Tibbi tullantılardan necə xilas olaq?

19:13 10.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İnsanların sağlamlığı və ekoloji vəziyyətin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindən biridir. Bu baxımdan tibbi tullantıların idarə olunmasının sistemli şəkildə həyata keçirilməsi də vacib amillərdəndir. Çünki tibbi tullantılar çirklənmiş materiallar olduğundan həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tibbi tullantıların 15 faizini patoloji və yoluxmuş tullantılar, 80 faizini məişət tullantıları, 1faizini kəsici və deşici tullantıları, 3 faizini kimyəvi və əczaçılıq tullantıları, 1faizini batareyalar, radioaktiv tullantılar, sınıq termometrlər və istifadə edilmiş xüsusi tullantılar təşkil edir. Xəstəxanalarda yaranan tibbi tullantıların miqdarı ölkələrin inkişaf səviyyəsi ilə paraleldir. Ölkələrin milli gəlir səviyyəsi artdıqca tullantıların miqdarı da artır. İnkişaf etmiş ölkələrdə tibb müəssisələri hər il yarım milyon ton tullantı istehsal edir. Məsələn, yüksəkgəlirli ölkələrdə 1 nəfərə düşən illik tibbi tullantının həcmi 1,1,-12 kiloqram təşkil edir. Həmin tullantının da 0,4-5,5 kiloqramı təhlükəli tibbi tullantılardır. Ortagəlirli ölkələrdə 1 nəfərə düşən illik tibbi tullantının həcmi 0,8,-6 kiloqram təşkil edir. Həmin tullantının da 0,3-0,4 kiloqramı təhlükəli tibbi tullantılardır. Gəlir səviyyəsi aşağı olan ölkələrdə isə bu göstərici müvafiq olaraq 0,5-3 kiloqram arasında dəyişir. Ümumiyyətlə, xəstəxanalarda tullantıların miqdarı idarəetmə sistemləri, xəstəxanaların xüsusiyyətləri və növləri, istifadə olunan tibbi materialların təkrar istifadə nisbətləri və müəssisələrdə gündəlik müalicə olunan xəstələrin sayı kimi müxtəlif parametrlərdən asılıdır.

Bu gün Azərbaycanda tibbi tullantıların idarə edilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası NK-nin 2005-ci il 21 aprel tarixli 74 saylı qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na, NK-nin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə əsasən həyata keçirilir. Bu tələblər mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən formalaşan müxtəlif növ tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir. Tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür:

A sinfi - Təhlükəsiz tullantılar.

B sinfi - Təhlükəli tullantıları.

C sinfi - Xüsusi təhlükəli tullantılar.

D sinfi- tərkibi sənaye tullantılarına yaxın olan tullantılar.

A sinfinə aid tullantıların əmələ gələn yerləri:

Müalicə-profilaktika müəssisələrinin bölmələrinin palataları, inzibati-təsərrüfat otaqları, mərkəzi qida bloku, bölmələrin bufetləri (yoluxucu xəstəliklər, dəri-zöhrəvi, ftiziatriya, mikoloji bölmələrdən başqa), müalicə-profilaktika müəssisələrinin korpuslarından kənar əraziləri.

A sinfinə aid tullantılar ya təkrar istifadə olunan tutumlara, ya da birdəfəlik paketlərə toplanılmalı, paketlər xüsusi arabalara və ya təkrar istifadə olunan tutumların içərisinə yerləşdirilməlidir. Tullantılarla dolmuş təkrar istifadə olunan tutumlar və ya birdəfəlik paketlər həmin sinfə aid olan tullantı üçün nəzərdə tutulmuş konteynerə yüklənilməli, təkrar istifadə olunan tutumlar boşaldıldıqdan sonra yuyulmalı və dezinfeksiya edilməlidir.

B sinfinə aid tullantıların əmələ gəlmə yerləri:

