Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi həyatın bərpası dövlətin əsas prioritetlərindəndir. Təbii ki, bu prosesin həyata keçirilməsində özəl sahibkarlıq subyektləri əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını aparıcı istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə 2022-ci il noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas hədəf göstəricilərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək də Dövlət proqramının əsas məqsədlərindəndir.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün hökumət artıq bir sıra mühüm addımlar atıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, bu ilin sentyabrınadək işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə daxil olan 1500-dən artıq müraciət müvafiq formaya uyğun qeydə alınıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ötən ay Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı deyib ki, həmin müraciətlərin 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür".
Təbii ki, bu gün sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq olduqca cəlbedicidir. Buna səbəb təkcə həmin ərazilərdə qurulan infrastrukturun müasir dövrün tələblərinə cavab verməsi deyil, həm də həmin ərazilərdə dövlətin sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə etməsidir. Məsələn, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, Vergi Məcəlləsinə “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı yeni fəsil əlavə olunub. Əlavə olunmuş müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını (payçılarını) dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizi, nağd qaydada ödədikləri ƏDV-nin isə 5 faizini geri ala bilərlər. Bundan başqa Azərbaycan hökuməti azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, eyni zamanda, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlayıb. Belə ki, 2022-ci il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara yönəlik güzəştləri əhatə edir. Yəni, sığortaedənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqqı əhatə etdiyi dövrdən asılı olaraq dəyişən nisbətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Yəni, həmin fiziki şəxslər ödədikləri məcburi dövlət sosial sığorta ödənişlərini dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.
Bundan başqa, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə ölkə Prezidentinin 2023-cü il 9 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub. Qəbul olunmuş qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli də qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına investor cəlb edilməsi baxımından bu ərazilərdə fəaliyyət göstərəcək şirkətlərə vergi güzəştlərinin tətbiqi, digər məsələrdə onlara güzəştin verilməsi orada fəaliyyəti cəlbedici edir: “Təbii ki, bu çox təqdirəlayiq haldır. Hələ 44 günlük müharibədən dərhal sonra müstəqil iqtisadçılar dəfələrlə vurğulayırdılar ki, bu əraziləri yalnız dövlət büdcəsinin hesabına bərpa etmək mümkün deyil. Orada cəlbedici şərtlər olmalıdır. Bu cəlbedici şərtlərlə də həmin ərazilərə investorlar cəlb edilməlidir. Artıq 2023-cü il yanvarın 1-dən hökumət bu kursu götürüb. Bu çox təqdirəlayiq kursdur. Əgər yerli və xarici investorların müraciətləri hökumət tərəfindən müsbət dəyərləndiriləcəksə qarşıdakı illərdə onların faəliyyəti azad ərazilərdə hiss olunacaq”.
Onun sözlərinə görə, həmin ərazilərdə müxtəlif fəaliyyət sahələrinin yaradılması həm sahibkarlığa, həm də regionun özünün sosial-iqtisadi inkişafına böyük təkan verəcək: “Bu gün paytaxtdan 300-400 kilometr kənarda tikinti-bərpa işləri gedir, müasir standartlara cavab verən infrastruktur yaradılır, orada sahibkarlıq fəaliyyəti güclənir və beləliklə artıq ölkə ərazisində iki iqtisadi mərkəz yaranır. Bu iqtisadi mərkəzlər arasındakı ərazi də sözsüz ki, hər iki iqtisadi mərkəzin təsiri altında inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafı proqramını da azad olunmuş ərazilərin bərpası proqramı ilə birləşdirməlidir. Bundan sonra da istər yerli, istərsə də əcnəbi sahibkarlara münbit və cəlbedici şərait yaradılmalıdır. Bu ərazilər böyük iqtisadi məkana çevrilməlidirlər. Üstəlik də, gələcəkdə sülh müqaviləsi bağlanacaqsa, həm Ermənistanla, həm Gürcüstanla, həm İranla sərhəd zonalarda azad iqtisadi zonaların yaradılması da vacib məsələlərdən biridir. Bu yolla Azərbaycanın regionlarının sosial-iqtisadi inişafına hökumət növbəti dəfə təkan vermiş olacaq. Nəticədə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı daha da artacaq”.