COP29-un vəd etdiyi imkanlar

10:52 07.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a hazırlaşır. 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək tədbir çərçivəsində ölkəmizə 60 mindən çox qonağın gələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, COP (Conference of the Parties; Tərəflərin konfransı) İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının (UNFCCC) qərar qəbul edən orqanıdır. UNFCCC 21 mart 1994-cü ildə qüvvəyə minib. Konvensiyanı ratifikasiya etmiş 198 ölkə Konvensiyanın Tərəfləri adlanır. UNFCCC-nin əsas məqsədi insanın iqlim sisteminə müdaxiləsinin qarşısını almaqdır. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər Konvensiyanın icrasını nəzərdən keçirdikləri COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. Bu məlumat əsasında COP Konvensiyanın məqsədlərinə nail olmaq üçün görülən tədbirlərin nəticələrini və Tərəflərin əldə etdiyi irəliləyişi qiymətləndirir. COP-in ilk iclası 1995-ci ildə keçirilib. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak edib. İştirakçıların tərkibində əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edən nümayəndələr, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər olub. COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdil səsverməsi nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi qərara alınıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Azər Allahverənov bildirib ki, COP29-un məhz Azərbaycanda keçirilməsi müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır: “BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu konfrans qərar verən tərəflərin həmin tədbirin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır. Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Çünki Azərbaycanda, yəni, Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir. Məlum olduğu kimi, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Son illər həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycanda “yaşıl enerji”nin istehsalı istiqamətində həyata keçirilən tədbirlər isə həm miqyasına, həm də həcminə görə misli görünməyən hədəflərin əldə olunmasına hesablanıb. “Yaşıl enerji”nin istehsalı barədə danışarkən Qarabağda bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışmamaq mümkün deyil. Belə ki, 30 ilə yaxın işğal dövründə Ermənistan həmin ərazilərdə “boz zona” yaratmışdı. Düşmənin işğalçılıq siyasəti nəticəsində həmin ərazilərin flora və faunası məhv edilmişdi. Eyni zamanda, Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılmış, kənd təsərrüfatı ziyan görmüş­dü. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz “boz zona”nın “yaşıl zona”ya çevrilməsinə imkan yaradıb”.

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi üçün növbəti məkan olaraq məhz Azərbaycanın seçilməsi də ölkəmizə olan yük­sək etimaddan irəli gəlir. COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar beynəlxalq aləmin hər bir üzvünün razılığı əsasında mümkün olub. Bu da təsadüfi deyil. Çünki dünyada sabitlik məkanı, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınan Azərbaycan ötən illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edib. Bu mənada hazırda dünya ölkələri, eləcə də bir sıra tanınmış enerji mərkəzləri Bakını COP29-un keçirilməsi üçün ən əlverişli məkan kimi qiymətləndirirlər”.

Ekspert vurğulayıb ki, bərpaolunan enerji potensalı ilə zəngin olan Azərbaycan bu sərvətlərdən istifadə sahəsində mühüm addımlar atmaqdadır: “Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin istifadəyə verdiyi “Qaradağ” Günəş Elektrik Stansiyası tədricən işə düşür. Bir qədər sonra burada artan həcmlər özünü göstərəcək. Bunun da hesabına 2024-cü ildə ölkəmizdə günəş enerjisinin istehsalı ötənilki səviyyəni 5-6 dəfə üstələyə bilər. Düşünürəm ki, 2025-ci ildən biz artıq ilk dəfə olaraq alternativ və bərpaolunan enerji mənbələrindən istehsalın hiss ediləcək səviyyəyə gəlib çatmasının şahidi olacağıq. Bəs, bu nəyin hesabına baş verəcək? “Qaradağ” Günəş Elektrik Stansiyasının maksimal istehsal gücünə çatması ilə yanaşı, tam 2025-ci ilin birinci rübündə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti də 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını işə salacaq. Ümumilikdə isə, mənə elə gəlir ki, 2025-ci ildə Azərbaycan bərpaolunan enerji mənbələrindən ilk milyard kilovatsaat elektrik enerjisinin alınmasını qeyd edə bilər. Sonrakı illərdə bu həcmlər yeni-yeni günəş və külək elektrik stansiyalarının istismara verilməsi hesabına getdikcə artacaq. Düşünürəm ki, 2026-2027-ci illərdə ölkəmizdə “yaşıl enerji”nin istehsalında böyük sıçrayışlar baş verəcək”.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirir ki, Azərbaycan bu tədbirin yüksək səviyyədə reallaşması üçün bütün resurslarını səfərbər edir: “Bu konfransın Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın əsas göstəricisidir. 30 il işğal altında olan torpaqlarımızda Ermənistan böyük ziyan vurub. COP29-da bu zərərin aradan qaldırılması üçün imkanlar olacaq. Azərbaycanın ekologiyanın mühafizəsi üçün beynəlxalq konvensiyalara qoşularaq üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. COP-un məqsədlərindən biri də karbon qazının miqdarını sənayeləşdirmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. COP29-da beynəlxalq ictimaiyyətin indiyə qədər gördüyü işlər, bundan sonra görəcəkləri işlər, qarşıdakı strategiyalar müzakirə olunacaq. Azərbaycanın indiyə qədər qarşılaşdığı ekoloji problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Qarabağdakı ekoterroru bura gələn beynəlxalq təşkilatın nümayəndələrinə məlumat vermək imkanımız olacaq. COP29-da, əsasən, üç məsələ müzakirə olunacaq. Bu məsələlər atmosferə buraxılan karbon emissiyalarının azaldılması, adaptasiya və maliyyədir. COP29-un Azərbaycanda keçirilməsi “yaşıl enerji”yə olan fəallığı daha da artıracaq”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli deyib ki, COP29-un Azərbaycanda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür: "Qeyd etmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsi ilk öncə beynəlxalq arenada ölkəmizin nüfuzunu artıracaq. Eyni zamanda, bu tədbirin ölkəmizdə keçirilməsi bərpaolunan enerji üzrə yeni imkanlar açacaq və bu sahəyə investisiya mühitinə müsbət təsir edəcək. Belə ki, bu sahədə fəaliyyət göstərən böyük şirkətlərin marağı ölkəmizdə olacaq. Bu da gələcəkdə ölkəmizin "yaşıl enerji" potensialının artmasına və ixracatına böyük təsir edəcək. COP29-un ölkəmizin "yaşıl enerji" siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu istiqamətdə çox sürətli işlər həyata keçirilməkdədir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və "yaşıl enerji"yə keçid əsas istiqamətlərdəndir. Alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40 faizə qədər artırılması nəzərdə tutulub. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir".