“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə

20:35 20.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Liberal və dayanıqlı iqtisadiyyat azad rəqabətin üzərində qurulur. Qeyd edək ki, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün şəffaflığın təmin edilməsi əsas şərtdir. Bu istiqamətdə vacib amillərdən biri də kölgə iqtisadiyyatının qarşısının alınmasıdır. Kölgə iqtisadiyyatı rəsmi statistika tərəfindən uçota alınmayan, ictimai qaydalardan kənar qurulmuş iqtisadi münasibətlərdir. Təsadüfi deyil ki, "gizli iqtisadiyyat"ın ümumdaxili məhsulda payının yüksək olması dünyada iqtisadi təhlükəsizliyin mənfi təzahürlərindən biri kimi qiymətləndirilir.

Məlumat üçün bildirək ki, "kölgə iqtisadiyyatı"nın fundamental öyrənilməsinə XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində başlanılıb. İlk dəfə "kölgə iqtisadiyyatı" özünü 1930-cu illərdə İtaliya mafiyasının Amerika iqtisadiyyatına daxil olması ilə büruzə verib. Həmin vaxtdan "kölgə iqtisadiyyatı" hüquq-mühafizə orqanlarının problemindən iqtisadi və ümumdövlət probleminə çevrildi. 1980-ci illərdən başlayaraq "kölgə iqtisadiyyatı" problemlərinin müxtəlif aspektləri müntəzəm keçirilən konfranslarda müzakirə edilməyə başlanıldı. Bununla yanaşı, müxtəlif ölkələrin parlamentləri və hökumətləri tərəfindən "kölgə iqtisadiyyatı"nın öyrənilməsi üzrə işçi qruplar yaradıldı. Bu cür qruplar hazırda Avstriyada, Fransada, İngiltərədə, Portuqaliyada, Hollandiyada, İtaliyada və digər bir sıra ölkələrdə mövcuddur.

“Kölgə iqtisadiyyatı”nın mənfi tərəfləri həm də onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğundan, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsindən və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsindən, işçilərin əməyə motivasiyanın azalmasından və s. ibarətdir.

Azərbaycanda da “kölgə iqtisadiyyatı”na qarşı mübarizə dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev rəhbərliyi altında kölgə iqtisadiyyatının yaratdığı fəsadların aradan qaldırılması, vergidən yayınma hallarının qarşısının alınması və bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Belə ki, 2018-ci ilin əvvəllərindən etibarən Azərbaycanın vergi sistemində keyfiyyətcə yeni mərhələ başlanıb. İslahatların əsas məqsədi ilk növbədə, vergiödəyicilərinin vergi orqanlarına olan inamının artması, vergiödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin qurulması, vergi mədəniyyətinin və intizamının gücləndirilməsi idi.

2019-2020-ci illərdə vergi qanunvericiliyində qeyri-leqal iqtisadiyyatın aradan qaldırılması və iqtisadiyyatın şəffaflaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirildi. Əsas hədəflər qeyri-leqal dövriyyəni aşkar etmək, sahibkarları öz gəlirlərini “ağartmağa” sövq etmək, iş yerlərini leqallaşdırmaq, biznes dövriyyələrinin sənədləşdirilməsinə nail olmaq və bununla da “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına zəmin yaratmaq idi.

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması büdcəyə daxil olan vəsaitlərin həcminin artmasına səbəb olub: “Son illərdə büdcəyə daxil olan vəsaitlərin proqnozlaşdırılandan 2 milyard manat çox olması “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə birbaşa əlaqədardır. Əgər bu istiqamətdə görülən tədbirlər intensivləşdirilərsə, büdcəyə qeyi-neft sektorundan daxilolmalarda milyardlarla manat artım müşahidə ediləcək”.
Ekspert qeyd edib ki, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın əsas istiqamətlərdən biri kimi müəyyən edilib: "Bu sahədə son illər aparılan islahatlar ölçüləbilən və daha real nəticələrin əldə edilməsinə şərait yaradıb. Xüsusilə son dövrlərdə 200 mindən çox yeni əmək müqaviləsinin bağlanması kölgə iqtisadiyyatının ümumdaxili məhsuldakı payının azalmasına imkan verib. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin ümumi hədəflərinə uyğundur. Unutmaq olmaz ki, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas tapşırıq və göstərişlərdən biridir. Ölkədə bunun üçün siyasi iradə var və möhkəmdir. Təbii ki, bu sahədə müsbət nəticələrin əldə olunması xüsusən kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. “Kölgə iqtisadiyyatı”nın həcminin azaldılması sahibkarlığın inkişafı, vətəndaşların məşğulluğunun təmin edilməsi, eyni zamanda sağlam rəqabətin gücləndirilməsi hesabına istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımından çox vacibdir. Ona görə də “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizə təkcə sahibkarlara deyil, bütün vətəndaşlara faydalıdır”.

İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə isə dünyada elə bir ölkə yoxdur ki, oranın iqtisadiyyatında dövriyyə tamamilə şəffaf şəkildə təmin edilsin: “Hər bir ölkədə “kölgə iqtisadiyyatı” mövcuddur. Sadəcə olaraq onun xüsusi çəkisində fərqlər mövcuddur. Məsələn, Yaponiyada və Cənubi Koreyada bu rəqəm çox cuzidir. Qardaş ölkə Türkiyədə kifayət qədər yüksək səviyyədədir. Makroiqtisadi tarazlığı tam şəkildə bərqərar etmək, sağlam mühitli iqtisadiyyat yaratmaq üçün “kölgə iqtisadiyyatı”ndan xilas olmaq lazımdır. Ayrı-ayrı şəxslərin gizli qazancına son qoyulmalıdır. Belə olan halda dövlət qazanacaq. Dövlətin qazanması isə əhalinin sosial rifahının yüksəlməsi ilə nəticələnəcək”.

F.İbrahimov Azərbaycanda “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin azalması üçün hökumət tərəfindən son zamanlar kifayət qədər işlər görüldüyünü vurğulayıb: “Azərbaycan bu sektorda hazırda Qərb dünyasında tətbiq olunan müasir modelləri istifadə edir. Adicə ƏDV geri qaytar proqramı bütün məlumatlı vətəndaşlar tərəfindən istifadə edilir.  Bu proqram sayəsində vətəndaşların özü “kölgə iqtisadiyyatı”na qarşı mübarizə aparır. Nəğdsiz ödənişlər “kölgə iqtisadiyyatı”nın ağardılmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ölkə ərazisində kartla birbaşa ödənişlərə böyük bonuslar verilir. Bunlara baxmayaraq böyük ticarət mərkəzlərində hələ də güzgü metolodogiyası işləmir. Yəni ölkəyə daxil olan mal və onun satışını təmin edən statistik məlumatlar yoxdur. Bu o deməkdir ki, ölkədə “gizli iqtisadiyyat” var. Lakin bu konteksdə olan layihələri artırmaqla tamamilə “kölgə iqtisadiyyatı”ndan xilas olmaq olar”.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənovun da qeyd edib ki, “kölgə iqtisadiyyatı” ümumilikdə həm ölkənin iqtisadi inkişafı, həm də vətəndaşlar üçün problem yaradır: “Məsələn, bəzi şirkətlər vergidən yayınmaq üçün işçilərinə əməkhaqlarının ya hamısını, ya da böyük hissəsini qeyri-rəsmi şəkildə verir. Belə müəssisələr maliyyə göstəricilərini dövlətdən qismən gizlədərək vergidən yayınırlar. Rəsmi şəkildə az məbləğdə maaş alan işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məbləğ az olduğu üçün onların pensiya kapitalı lazımi qədər yığılmır. Həmin vətəndaşların gəliri rəsmi formada az göründüyündən onlar bankdan kredit və ya ipoteka krediti götürmək istəyəndə də problemlə üzləşirlər. Belə ki, vətəndaşın əslində normal aylıq gəliri rəsmi görünmədiyindən o, bankla razılığa gələ bilmir".

Onun sözlərinə görə, maaşı qeyri-rəsmi formada qeyd edilən işçilər daha sonra başqa müəssisədə işə düzələndə də onların peşəkarlığı qeyri-müəyyən qalır. Maaş göstəricisi işçinin peşəkarlığına dəlalət edir. Yəni, işçi yüksək maaş alırsa, deməli onun müəssisəyə faydası da çoxdur.
Ə.Həsənov “kölgə iqtisadiyyatı”nın digər vətəndaşlar üçün yaratdığı problemlərdən də danışıb. “Hər şeydən əvvəl vətəndaşlar “gizli iqtisadiyyat”dan əsasən istehlakçı kimi ziyan görürlər. Gəlirləri qeyri-rəsmi olan şirkətlərin satdığı mal-məhsulda, göstərdiyi xidmətlərdə problem olarsa, istehlakçı bir çox hallarda hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Müəssisənin fəaliyyəti qeyri-rəsmidir. Ən böyük problem isə həmin şirkətlərin vergidən yayınaraq dövlət büdcəsinə ödənişləri azaltmalarındadır. Bu da bütün vətəndaşların müəyyən mənada ziyan görməsinin əsas səbəblərindən biridir. “Kölgə iqtisadiyyatı”nın həcmini hesablamaq çox çətindir. Son illərdə həyata keçirilən tədbirlər sayəsində müsbət nəticələr əldə edildiyi müşahidə olunur”.