Gender əsaslı zorakılıq bütün dünyada aktual problem olaraq qalmaqdadır. Bu problemlə istənilən ölkədə, istənilən şəhərdə və hər bir sahədə rastlaşmaq olar. Etiraf edək ki, gender əsaslı zorakılığın ailə daxilində baş verən formaları daha fəsadlı olur. Yeri gəlmişkən, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkə əhalisinin ailədə zorakılıq fenomeninə ümumi münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Həmin sorğuda kifayət qədər diqqətçəkən cavablar mövcuddur. Telefon sorğusunda respondentlərə iki mühakimə təqdim edilib, onlardan yalnız birini seçmək təklif olunmuşdu. Bu mühakimələr “Ailə münasibətlərində heç bir halda zorakılıq/şiddət tətbiq etmək olmaz” və “Ailədə bəzi hallarda zorakılığın tətbiqi qaçılmazdır” kimi səsləndirilmişdir. Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Rəyi soruşulanların 77,1 faizi ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmədiyi halda, 21,9 faiz bəzi hallarda bunun qaçılmaz olduğunu qeyd edib. 1.0 faizi isə sualı cavablandırmaqda çətinlik çəkib. Cavabların demoqrafik göstəricilərə görə bölgüsü maraqlı tendensiyaları üzə çıxarıb.
Genderə görə bölgüyə əsasən, ailədə bəzi hallarda zorakılığın tətbiqini qaçılmaz hesab edənlər arasında kişilər qadınlardan təqribən iki dəfə çox olub. Onların 30,2 faizi bu cavabı seçdiyi halda, qadınlar arasında analoji göstərici 14,6 faiz təşkil edib. Heç bir halda qəbul etməyənlər isə kişi respondentlərin 67,6 faizi, qadın respondentlərin 85,4 faizidir.
Qeyd edək ki, ailə vəziyyətinə görə boşanmış kateqoriyasına aid olan respondentlər arasında müəyyən hallarda ailədə zorakılığı məqbul hesab edənlərin faiz göstəricisi digər qruplara nisbətən yüksəkdir (42,9faiz). Bu fikirlə ən az razılaşanlar isə dul respondentlər arasındadır (14,3 faiz) və məhz bu qrupda heç bir halda ailədə zorakılığı məqbul hesab etməyənlər ən çox faiz göstəricisinə malikdir (85,7 faiz). Ailədə zorakılığın yolverilməzliyi fikri ilə az razılaşma faizi isə boşanmış respondent qrupundadır.
Yaşayış yerinə görə bölgüdən aydın olur ki, bəzi stereotiplərə baxmayaraq, kənd və şəhər tipli yaşayış yerlərindən olan respondentlərin ailədə zorakılığa münasibəti demək olar ki, oxşardır. Kənd yerlərindən olan respondentlərin 78,6 faizi ailədə heç bir halda zorakılığı tətbiq etməyi yolverilməz hesab edərkən, şəhər yerlərində bu göstərici 78,1 faizdir. Zidd fikirlə isə, yəni bəzi hallarda zoraklığın yolverilən olması ilə kənd yerlərində 18,3 faiz, şəhər yerlərində isə 21,9 faiz razılaşıb. Kənd tipli yaşayış yerlərindən olan respondentlərin 3,2 faizi cavab verməkdə çətinlik çəkib. Diqqət çəkən məqam odur ki, suala məhz qəsəbə tipli yaşayış yerindən olan respondentlərin cavabları digərlərindən əhəmiyyətli dərəcədə seçilir. Belə ki, onların 66,7 faizi ailədə zorakılığı yolverilməz hesab etdiyini bildirdiyi halda, 33,3 faizi zorakılığı bəzi hallarda qaçılmaz hesab edib.
Yaşa görə bölgüdə məişət zoraklılığına ən dözümsüz münasibət yaşı 65-dən yuxarı olan respondentlərə aiddir. Onların 96,2 faizi heç bir halda zorakılığın yolverilən olmadığını qeyd edib. Bu yaş kateqoriyasında respondentlərin heç biri ikinci mühakiməni seçməyib. Zorakılığa dözümsüzlük üzrə yüksək faiz göstəriciləri həm də yaşı 18-25 və yaşı 56-65 olan iki demoqrafik qruplara aiddir. Birincilərin 83,6 faizi, ikincilərin isə 84,5 faizi zorakılığı yolverilməz hesab edib. Ailədə zorakılığın yolverilməz olduğunu ən az seçənlər 36-45 yaşlı respondentlərdir. Onların cəmi 68,9 faizi bu cavabı verərkən, 31,1 faizi bəzi hallarda ailədə zorakılığın qaçımazlığını qeyd ediblər. Məşğuliyyət növlərinə gəldikdə isə, ailədə zorakılığın tətbiqinə ən çox dözümsüzlük evdan qadınlar, tələbələr və təqaüdçülər arasındadır.
Mövzu ilə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, gender bərabərliyi geniş sahəni əhatə etdiyindən bu məsələnin ilk növbədə ailədə təmin olunması çox vacibdir: “Ailə dövlətin kiçik bir modelidir. Gender bərabərliyinin pozulması ailə münasibətlərində ciddi problemlərə yol açır. Ailədə bölgünü düzgün aparmaq lazımdır ki, normal münasibətlər formalaşsın və tərəflərin biri özünü digərindən üstün hesab etməsin. Bu gün Azərbaycanda ailələrin əksəriyyətində bərabərlik təmin olunmur. İstər kişi, istərsə də qadın bu bərabərliyi pozur. Kim çox pul gətirirsə fikirləşir ki, ailənin böyüyü odur. Bu münasibətlərin tənzimlənməsi üçün insanları maarifləndirməyə ehtiyac var. Əvvəlcə özümüzə gender bərabərliyinin izahını verməliyik. İnsanlar bərabərlik anlayışından qorxmamalıdır. Bunu yalnız maarifləndirmə işləri apararaq izah etmək mümkündür”.
