Hər bir ölkənin sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Bu səbəbdən, Azərbaycanda azad sahibkarlığın və əlverişli biznes mühitinin inkişafı prioritet istiqamətlərdən biri kimi görülür. Bu sahədə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları vardır.
Bu proqramlar regionlarda istehsal müəssisələrinin artmasında və işsizliyin aradan qaldırılmasında mühüm rol oynayıb. Başqa sözlə, Azəbaycanda azad sahibkarlığın inkişafı istiqamətində qəbul edilmiş qərarlar, bu sahənin tənzimlənməsinə və dəstəklənməsinə yönəldilmiş tədbirlər mövcud sahibkarlar sinfinin formalaşmasında mühüm rol oynayıb. Qeyd edək ki, ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Bunun nəticəsində hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.
Sahibkarların istehsal və ixrac imkanlarının artırılması, sərmayə qoyuluşlarının stimullaşdırılması, biznes mühitinin yaxşılaşdırılması məqsədilə bu sahədə effektiv mexanizmlər tətbiq edilir ki, onlardan biri də investisiya fəaliyyətinin investisiya təşviqi sənədi vasitəsilə genişləndirilməsidir. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda müəyyən olunmuş güzəştləri əldə etməyə əsas verən investisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. Bu sənəd investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin 1 fevral 2024-cü il tarixli fərmanına əsasən, sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə də investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov da bildirib ki, Azərbaycanda sahibkarlıq dövlət tərəfindən geniş şəkildə dəstəklənir: “2005-2006-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində iqtisadiyyatın böyük risklə üzləşməsindən sonra bu məsələyə xüsusən böyük diqqət yetirilir. Bir neçə istiqamət üzrə dövlət proqramları qəbul edilib ki, 2018-ci ildə İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra liberallaşma iqtisadi kursun daha çox başlıca strateji məqsədinə çevrildi. Belə ki, 2019-cu ildə ölkədə böyük islahatlara start verilməklə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi də bununla əlaqədar baş verdi. Eyni zamanda, ölkədə orta və kiçik sahibkarlığın inkişafının prioritet təşkil etdiyi bir daha gündəmə gəldi. Bununla belə, iqtisadi inkişaf və artımda dövlət hələ də məsuliyyət daşıyır, əsas yükü əvvəlki kimi, yenə özü çəkir. Rəqabət tələb olunan səviyyədə deyil, iqtisadi subyektlər arasında münasibətlər güclü rəqabət şəraitində təmin olunmayıb. Rəqabət liberal iqtisadiyyatın əsas şərtidir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Düzdür, hökumət iqtisadiyyata bacardıqca az müdaxilə etmək, dövlət nəzarətində məhdud sayda subyekt, istehsal sahəsi, xidmət sferası saxlamaq istəyindədir. Ancaq buna tam nail ola bilmirik. Ölkə iqtisadiyyatının inkişafı birtərəfli xarakter daşıyır, neft-qaz sektorundan asılılıq var. Sözügedən sektorsa dövlət inhisarındadır. Dövlətin inhisarda saxlamağa və bir sıra qiymətləri özü tənzimləməli olduğu sahələr var ki, onun iqtisadiyyat üzərində hökmranlığı da bu üzdən hələ qalır.
