Qarabağın yaşıl enerji zonaları

12:39 17.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq. Bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji reallaşdırmaq planlarımız var: “2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması respublika miqyasında “xalis sıfır emissiya”ya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat “yaşıl” enerji istehsal etmək planlarımız var. Həmin göstəricinin 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor – “Xəzər–Qara dəniz–Avropa”, “Mərkəzi Asiya–Azərbaycan–Avropa” və “Azərbaycan–Türkiyə–Avropa” layihələri üzərində işləyirik. Həmin “yaşıl” enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada “yaşıl” enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz “yaşıl” gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”.

O vurğulayıb ki, Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var: “COP-29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq. Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyata keçirir”.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq inkişafda olan ölkə kimi Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yaşıl enerjinin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə müxtəlif addımlar atılır. Ölkəmizdə yaşıl enerji potensialı genişdir və hökumətin enerji siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycan təbii qaz və neft kimi ənənəvi enerji mənbələri ilə zəngin olsa da, bərpa olunan enerji resurslarının inkişafı prioritet olaraq götürülüb. Yaşıl enerji potensialı əsasən günəş, külək, hidro və bioenerji mənbələrinə əsaslanır. Məsələn, Azərbaycan günəş enerjisi potensialı ilə diqqət çəkir. Ölkənin cənub bölgələri, xüsusilə Naxçıvan Muxtar Respublikası və Abşeron yarımadası, günəş radiasiyasının yüksək olduğu regionlardır. Azərbaycanda illik günəşli saatların sayı təxminən 2500-3000 saatdır. Bu, günəş enerjisi sistemlərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradır. Külək enerjisi potensialına gəlincə, Xəzər dənizi sahillərində və dağlıq bölgələrdə külək enerjisi istehsalı üçün böyük potensial mövcuddur. Xüsusilə Abşeron yarımadası və Xızı regionu külək enerjisi istehsalı üçün ən əlverişli yerlərdən hesab edilir. Hesablamalara görə, Azərbaycanın külək enerjisi potensialı illik təxminən 3,000 MVt-dan artıqdır. Bu potensial külək stansiyalarının qurulması üçün əlverişli şərait yaradır.

Azərbaycanın hidroenerji potensialı isə əsasən dağlıq ərazilərdə yerləşən çaylardan asılıdır. Kiçik və orta miqyaslı hidroelektrik stansiyaların inşası bu potensialı daha səmərəli istifadə etməyə imkan verir. Xüsusilə, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri bu sahədə böyük imkanlar təklif edir.

Kənd təsərrüfatı və sənaye tullantılarından bioenerji istehsalı da potensial sahələrdən biridir. Azərbaycanda kənd təsərrüfatı sahələrinin geniş olması və biomassa mənbələrinin olması bioenerji layihələrinin inkişafı üçün əsas yaradır. Ekspertlər hesab edirlər ki, xüsusilə kənd yerlərində bioenerji texnologiyalarının tətbiqi gələcəkdə daha çox enerji mənbəyinə çevrilə bilər. Ümumiyyətlə, Azərbaycan hökuməti 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadənin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu məqsədlə bir çox beynəlxalq layihələr və xarici investorlarla əməkdaşlıq həyata keçirilir.

Proqnozlara görə, ölkənin strateji mövqeyi və təbii resursları Azərbaycanı regionda yaşıl enerji istehsalçısı və ixracatçısı kimi güclü oyunçuya çevirə bilər. Çünki Azərbaycan yaşıl enerji ixracı sahəsində də iddialı hədəflərə malikdir və bu sahədə potensialını gücləndirmək üçün müxtəlif layihələr həyata keçirir. Ölkənin coğrafi mövqeyi və bərpa olunan enerji resurslarının çoxluğu yaşıl enerjinin ixracı üçün əlverişli imkanlar yaradır.

