Bu gün Azərbaycanda qadın hüquqlarının təminatı, gender bərabərliyinin qorunması istiqamətində yüksək nəticələr əldə edilib. Təbii ki, bu məsələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini mütləq şəkildə vurğulamaq lazımdır. Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirmiş, yüzlərlə qadın məhz onun yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirmiş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışlar. Hələ Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artmışdı. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Həmin dövrdə yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi var idi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycanda qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılaraq, müvafiq qərarlar qəbul olundu. Bu qərarların da müəllifi ulu öndər Heydər Əliyev idi. Beləliklə, Azərbaycan 1992-ci ildə avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul edir.
Heydər Əliyevin qadın problemlərinin dövlət səviyyəsində həlli istiqamətində atdığı addımlar çərçivəsində 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılır. Həmin ildən etibarən Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görməyə başlayır. Heydər Əliyevin iştirakı ilə elə 1998-ci ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutur. Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açır. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.
1998-ci ildə mərhum lider Heydər Əliyev həm də “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalayır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdi. Heydər Əliyev bu Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrdə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) də təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir ki, bu sahədə də ciddi nailiyyətlər əldə olunub.
Ulu öndərin 6 mart 2000-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması və bu kimi mühüm tapşırıqlar öz əksini tapmışdır.
2000-ci ilin ilk aylarında “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.
Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait mövcuddur.
Bu gün Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür.