyyə və təhsil xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması uşaqların inkişafına birbaşa təsir göstərir. Qarabağda müharibədən zərər çəkmiş uşaqların psixoloji reabilitasiyası və mina təhlükəsi ilə bağlı maarifləndirmə də xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Müharibə travması uzunmüddətli psixoloji dəstək tələb edir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin genişləndiyi bir dövrdə uşaqların mina təhlükəsi barədə davamlı məlumatlandırılması həyati əhəmiyyət daşıyır."

G.Hüseynova vurğulayıb ki, qarşıdakı illərdə uşaq hüquqlarının müdafiəsində əsas prioritetlər rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, inklüziv təhsilin genişləndirilməsi, psixoloji xidmətlərin inkişafı, zorakılıq və erkən nikah hallarının qarşısının alınması, həmçinin uşaqların qərar qəbuletmə proseslərində iştirak imkanlarının artırılması olmalıdır:

"Uşaqların təhlükəsizliyi və sağlam inkişafı cəmiyyətin gələcəyinin təminatıdır. Buna görə də dövlət qurumları, vətəndaş cəmiyyəti, media və ailələr bu istiqamətdə birgə və sistemli fəaliyyət göstərməlidirlər. Uşaqların hüquqlarının etibarlı müdafiəsi yalnız hüquqi mexanizmlərlə deyil, həm də sağlam ictimai münasibət və yüksək maarifçilik səviyyəsi ilə mümkündür."