Onun fikrincə, liberal iqtisadiyyatın tam təşəkkül tapması üçün ölkə iqtisadiyyatı hərtərəfli inkişaf etməlidir: “Nə vaxt ki, ölkə iqtisadiyyatında birtərəfli inkişaf aradan qalxacaq, qeyri-neft-qaz sektoru əsas gəlir mənbəyinə çevriləcək, ixrac sahəsində valyuta gətirən sahələr və mənbələr çoxalacaq, yalnız o zaman liberal iqtisadiyyat da təşəkkül tapa biləcək. Və hər şey, məhz bunun əsasında büruzə verəcək. Liberal iqtisadi sistem elədir ki, bu, müvafiq dövlət proqramları, layihələr, sərəncamlar və fərmanlar vasitəsilə həll olunan məsələ deyil. Buna vaxt lazımdır. Qeyri-neft sektoru inkişaf etməli, bu sahəyə investisiya yatırılmalıdır. Bundan öncə isə xarici bazarlar öyrənilməli, daxili tələbatın strukturu nəzərdən keçirilməli və elə rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir ki, o, təkcə daxili deyil, xarici istehlak üçün də rəqabətə davamlı ola bilsin. Məsələn, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 99 faizdən çoxunu kiçik və orta biznes subyektləri təşkil etdiyi deyilir. Bizdə sözügedən subyektlər üzrə gəlirlilik səviyyəsi qənaətbəxş deyil. İnkişaf etmiş ölkələrdə onlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılırlar. Çox güclü rəqabət şəraitində çalışırlar”, - deyən iqtisadçı bildirib ki, mövcud vəziyyət bizə diktə edir ki, ölkədə sahibkarlığın inkişafı üçün mövcud vergi siyasəti stimullaşdırılmaqla bərabər, inhisarçılıq da aradan qaldırılsın. Vergi güzəştləri və stimullaşdırıcı tədbirlər nə qədər çox geniş tətbiq edilsə də, ortada inhisarçılıq varsa, bunun effekti olmayacaq. Liberal iqtisadiyyatın Azərbaycanda təşəkkül tapması üçün daha çox işlər görmək lazımdır. Odur ki, buna növbəti onillik ərzində nail olsaq, böyük nəticə hesab olunacaq”.
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov isə bildirir ki, iqtisadiyyatın liberallaşdırılması Azərbaycanda ən vacib məsələlərdən biri sayılır. Onun sözlərinə görə, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, eləcə də ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin zəruri hesab edilir: “Azad sahibkarlıq, eləcə də liberal iqtisadiyyat iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Nəticə etibarilə iqtisadiyyatın azad, liberal olması olduqca vacibdir. Bu, birmənalı şəkildə iqtisadiyyatda rəqabətin güclənməsinə və özəl sektorunun payının artmasına imkan yaradır. Məşğulluğun genişlənməsi baxımından da bu vacib hesab olunur. Dayanıqlı inkişaf üçün liberal iqtisadiyyat əsas vasitədir. Ona görə də mövcud, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, liberal iqtisadiyyat inkişafın, eləcə də iqtisadiyyatın böyüməsinin əsas şərtlərindəndir. Eyni zamanda, 2030-cu ilə qədər olan prioritetlərdə də liberal iqtisadiyyatın qurulması və “gizli iqtisadiyyat”ın payının azaldılması, bu istiqamətdə islahatların dərinləşməsi ilə bağlı xüsusi tədbirlər nəzərdə tutulub və strategiyada milli prioritetlərdən biri də məhz bu istiqamətdə liberal iqtisadiyyatın daha da gücləndirilməsi, iqtisadi imkanların daha da artırılmasından ibarətdir. Bu baxımdan "2022-2026-cı illər iqtisadi və sosial inkişaf strategiyası"na uyğun olaraq dövlət tərəfindən bir sıra addımlar atılır. 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə Azərbaycan Respublikasının Rəqabət məcəlləsi qəbul olundu".
Deputat onu da qeyd edir ki, liberal iqtisadiyyat azad sahibkarlığın formalaşmasını, həm də iqtisadiyyatdaki inkişafın dayanıqlığını qoruyub saxlayır. Bununla da daha dayanıqlı strateji inkişafın əldə edilməsinə imkan yaradır:
"Bizim qiymətləndirmələr onu göstərir ki, azad sahibkarlıqla bağlı əsas bariyerlərdən biri, xüsusilə regionlarda, bir sıra hallarda sahibkarların fəaliyyətinə olan müdaxilələrdir. Bu davranışlar sahibkarlıq fəaliyyətinə qarşı arzuolunan deyil. Ölkə rəhbərliyi tərəfindən də dəfələrlə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması ilə bağlı göstərişlər verilib. Eyni zamanda daha çox elektron xidmətdən istifadə olunması və elektronlaşmanın genişləndirilməsi vacibdir. "Asan xidmət" mərkəzlərinin yaradılması bu istiqamətdə kifayət qədər geniş və şəffaf xidmətlərin göstərilməsinə imkan yaradıb. Hazırda elektron xidmətlərin artımı da dövlət tərəfindən müşahidə olunmaqdadır. Düşünürəm ki, sahibkarlığın istifadə etdiyi elektron xidmətlərin də dairəsi eynilə bu şəkildə genişləndirilməlidir”.