Təhsil kreditlərinin əhatəsi genişlənir

20:52 18.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadə edənlərin əhatə dairəsi genişləndirilib. Ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər.Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər, eləcə də bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər də şamil edilir.

Təhsil kreditinin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir: 7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir. Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək üç iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir. Müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.

Qeyd edək ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin sözlərinə görə, təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci ildən bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub: “Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35faiz) tələbə Sosial növ TTK, 22 708 nəfər (65 faiz) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb”.

Nazir müavini bildirib ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb: “Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb. Təhsil kreditlərindən yararlanan tələbələrin gender bölgüsündə qızlar (59 faiz) üstünlük təşkil edir”.

Nazir müavini vurğulayıb ki, yeni qərara əsasən aşağıda qeyd edilmiş daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:

- “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;

- “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;

- “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;

- Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək.

Nazir müavini qeyd edib ki, sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq.

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Kənan Kərimzadə bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2024/2025-ci tədris ili üçün 30 000 tələbə birbaşa dövlət sifarişi üzrə təhsil ala biləcək:"Nəzərə alsaq ki, sosial-həssas qrupa daxil olan, yəni imtiyazları olan tələbələr də var (məcburi köçkün statusu olanlar, I və II qrup əlliliyi olanlar, valideynlərini itirənlər, 23 yaşadək sağlamlıq imkanları məhdud olanlar, şəhid övladları və s.) o zaman demək olar ki, ali təhsil müəssisələrinə ayrılan təxminən 65000 plan yerindən 40000-i üzrə tələbələr ödənişsiz təhsil alacaqlar. Bu olduqca müsbət və mütərəqqi haldır. Bundan əlavə son illər ən düzgün qərarlardan biri də məhz Tələbə Təhsil Krediti Fondunun yaradılması oldu ki, bu da maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir".

Ekspert qeyd edir ki, kreditlər standart və sosial olmaqla iki kateqoriyadadır: "Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir. Bu günlərdə Elm və Təhsil Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da sosial kredit ala biləcək şəxslərin əhatəsi bir qədər də genişləndi’’.

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov da qeyd edib ki, təhsil krediti Azərbaycan gəncliyi üçün böyük tövhədir: ‘’Təhsil Tələbə Kredit Fondu Azərbaycanda iki ilə yaxındır ki, fəaliyyətdədir. Bu müddətdə sosial vəziyyəti zəif olan ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə böyük töhvələr verib. Cənab Prezidentin sərəncamı ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin artırılması böyük dəyişiklik yaradacaq. Məsələn, hər il ödənişli qəbul olan təxminən iki mindən çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Təhsillərini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin bu, Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə bu fürsətdən yararlana biləcək.Tezliklə isə Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat xərclərinin verilməsinə dair qərarı səbirsizliklə gözləyirik".

Oxunma sayı 188