Onun fikrincə, bu istiqamətdə mütləq elmi təhlillər aparılmalıdır: “Gender əsaslı zorakılığın qarşısını almaq üçün də yenə maarifləndirmə işinə ehtiyacımız var. Dövlət tərəfindən lazımi addımlar atılsa da, inzibati tədbirlər kifayət etmir. İnsanlar bu məsələyə diqqət ayırmalıdır. Cəmiyyətin şüurunda dəyişiklik olmalıdır. Gender bərabərliyinin nə olduğunu dərk etmirik. Bizdə bu məsələ tərəflərdən birinin digərinin yerini alması kimi qəbul edilir. Lakin gender bərabərliyi kişinin qadının yerini alması və ya qadının kişinin yerinə keçməsi demək deyil. İnsanlar arasında diskriminasiya yolverilməzdir. Biz hamımız bir toplumun içində yaşayırıq. Bu toplumun içində siyasətçi, alim, fəhlə, kəndli, şəhərli yaşayır. Öz üzərimizə düşən vəzifəni yerinə yetirsək gender bərabərliyi problem olaraq gündəmə gəlməz”.
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova isə qeyd edib ki, ailədaxili münasibətlərdə zorakılığa səbəblər müxtəlifdir: “Belə ki, çox vaxt zorakılıq göstərən tərəfi günahlandırsalar da, burada məsələyə birtərəfli yanaşmaq doğru deyil. Yəni, əgər ailədə zorakılıq varsa, burada hər iki tərəfin də rolu var. Ancaq təbii ki, bu həmişə belə olmur. Ümumiyyətlə, zorakılıq arzuolunmaz bir haldır və xüsusilə də, ailədə zorakılığa yer yoxdur. Əgər bir ailədə zorakılıq varsa, deməli, bu ailə sağlam mövqedə deyil. Eyni zamanda ailə üzvlərindən birində və ya hər ikisində psixoloji problem var. Psixi sağlamlığı yerində olmayan şəxsin zorakılığa meyilli olması isə təbiidir".
Ekspert vurğulayıb ki, zorakılığa məruz qalan qadının böyütdüyü uşaq da cəmiyyətə faydalı olmur: "Bu kimi hallar ailədəki uşaqlara da ciddi təsir göstərir. Ailədə zorakılıq görən qadının böyütdüyü uşaq cəmiyyətə faydalı olmur. Təbii ki, burada da istisnalar yox deyil. Bəzi qadınlar zorakılığa məruz qalsalar da, xaraktercə möhkəm olur və buna görə də, ailədə vəziyyətə nəzarət etməyi, uşaqlarına dəstək olmağı bacarırlar. Yəni, onlar uşaqlarını ataya qarşı mənfi fikirlərlə doldurmur, əksinə bütün gücləri ilə ailələrini xilas etməyə çalışırlar. Bax, belə ailələrin uşaqları cəmiyyətə faydalı olurlar. Digər bir ailə növündə isə ana zorakılığa məruz qaldıqda depressiyaya düşür və əgər belə demək mümkünsə, həyatdan əlini üzür. Belə ailədə böyüyən uşaq da cəmiyyətdə uğur qazanmaq istəmir, ya da uğur qazanmaq istəyir, ancaq bunu necə edəcəyini bilmir. Çünki valideyn ailədə vəziyyətə nəzarət etmir və ən əsası, uşağa dəstək olmur. Bu şəkildə isə ailədə ancaq aqressiv fərdlər formalaşır. Nəticədə, belə ailədə böyüyən uşaq ya ailədə gördüyü zorakılığı başqasına tətbiq edir, ya da cəmiyyətdə cinayət yolunu tutur. Digər tərəfdən, belə vəziyyətdə ən çox müşahidə olunan hallardan biri də o uşaqların narkomaniyaya qoşulmasıdır. Bir sözlə, bu cür ailələrdə ancaq ünsiyyət qura bilməyən və ailə qurmaqdan qorxan fərdlər yetişir".
V.Rəşidova onu da deyib ki, bəzi hallarda zorakılığa məruz qalan qadınlar heç bir səbəb olmadan döyülürlər: “Bu vaxt məlum olur ki, qarşı tərəf ya anasını, ya atasını özünə nümunə götürür, ya da bu şəxsin psixoloji problemləri var. Bu kimi insanların müalicə alması mütləqdir. Çünki, zorakılıq bir dəfə oldusa, ikinci, üçüncü dəfə də ola bilər. Digər tərəfdən, zorakılıq tətbiq edən adama aqressiya göstərmək də doğru deyil. Belə olduqda, həmin adam daha da qıcıqlanır. Məsələn, qadın gedib kişiyə desə ki, "Mən boşanacağam" və ya "Atama, anama deyəcəyəm", təbii ki, onda kişi daha çox zorakılıq tətbiq edəcək. Çünki, onun psixologiyası yerində deyil və nə etdiyinin fərqinə varmır. Həmin situasiyalarda qadın kişiyə dəstək olmalıdır. "Sən belə insan deyilsən", "Bu sənin xarakterin deyil", "Gəl, bu problemi birlikdə həll edək" kimi sözlər deyilməlidir. Yəni, əgər problem varsa, ondan qaçmaq yox, onunla üzləşmək lazımdır. Əgər danışıqlarla bu problem öz həllini tapmırsa, o zaman psixoloq dəstəyi qaçılmazdır".