Regionların inkişafında sənaye parklarının rolu artır

19:55 28.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və bununla paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkə qarşısında duran mühüm vəsifələrdən biri olaraq qalmaqdadır. Təbii ki, “Regionların sosial - iqtisadi inkişafına dair” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi bu istiqamətdə yeni tələblər də qarşıya qoyur. Və regionların iqtisadi-sosial həyatında əsaslı dəyişikliklər yaratmağı zərurətə çevirir.

Azərbaycan hökumətinin son 10 ildə regionların və qeyri-neft sektorunun inkişafına nail olmaq üçün həyata keçirdiyi siyasətin bir istiqaməti də ölkədə iri sənaye qurumlarının - park, zona, məhəllələrin yaradılmasını əhatə edir. Rəsmi məlumata əsasən sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənmsındə əlverişli mexanizmdir. Sənaye zonaları həm də Azərbaycanda qeyri-neft istehsalının inkişafında mühüm rol oynayır. Ötən ilin yekunlarına görə, onların qeyri-neft məhsullarının istehsalında xüsusi çəkisi 16,7 faiz, ixracda xüsusi çəkisi isə 29,5 faiz təşkil edib.

İndiyə qədər isə Azərbaycandakı sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun da təqribən 32,4 faizi ixrac edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıraraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2 faizi ixrac olunub.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev isə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda daha iki sənaye müəssisəsi fəaliyyətə başlaya bilər: “Yaxın vaxtlarda sənaye parklarında bir neçə şirkətə rezidentlik statusu veriləcək. Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, onun məhsulunun əsas hissəsi ixrac olunacaq. Layihələr təsdiqlənsə onlar ya Sumqayıt Kimya Sənaye Parkında, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcək".

Bundan başqa, E.Nuriyev deyib ki, Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşasının tezliklə yekunlaşdırılması, gələn il onların fəaliyyətə başlaması gözlənilir: "Bunlar əsasən tikinti materialları, ayaqqabı, divar kağızı istehsal edəcək müəssisələrdir. Onların tezliklə açılışı gözlənilir. Eyni zamanda Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır".

Qurum rəsmisi indiyə qədər Ağdam və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına ümumilikdə 20 milyon manatdan çox investisiya yatırıldığını da vurğulayıb: "O cümlədən Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir. 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb".

E.Nuriyev həmçinin bildirib ki, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında da əlverişli investisiya mühiti yaradılır: "Parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi) iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir".

Qeyd edək ki, bu gün ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonlarında yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları olmaqla 6 sənaye parkı və Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri olmaqla 4 sənaye məhəlləsi, həmçinin 50-ə yaxın aqropark fəaliyyət göstərir. Təbii ki, Azərbaycanda sənaye parklarının yaradılmasına başlanmasının ciddi əsasları var. Çünki xarici ölkələrin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və yerləşdiyi regionun inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına və inkişafına xüsusi yer verirlər. Türkiyə, Almaniya, Çin, Cənubi Koreya kimi dövlətlərin təcrübələri sübut edir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac imkanlarını artırır, rəqabət qabiliyyətini gücləndirir, idxalı əvəz edən məhsulların istehsalını artırmağa münbit şərait yaradır, regionda məşğulluğun təmini, investisiyaların, qabaqcıl təcrübənin və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Sözsüz ki, sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye parkı sahələri mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir, keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olur. Bütün bunlar investisiya cəlbediciliyini artırır, investisiya layihələrinin inkişafına təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Bu mənada ölkəmizdə sənaye parklarının yaradılması, sənaye məhəllələrinin salınması istiqamətində qəbul edilən qərarlar zamanın tələbindən irəli gələn, zamanla ayaqlaşan yanaşma hesab olunub və yaxın gələcəkdə öz bəhrəsini daha ciddi şəkildə göstərə biləcəyi proqnoz edilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov da bildirib ki, Azərbaycanda sənaye parkları yaradılarkən iqtisadi faydası və riskləri mütəxəssislər tərəfindən dəqiqliklə müəyyən olunub. Ekspertin sözlərinə görə, sənaye parklarının iqtisadi dövriyyəyə buraxılması və bundan konkret olaraq mənfəət əldə olunması uzunmüddətli proses ola bilər: “Təbii ki, bir az səbirli olsaq, yaxın müddətdə sənaye məhəllələri, parkları institutial gəlir mərkəzinə çevriləcək. Çünki bu istiqamətdə təcrübəyə malikik. Artıq istehsal prosesindən iqtisadi dövriyyəyə cəlb etməyə keçidi müşahidə edirik. Məhsullarda ixrac potensialının faizi yüksək olmasa da, xüsusi çəkisi haqqında müəyyən müsbət fikirlər söyləyə bilirik. Sənaye parklarının Qarabağda, işğaldan azad edilmiş torpaqlarımızda tətbiqi də təqdirəlayiqdir. Çünki işğaldan azad olunmuş torpaqlarımızda birbaşa qeyri-neft sektorunu əhatə edəcək sahələr inkişaf etdirilməlidir. Gen-bol əkin sahələri, münbit torpaqlar, zəngin təbii sərvətlər və sənaye mühiti baxımından Qarabağ çox əlverişli coğrafiyaya malikdir. Sənaye parklarının Qarabağda yaradılması ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir. Digər mühüm məqam isə xammalla zəngin torpaqlarda birbaşa istehsal prosesinin başlanmasıdır. Bu da əlavə daşınma xərclərindən xilas olmaq deməkdir”.