Evlənənlərin sayı azalır

16:49 22.09.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illərdə ölkəmizdə evlənənlərin sayında ciddi azalma müşahidə olunur. Bu tendensiyanı rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, statistik məlumatlara görə, 2002-ci ilə ildə ölkəmizdə 41 min 661 nəfər nikaha daxil olub. Bu rəqəm 2003-cü ildə 56 min 91, 2004-cü ildə 62 min 177 nəfərə çatıb. Azərbaycanda evlənənlərin sayı 2005-ci ildə 71 min 643, 2006-cı ildə də 79 min 443 nəfər olub. 2007-ci ildə rəsmi nikaha daxil olanların sayı 81 mini keçib. Sözügedən ildə toplam 81 min 758 nəfər ailə həyatı qurub. Lakin növbəti ildə evlənənlərin sayında cüzi də olsa azalma qeydə alınıb: 79 min 964 nəfər. Azalma tendensiyası 2009-cu ildə də davam edərək 78 min 72 nəfərə düşüb. Buna baxmayaraq, 2010-cu ildə ailə quranların sayı 79 min 172 nəfərə yüksəlib. 2011-ci ildə nikaha daxil olanların sayında son 20 il ərzindəki ən yüksək göstərici qeydə alınıb.

Həmin ildə 88 min 145 nəfər evlənib. Ancaq 2012-ci ildə ailə həyatı quranların sayı kəsin azalaraq 79 min 65 nəfərə qədər azalıb. 2013-cü ildə nikaha daxil olanların sayı artaraq 86 min 852 nəfər, 2014-cü ildə 84 min 912 nəfər təşkil edib. 2015-ci ildən etibarən isə evlənənlərin sayında ciddi geriləmə baş verib. Həmin ildə rəsmi ailə həyatı quranların sayı 68 min 773, növbəti il 66 min 771, 2017-ci ildə 62 min 923, 2018-ci ildə isə 62 min 484 nəfər olub. 2019-cu ildə il ərzində evlənənlərin sayı bir qədər yüksələrək 63 min 869-cu ilə qalxsa da, pandemiyanın yaşandığı 2020-ci ildə nikaha daxil olanların sayı kəskin  aşağı düşüb. Belə ki, koronavirusun tüğyan etdiyi ildə evlənənlərin sayı sadəcə 35 min 348 nəfər olub. Lakin sonrakı iki ildə bu statistikada artım baş verib. 2021-ci ildə 56 min 314, 2022-ci ildə isə 61 min 939 nəfər il ərzində rəsmi nikaha daxil olub. Bu ilin yanvar-iyul aylarında isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah qeydə alınıb. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb.

Ümumiyyətlə, statistika onu göstərir ki, təkcə ölkəmizdə deyil, qloballaşan bütün dünyada gənclər evliliyi gecikdirməyə, tək yaşamağa üstünlük verirlər. Avropa Statistika İdarəsinin məlumatına görə, hazırda dünyada ən gec evlənənlər almanlardır. Belə ki, orta yaş 33,1 olan Almaniya gəncləri ən gec evlənən ölkədir. Amerikada orta evlilik yaşı 27,9 olduğu halda, Avropa qitəsi daha gec evlənir. Asiya və Afrika qitələrində isə gənclər daha erkən yaşlarda evlənir. Ən aşağı orta nikah yaşı olan ölkə 21,9 ilə İndoneziyadır. Daha sonra bu sırada Hindistan, Banqladeş kimi ölkələr gəlir.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı bildirib ki, son illər evlənmə və boşanma nisbətində çox ciddi disbalans müşahidə edilir: “Boşanmalar 50 faizə çatıb, bu, ciddi siqnaldır. Evlənmələrin kəskin azalması da məsələnin digər problemli tərəfidir. Bunun da iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji deqradasiya, gənclərlə bağlı aparılan təbliğatlardır. Gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun və gələcəkdə evlənmə məsələsinə baxarsınız. Bu da çox zərərli təbliğatdır və nəticələrini də görürük. İkincisi, gənclərə daim əyləncə təbliğ olunur və onlarda da belə bir fikir formalaşır ki, evlənib ailəyə diqqət, qayğı göstərib pul xərcləməkdənsə, bunu özümə xərcləyərəm. Yəni gənclər eqoist bir əhval-ruhiyyədə formalaşırlar. 20-30 ildir davamlı təbliğatın nəticəsi dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib”.

