Azərbaycan idman ölkəsinə çevrilib

22:20 19.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi dövlətin əsas prioritetlərindəndir. Azərbaycan müstəqillik əldə etdikdən sonra idmana və bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

İdman psixoloji sarsıntılardan qoruyur

Mütəxəssislər bildirirlər ki, idman insanların sağlamlığına xidmət edən ən mühüm vasitə, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir. İdman gənclərin təkcə fiziki inkişafına deyil, həm də onların emosional və mənəvi inkişafına faydalı təsir göstərir. Beləliklə, idman gənclərin həyat qabiliyyətli və ictimai fəal gənc nəslin hazırlanmasında çox mühüm rol oynayır. Gənclərin mədəniyyətininin formalaşmasında qurucu element kimi çıxış edir. Çünki gənc nəsil cəmiyyətin çox mühüm sosial-struktur tərkib hissəsidir və gələcəkdə cəmiyyət də məhz onlardan formalaşırr. Erkən yaşda insanlarda davranış, ünsiyyət, sosial münasibətlər mədəniyyətini formalaşdırmaq lazımdır ki, buna da məhz idman töhfə verir.
Tədqiqatçılar müəyyən ediblər ki, gənclərin sağlamlığının formalaşmasına təsir edən amillər sırasında bədən tərbiyəsi və idmanın payı 15-30 faiz arasında dəyişir. Erkən yaş dövründən bədən tərbiyəsi ilə məşğul olmağa başlamaq məqsədəuyğundur, çünki uşaq kiçik yaşlarından ahəngdar inkişaf edəcək, məsuliyyətli olmağı öyrənəcək, iradə və dözümlülük qazanacaq ki, bu da sonradan onun hərtərəfli inkişaf etmiş şəxsiyyət olmasına imkan verəcək.
Bu sahəyə dövlət qayğısı Azərbaycanı dünyada həm də idman ölkəsi kimi tanıdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uşaq və gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Ötən illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər. Müstəqilliyimizin ilk illərinə nəzər saldıqda, idman nailiyyətlərinin yüksələn xətlə artdığının şahidi olarıq. Bu baxımdan, idmançılarımızın olimpiya oyunlarında nəticələri də qənaətbəxş qiymətləndirilməlidir.

Nüfuzlu idman yarışlarına ev sahibliyi

Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsidir. Belə ki, 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. 2005-ci ildə bədii gimnastika üzrə 27-ci dünya çempionatı da Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak edib.
Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.
2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanıb.
Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də "Bakı-2015” Avropa Oyunları olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı. Bundan başqa, Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, "Formula-1” yarışları, İslam Həmrəylik Oyunlarını da xüsusi qeyd etmək lazımdır.

Parisdə tarix yazanlar

Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin diqqət mərkəzində saxlanılması bu yaxınlarda idmançılarımızın Parisdə keçirilən Yay Olimpiya Oyunlarında göstərdikləri uğurlu çıxışları ilə bir daha təsdiqini tapır. Belə ki, artıq iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən Yay Olimpiya Oyunları başa çatıb. Fransanın paytaxtında 10 mindən çox idmançı ilə yanaşı, bunun üçün 41 olimpiya lisenziyası qazanan ölkəmizin təmsilçiləri də mübarizə apardılar. 2 qızıl, 2 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında 30-cu yeri tutdu. Bu nəticə ümumi komanda hesabında Azərbaycanın tarixində ən yaxşı nəticədir. Qazanılan medallara görə əvvəlki Olimpiada ilə müqayisə etsək, Parisdəki Oyunlar ölkəmiz üçün London-2012-dən sonra ikinci ən yaxşı oyundur. İndiyədək Oyunlarda 2 qızıl və 2 gümüş də var idi, amma bu dəfə iki bürünc medal artıq qazanıldı.
Xatırladaq ki, Paris Olimpiadası Azərbaycan idmançılarının müstəqil ölkənin təmsilçiləri kimi iştirak etdiyi doqquzuncu Olimpiada idi. İdmançılarımız 1952–1988-ci illərdə SSRİ yığmasının, 1992-ci ildə isə MDB millisinin tərkibində çıxış ediblər. 206 ölkə arasında son 30-cu yer isə Azərbaycan üçün Oyunlarda müstəqil iştirak etdiyi bütün dövr ərzində ən yaxşı göstərici oldu. Bundan əvvəl Azərbaycan üçün ən yaxşı göstərici “London 2012” Yay Olimpiya Oyunları olub. Londonda idmançılarımız ümumi komanda hesabında 204 ölkə arasında 32-ci yeri tutmuşdular.