Mövzu ilə bağlı iqtisadi-ekspert Emin Qəribli bildirib ki, son illər Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca uzun yol qət edib: “Təbii ki, bu Avropa ölkələri tərəfindən dəyərləndirilir və hazırda bir çox ölkələr Azərbaycana yeni energetika tərəfdaşı kimi nəzər yetirir. Azərbaycanın illər ərzində qazandığı reputasiyası öz növbəsində ölkənin irəlidə səmimi və etibarlı tərəfdaş olduğuna dair inam yaradıb. TANAP kimi bir çox meqa layihələr vardır ki, ölkəmiz onları uğurla həyata keçir və öz iqtisadi azadlığını təminat altına alır. Bunun əhəmiyyətini ona görə vurğulamaq istəyirəm ki, bütün bunlar qlobal iqtisadi arenada Azərbaycanı təmsil edir və güvənli tərəfdaş siması yaradır. Azərbaycan hər hansı bir addım atırsa, bu o deməkdir ki, artıq baş verə biləcək bir çox hadisələr hesaba qatılıb və bir sıra ölçülər götürülüb.

Bunu qeyd etməyim də vacibdir ki, “yaşıl enerji” hələ özü yeni bir sahədir və onun özünü tam şəkildə sübut etməsi üçün hələ illər tələb olunur. Bu enerjinin ixrac olunmasına gəldikdə isə, qeyd edək ki, bunun Azərbaycan üçün xüsusi əhəmiyyətə sahibdir. Ölkəmiz üçün qeyri-neft sənayesinin inkişafı həddən artıq lazımi tədbirdir”.

Ekspert həmçinin yaxın gələcəkdə Azərbaycanın enerji sərfiyyatının neçə faizini yaşıl enerjinin təşkil edəcəyi haqqında öz proqnozlarını da bölüşüb. O, qeyd edib ki, bərpa olunan enerji hər regionda fərqli şəkildə yararlı olur.  “Bu sahənin inkişafı üçün ən yeni texnologiyaların idxalı mühim məsələdir. Lakin, təkcə idxal vasitəsilə bərpa olunan enerji mənbələri stansiyaları təsis etmək mümkün deyil. Enerjinin Avropa bazarına çıxarılması üçün yerli alimlərin bu sahəyə cəlb edilməsi və ölkə ərazisində “yaşıl enerji” üçün ən əlverişli sahələrin dəyərləndirilməsi yaxın gələcəkdə, inanıram ki, atılacaq addımlardandır. Bundan başqa Şərqi Zəngəzurda yaradılacaq enerji stansiyaları ilə mütəmadi olaraq enerji istehsal edib, təbii qaz daha çox Avropa bazarına ixrac ediləcək”.   

E.Qəribli qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa olunan enerji üçün olduqca bəhrəli bir mühit var.

“İstehsalı ucuz başa gələn enerjini yerli əhali istifadə edəcək və bu daxili iqtisadiyyatda qaz istehsalına olan tələbi azaldacaq. Qeyd edim ki, bu enerji əhalini təmin etmək üçün kifayət edir. Günəş Elektrik Stansiyasının Azərbaycanda istifadəsi olduqca əlverişlidir. Buna görə də bərpa olunan enerjinin ölkədə istifadəsi gələcək 10 il ərzində xeyli artacaq. Növbəti 30 ildə isə, artıq ölkəmiz xaricə “yaşıl enerji” ixrac edəcək və bu xarici iqtisadi münasibətlərin böyük bir hissəsini təşkil edəcək”.

Yaşıl enerjidən istifadənin ətraf mühitə atılan karbon qazını azaltdığını vuğulayan ekoloq Rövşən Abbasov bildirib ki, bu addım iqlim dəyişmələri ilə mübarizədə böyük rol oynayır: “Bura əsasən külək günəş və termal enerjini aid edirik. Bütün bunlar hamısı alternativ enerji mənbələridir. Bu alternativ enerji mənbələri alınarkən, ətraf mühitə karbon atılmadığı üçün onların iqlim dəyişmələri ilə mübarizədə rolu çox böyükdür. Məhz ona görə də, Azərbaycanda son illər günəş enerjisinə əsaslanan elektrik enerjisi istehsalı gücləndirilmişdir. Günəş elektrik stansiyalarında günəş panelləri qurulur və günəş panelləri günəşdən birbaşa enerjini qəbul edərək onu elektrik enerjisinə çevirir. Bu da indiyə qədər istehsal olunan ənənəvi enerjini əvəz edir. Eyni zamanda, Azərbaycan  külək elektrik stansiyaları da getdikcə artır. Bu da, iqlim dəyişmələri ilə mübarizədə çox böyük töhvə deməkdir”.