Ailə qurmaq, ana olmaq böyük məsuliyyət tələb edir. Hər ana istəyər ki, azyaşlı övladının tərbiyəsi ilə özü məşğul olsun, onun gözəl anlarını, addım-addım necə böyüdüyünü izləsin. Bir çox hallarda həyat şərtləri buna imkan vermir. Analar övladlarını dayələrə etibar etmək məcburiyyətində qalırlar.
Əslində, dayəlik tarixən daha çox yüksək təbəqədən olan, vəzifəli, məqam sahibi şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən insanlar idi. Zaman keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Dayəlik, adətən, iş tapa bilməyən qadınların yeni qazanc yeri hesab edilir. Dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb-durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli o, normal dayə hesab oluna bilər. Belə düşüncələr illərdir ki, bu sahədə inkişafa şərait yaratmır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır.
Bəs, görəsən ailədə uşağın tərbiyəsi ilə ana yoxsa, dayə məşğul olmalıdır?
Qeyd edək ki, son zamanlar ölkəmizdə “dayəlik institutu” ilə bağlı müraciətlər artıb. Amma işini itirməmək üçün azyaşlı uşağına dayə tutan analar, buna razılıq verən ataların əksəriyyəti az keçmədən qəbul etdikləri qərara görə təəssüflənirlər. Uşağını dayəyə etibar edəndə evin açarları da ona etibar edilir. Bu isə bir çox hallarda uşağa qarşı zorakılıq və digər neqativ hallarla müşayiət olunur. Düzdür, dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində, uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgidolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.
Psixoloqların sözlərinə görə, laylalar, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Həmçinin bildirirlər ki, uşağı hər “dayəyəm” deyənə etibar etmək olmaz. Bəzən 3-4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Hər bir valideyn övladını yaxşı anaya deyil, yaxşı mütəxəssisə etibar etməlidir. Üç-dörd övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər. Buna görə də dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib – içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib-soyunmasına yardım etməlidir. Ümumiyyətlə, uşağı ən azı 2 ayından sonra dayəyə etibar etmək olar. Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli olmalıdır. Uşaq üçün seçilən dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini, başa salmalıdır. Belə olduğu halda, uşağın dayəyə alışması uzun müddət çəkmir.
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova bildirib ki, ilk növbədə dayə məsələsini düzgün anlamaq lazımdır: “Məsələn, bir çoxları elə düşünür ki, əgər dayə tutublarsa, deməli, bütövlükdə uşağın hər bir qayğısını sona qədər dayə çəkməlidir. Əslində belə deyil. Normativdə də budur ki, dayə ana-atanın evdə olmadığı saatlarda ona diqqət və qayğını göstərir, valideynlər işini bitirib evə gəldikdən sonra mütləq şəkildə evdə uşaqla vaxt keçirməlidir. Belə olmadığı haqda, uşaq daim dayənin qayğısı altında qalır, valideyn sevgisindən məhrum olur ki, bu da onun psixikasında ciddi neqativ izlər buraxır. Əksər hallarda uşaqlar bu neqativlikləri, ondan yaranan depressiya halını daxilində gizlədirlər. Zaman keçdikcə isə bu neqativliklər başqa travmalara çevrilir, sevgi doyumsuzluğu yaranır, uşaq valideyninə “sən mənə baxmadın, qayğı göstərmədin” kimi aqressiya nümayiş etdirir. Onu da qeyd edim ki, bir çox psixoloji problemlər elə sevgi doyumsuzluğundan yaranır. Olur ki, uşaq sevgini daim dayədən aldığından onda dayədən asılılıq yaranır. Pasiyentlərim arasında da olub ki, dayə ilə aralarında asılılıq yarandığından, müəyyən vaxtdan sonra dayə dünyasını dəyişəndə ağır depressiyaya düşüb. Valideyninin yanında olması belə ona təsir etməyib, anasına qarşı heç bir hiss yaşamayıb. Bu baxımdan valideynlər hər zaman övladlarına qarşı diqqətli yanaşmalı, ona qayğı, sevgi verməlidir”.
Mütəxəssis bildirib ki, valideyn körpə ikən övladını özü yatızdırmalı, nağıl danışmalı, boş zamanlarında övladı ilə oyunlar oynamalıdır:
– Fikrimcə, ana 3 yaşına qədər övladına özü baxmalı, qayğısına qalmalıdır. Üç-beş yaş uşağın eqosentrik dövrüdür, “mən”in formalaşdığı vacib etapdır. Yəni 3-5 yaşda fərd formalaşır, valideyn bu dövrdə nə qoyursa, övladı o olacaq. Həmin dövrü valideyn övladı ilə doya-doya keçirməlidir ki, boşluq məhz bu yaşda başlayır. Üç-beş yaş arası keçdikdən sonra dayə tutmaq olar. Uşağı 3-5 yaş arasında dayə formalaşdıranda onun həmin dayənin xarakterində, onun ruh halında formalaşır və ana-atası ilə aralarında olan bağlılıq qopur. Yəni uşaq valideyninin sevgisini hiss etməli, yaşamalıdır. Dayə uşağa nə qədər qayğı göstərsə də, valideynin yerini doldura bilmir. Sonda da boşluqlar içərisində aqressiv, travmalar yaşayan bir fərd ortaya çıxır. Bir sözlə, dayə tutanda bundan sui-istifadə etmək lazım deyil. Eyni zamanda, nənələrdən də sui-istifadə etmək doğru hal deyil.
Bilirik ki, Azərbaycanda əksər valideynlər dayə tutmasa da, övladlarını nənənin öhdəliyinə verir, dayə kimi övladına baxmasını istəyir. Yəni uşağı nənəsinin üstünə atırlar ki, sən baxmalısan. Bu da düzgün deyil, onsuz da nənə zatən yorulub, ömür boyu övladlarına baxıb, böyüdüb, indi də sizin uşaqlarınızı böyütmək məcburiyyətində deyil.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bu gün dayələrin uzunmüddətli təhsil almalarına o qədər də ehtiyac yoxdur:
– Sadəcə, onların müəyyən təlim görmələri vacibdir. Bu təlimin, təhsilin olmaması onların gələcəkdə öz hüquqlarından xəbərsiz olmalarına şərait yaradır. Onlar şəxsi münasibətlər hesabına işə düzəlirlər, işdən çıxarılarkən əvvəlcədən xəbərdar edilmirlər. Bəzən müqavilələrin olmamasında dayələr də maraqlı olurlar. Çünki onlar dövlətə vergi ödəmək istəmirlər, amma bunun hüquqi tərəfləri ilə maraqlanmırlar.
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı isə vurğulayıb ki, dayə tərbiyəsinin uşaqların inkişafında önəmli rolu var:
– Dayələr uşaqların tərbiyəsində mühüm rol oynayırlar. Onların uşaq psixologiyasına təsiri, dayəni seçən şəxsin onu hansı meyarlar əsasında seçməsindən asılıdır. Bundan başqa, dayələr kifayət qədər öz sahələrinin bilicisi olmalıdırlar. Onlar sadəcə uşağı yedirib-içirən şəxs deyil, çünki bu halda onlar bağçalardakı texniki işçilərdən fərqlənməzlər.
Psixoloq valideynlərə dayə seçərkən diqqət etməli olduqları məqamlara da toxunub. Onun sözlərinə görə, dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacibdir:
– Uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Yaxşı olar ki, dayə seçərkən onun hansısa müəssisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm versinlər. Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına diqqət edilməlidir. Ümumiyyətlə, dayə həm də yaradıcı şəxs olmalıdır ki, uşağı da yaradıcılığa meylləndirsin. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri olmur.