Onun fikrincə, gənclərin evlənməməsinə sosial-iqtisadi vəziyyət də təsir göstərib: “Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik, Azərbaycanda gənclərin 90 faizinin ev almaq imkanları yoxdur. Ev ala bilməyəndə də maaşla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də evi olmayan, tək özünü belə dolandıra biləcək gəncdən evlənməyi gözləmək olmaz. Bu da sosial problemlərin təsiridir. Bütün bunlar milli genefondumuza və ailə institutuna ciddi zərbə vurur. Bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır”.

Məsələ ilə bağlı psixoloq Vəfa Əkbər bildirib ki, gənclərin formalaşması həm bioloji, həm psixoloji baxımdan müəyyən yaşdan sonra baş verir: “Otuzyaşlı şəxs həm fiziki, həm də psixoloji baxımdan evliliyə hazır olur. İnsanların ayaqda durması və müstəqil həyata qədəm qoyması üçün daha çox zamana ehtiyacı var. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qurmaq istəyirlər. Əslində, müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur. Gec yaşda ailə quran insan onun qədrini daha çox bilir. Ailəsinə daha çox bağlı olur. Gənclər status üçün evlənirsə, ailə təməli çox zəif qurulur".

Mütəxəssis hesab edir ki, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar: "İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı evlilik yaşı keçsə belə, evliliyə məcbur etmək olmaz".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, kişi və qadınların gec evlənməsi bir neçə aspektlə bağlıdır: “Gənclər təhsil və karyera yüksəlişinə vaxt ayırırlar və evlənməkdə gecikirlər. Yəni başı işləməyə, pul qazanmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən, iş başında olan insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub, həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Əslində, əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır. Təcrübə göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt asılılıq yaradır”.

Onun sözlərinə görə, indi valideynlərlərin çoxu gənc ailəyə dəstək olmaq istəmir. Daha çox dağıdıcı rolunda çıxış edirlər: “Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Müşahidə edirik ki, hazırda 30-40 yaşlarında ailə qurma halları mövcuddur. Bu hal genofondumuz üçün təhlükədir. Bu cür nəticə sonsuzluğa gətirib-çıxarmaqla yanaşı, uşaqların doğum hallarının azalmasına səbəb olur. Fikrimcə, 25-30 yaş evlənmək üçün münasib vaxtdır. Bu yaşda onların məsuliyyəti artır, həyata baxışı dəyişir”.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı deyib ki, son vaxtlar evliliklərin azalmasının deyil, boşanmaların artmasının əsas səbəbini araşdırmağa ehtiyac var: “Bu gün gənclər arasında yeni bir tendensiya mövcuddur. Onlar söyləyirlər ki, xasiyyətlərimiz uyğun gəlməsə, ayrılacağıq. Buna görə də rahat davranırlar. Bəziləri azadlıq anlayışını düzgün anlamırlar. Bu səbəbdən aqressiya artır. Hər şeyin ən idealını istəmək, insanların empati duyğularının zəifliyi, dinləmə bacarığının olmaması ailədə problemlərə səbəb olur. Çütlüklər arasında ziddiyyətlər isə sonda boşanmaya gətirib çıxarır. Qəribəsi odur ki, insan artıq bir-birinə tab gətirə bilmirlər. Nəinki ailə uzunmüddətli dostluq münasibətləri belə yox səviyyəsindədir. Sanki ətrafa qarşı özgüvənsizlik duyğusu var. İndiki gənclərin həddindən artıq sərbəst düşüncə altında ailə dəyərlərini məhv etməsi haqlı olaraq yaşlı nəsilin xoşuna gəlmir. Onlar da bunu ailələrin münasibətə qarışması kimi başa düşürlər. Ona görə daha da hiddətlənirlər. Elə bir dönəmdir ki, insanlar azadlıq anlayışını özlərinə sərf edən tərzdə başa düşürlər".