Azərbaycan tolerantlıq və dözümlülük ənənələrinə sadiq dövlətdir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb.
Qeyd edək ki, Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. 2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb. Bu baxımdan, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Dövlət siyasətini həyata keçirən Dövlət Komitəsi fəaliyyətində dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür.
Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələr müzakirə olunur.
Təəssüflər olsun ki, belə bir ənənəyə sahib olan Azərbaycan erməni vandallarının təcavüzünə məruz qalıb. Mənbələrdə göstərilir ki, təkcə XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olub. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən silmişdilər. Eyni zamanda, işğal dövründə Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Qarabağda və Qərbi Azərbaycanda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.
Cənab Prezident onu da bildirib ki, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur: "Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər".
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar həyata keçirilir. Millət vəkili qeyd edib ki, ölkəmiz həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində mühüm rol oynayır: “Ölkəmizdəki multikultural cəmiyyətdən söz açarkən qeyd etmək vacibdir ki, bu məsələ heç də kənardan göründüyü qədər sadə bir məsələ deyil. Əslində, bu mühitin formalaşmasına əsrlərlə vaxt lazımdır və bu amil mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi qatlara malikdir. Dözümlülük hər zaman müsbət amil kimi dəyərləndirilib. Eyni zamanda ölkəmizdə müşahidə olunan multikultural dəyərlərə hörmətin də əsasında daha çox bu nüans dayanır. Ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir”.
Millət vəkili deyib ki, respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb: “Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu siyasət sayəsində dövlət dini icmalara xüsusi ehtiram ilə yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl əgər 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bugünədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində sözügedən mərkəz müstəsna rola və əhəmiyyətə malikdir. Ümumiyyətlə, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür”. C.Məmmədovun sözlərinə görə, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi olduqca mühüm bir məsələdir. “Digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm də dərin fəlsəfi məzmuna malikdir. Azərbaycan dövləti dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda möhtəşəm işlər aparır. Din sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş və hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq isə sözügedən sahənin daim dövlət himayəsinə və qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır”.