Part-taym iş təklifləri

15:58 16.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yəqin ki, iş elanları səhifələrində part-taym iş təklifləri barədə məlumatlara tez-tez rast gəlirsiniz. Bu kimi iş təklifləri xüsusilə tələbələr üçün cəlbedici sayılır. Hazırda demək olar ki, tələbələrin əksəriyyəti dərs saatlarından asılı olaraq ya gündüz, ya da gecə növbəsində təklif olunan part-taym işlərdə çalışır.

Bəs part-taym işləmək işçi və işəgötürənə hansı üstünlükləri verir? Bu məsələ mövcud qanunvericilikdə necə tənzimlənir? Part-taym işdə və gecə növbəsində çalışanların hansı hüquqları var?

Məlumat üçün bildirək ki, həftədə 40 saatdan az tammüddətli iş part-taym, yəni yarım gün iş sayılır. Əlbəttə ki, bu tərifin məzmunu şirkət, sektor və ya vəzifəyə görə dəyişə bilər. Bəzən əmək xərcləri, dəstək qüvvəsinə ehtiyac, dövri sıxlıq və digər səbəblərə görə şirkətlərin yarım vaxt işləmək üçün işçilərə ehtiyacı yaranır. Ümumiyyətlə, işçilər əlavə gəlir ehtiyacına görə bu işə müsbət yanaşırlar. Qarşılıqlı olaraq ehtiyac sahiblərini bir araya gətirən bu iş prinsipinin əlbəttə həm işçilər, həm də işəgötürənlər üçün üstünlüklər və mənfi cəhətlərə malikdir. Belə ki, part-taym iş elanları, karyeralarının başlanğıcında olan yeni məzunlar üçün xüsusilə vacibdir. Bu sahədə çalışan insanlar həm peşə səlahiyyətlərinə yiyələnirlər, həm də etmək istədikləri işlə bağlı daha dəqiq bir qərar verə bilərlər. Universitet tələbələri part-taym iş ideyasına müsbət yanaşırlar. Universitetdən ayrılan vaxtda onu maddi cəhətdən rahatlaşdıracaq işlər görmək istəyir. İşəgötürənlər üçün yarımmüddətli işçilərin işə götürülməsinin üstünlüklərindən biri isə tam iş günü işə götürmədən əvvəl bir işçini sınamaq şansınızın olmasıdır. Part-taym işin başqa bir üstünlüyü işəgötürənlərin işçinin mədəni ahəngdarlığının, iş ahəngini, istedadlarını qiymətləndirməyə kömək etməsidir.

Əslində, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsində işəgötürən və işçi arasında tərəflərin razılığı ilə natamam iş vaxtının müəyyən oluna bilməsi qeyd edilsə də, bəzən təcrübədə natamam iş vaxtı əvəzinə, “yarım ştat”, ştatın ¼-i” və ya “1/3-i” ifadələri işlədilir. Amma bu, sovet dövründən miras qalmış ifadələrdir. Mövcud qanunvericilikdə bu bu ifadələr yoxdur, “natamam iş vaxtı” ifadəsi göstərilib. Yəni Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik 8 və ya həftəlik 40 saat – “tam iş vaxtı”, bu normalardan az müəyyən olunan iş vaxtı isə “qısaldılmış iş vaxtı” və ya “natamam iş vaxtı” adlanır.

Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, eləcə də on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Natamam iş vaxtının tətbiqi bəzən müəyyən çətinliklər yaradır. Natamam iş vaxtını fərqli formalarda tətbiq etmək mümkündür.

Bir məqama da diqqət yetirmək lazımdır ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, bəzi hallarda həftəlik 36 saatdan çox olmayaraq qıdaldılmış iş vaxtı tətbiq olunur. Məcəllənin 94-cü maddəsində isə natamam iş vaxtının müəyyən olunduğu hallar göstərilib. Əmək Məcəlləsinin müvafiq maddələrində qeyd olunan hallarda işçi və işəgötürən arasında 30 saatlıq iş vaxtı müəyyən olunduqda bu, qısaldılmış, yoxsa natamam iş vaxtı sayılmalıdır? Çünki Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik qısaldılmış iş vaxtının müddəti 36 saatdan çox olmayaraq qeyd olunur. Başqa sözlə, həftəlik iş vaxtı 36 saatdan çox deyil, az ola bilər. Bu məqama ona görə xüsusi diqqət yetirilməlidir ki, qısaldılmış iş vaxtında tam əməkhaqqı ödənildiyi halda, natamam iş vaxtında əməkhaqqı vaxta mütənasib formada ödənilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində gecə vaxtı anlayışının necə təsbit olunmasına gəlincə, Məcəlləyə əsasən gecə saat 22:00-dan səhər saat 06:00-dək davam edən müddət gecə vaxtı və həmin müddətdə yerinə yetirilən işlər də öz növbəsində gecə vaxtı yerinə yetirilən işlər hesab olunur. Bəzi kateqoriya işçilər vardır ki, onların gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir. Bura aşağıdakı kateqoriya işçilər daxildir:

1) Hamilə qadınlar

2) Üç yaşınadək uşağı olan qadınlar

3) Yaşı 18-dən aşağı olan işçilər.

Qanunvericilik bu hissədə əlilliyi olan şəxslərlə bağlı olaraq da istisna hal müəyyən etmişdir. Belə ki, əliliyi olan işçilər yalnız öz yazılı razılığı əsasında və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilər. Gecə növbəsi dedikdə, iş vaxtının, ən azı, yarısı gecə vaxtına düşən iş növbəsi başa düşülməlidir. Yəni gecə növbəsi hesab olunması üçün işçinin iş saatlarının bütövlükdə gecə vaxtına düşməsi mütləq deyildir. Gecə növbəsindən əvvəlki iş növbəsi isə növbənin başlanma və qurtarma saatlarından asılı olmayaraq axşam növbəsi hesab edilir.

Qeyd edək ki, gecə vaxtı işə cəlb edilən işçilərə güzəştlər də nəzərdə tutulur. Belə ki, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan iş yerlərində çalışan işçilərin (bu kateqoriyaya aid işçilərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir) gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla işçiyə vaxtamuzd əmək haqqı sistemi üzrə haqq ödənilir.

Mövzu ilə bağlı hüquqşünas Azər Quliyev bildirib ki, işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, həftədə 40 saat olmaqla normal iş vaxtında, həm də həftədə 20 saat həcmində yarımştatla, eyni zamanda əvəzçilik qaydasında işləmək hüququ var: "İşçilərin yarımştatla işləməsi üçün həmin ştat idarə, müəssisə və təşkilatlarda yarımştat kimi nəzərdə tutulmalıdır. Yarımştat işləyən işçilərin əməkhaqqı tam ştatın, işlədikləri saat hesabına ödənilir. Əmək müqaviləsinin şərtləri daxilində işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti 20 saatdan çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər".

Hüquqşünas qeyd edib ki, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi 18 saatdan çox olmadıqda, yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur”.