Əməliyyat şöbələri, reanimasiya şöbələri, prosedur, sarğı və digər manipulyasiya-diaqnostik otaqları, yoluxucu xəstəliklər, dəri-zöhrəvi şöbələri, tibbi və patoloji-anatomik laboratoriyalar, 3-4-cü qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar, vivarilər, baytarlıq müalicəxanaları. Bu bölmələrdə əmələ gələn bütün tullantılar dezinfeksiya edildikdən sonra birdəfəlik hermetik bağlamalara toplanılmalı və yumşaq bağlamalar (birdəfəlik paketlər) xüsusi yerlərə və ya arabalara yığılmalıdır. Paketin təxminən ¾ hissəsi dolduqdan sonra, onun içərisindən hava çıxarılmalı və həmin tibb bölməsində tullantıların toplanmasına cavabdeh təyin olunmuş əməkdaş paketin hermetik bağlanmasını təmin etməlidir. Birdəfəlik paketdən havanın çıxarılması və onun hermetik bağlanması zamanı respiratordan və rezin əlcəkdən istifadə edilməlidir. Əməliyyat otağında, laboratoriyalarda əmələ gəlmiş üzvi tullantılar, mikrobioloji kulturalar və ştamlar, vaksinlər, virusoloji təhlükəli materiallar dezinfeksiya edildikdən sonra birdəfəlik sərt hermetik bağlamalara toplanılmalı, iti tibbi alətlər (iynə) dezinfeksiya olunduqdan sonra digər növ tullantılardan ayrı, birdəfəlik sərt bağlamalara yığılmalıdır. Tibb bölməsindən kənarda B sinfinə aid bütün növ tullantıların daşınması ancaq hermetikləşdirilmiş birdəfəlik paketlərdə həyata keçirməlidir. Təyin olunmuş yerlərdə hermetikləşdirilmiş birdəfəlik tutumlar B sinfinə aid tullantıların yığılması üçün nəzərdə tutulmuş konteynerlərə yığılmalıdır. İçərisində bölmələrin B sinfinə aid tullantılar olan birdəfəlik tutumlar (sərt tutumlar, paketlər) "Təhlükəli tullantılar B sinfi” yazısı ilə bərabər, MPM-in bölməsinin adı, müəssisəsinin adı, tarix və tullantıların yığılmasına cavabdeh şəxsin soyadı göstərilməklə nişanlanmalıdır.

C sinfinə aid tullantıların əmələ gəlmə yerləri:

Xüsusi təhlükəli və karantin qoyulan yoluxucu xəstəliklərə yoluxmuş pasiyentlər yerləşdirilən bölmələr, 1-2-ci qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar; ftiziatriya və mikoloji klinikalar (bölmələr). Göstərilən bölmələrdə əmələ gələn bütün tullantılar müvafiq normativ sənədlərə uyğun olaraq dezinfeksiya edilməli, C sinfinə aid tullantılar yığılaraq, birdəfəlik bağlamalara toplanılmalı, yumşaq bağlamalar (birdəfəlik paketlər) xüsusi dayaqlarla arabalara yerləşdirilməlidir. Paketin təxminən ¾ hissəsi dolduqdan sonra onun içərisindən hava çıxarılıb, həmin tibb bölməsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən 1-2-ci qrup patogenliyə aid mikroorqanizmlərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına riayət etməklə hermetik qablaşdırılmalı və mikrobioloji kulturalar və ştamlar, vaksinlər birdəfəlik sərt hermetik bağlamalara yığılmalıdır. C sinfinə aid bütün tullantıların tibb bölməsindən kənara daşınması yalnız hermetik qablaşdırılmış birdəfəlik bağlamalarda həyata keçirilməlidir.

D sinfinə aid tullantıların əmələ gəlmə yerləri:

Diaqnostika bölmələri, kimyəvi terapiya bölmələri, patoloji anatomiya bölmələri, əczaçılıq istehsal sahələri, apteklər, anbarlar, kimyəvi laboratoriyalar, inzibati-təsərrüfat binaları. Bu sinifdən olan hər bir növ tullantıların toksiklik dərəcəsi toksik sənaye tullantılarının siniflərinə uyğun və sənaye tullantılarının toksikliyinin müəyyənləşdirilməsi üzrə metodik təlimatlara uyğun olaraq təyin edilməli, istifadə olunmuş lüminessent lampalar, tərkibində civə olan cihazlar və avadanlıqlar qapalı hermetik tutumlara sındırılmadan yığılmalı, tutum dolduqdan sonra hermetikləşdirilməli və yardımçı otaqlarda saxlanılmalıdır D sinfinə aid tullantılar zərərsizləşdirilməsi üçün müqavilə əsasında xüsusi müəssisələrə daşınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun sözlərinə görə, hazırda tibbi tullantılarla bağlı bir sıra problemlər mövcuddur: “2020-ci illə müqayisədə tullantıların yaranmasında 2-3 dəfə artım var. Bu real artım deyil, uçotun şəffaflaşdırılmasıdır. Amma təəssüf ki, hələ də regionlarda fəaliyyət göstərən tibb müəssisələrində formalaşan tibbi tullantıların məişət tullantıları ilə birlikdə məişət tullantıları poliqonuna daşınması hallarına da rast gəlinir. Bunun əsas səbəbi regionlarda təhlükəli tullantılar poliqonlarının olmaması və ya insinerator qurğularının sayının az olmasıdır".

F.Mütəllimov bildirib ki, 2004-cü ildən ETSN nəzdində “Təhlükəli Tullantılar” MMC fəaliyyət göstərir. Müəssisədə təhlükəli tullantıların zərərsizləşdirilməsi geomembran və geotekstil materiallarla tam izolyasiya olunmuş hücrələrdə basdırma üsulu ilə həyata keçirilir. Poliqonda hal-hazırda partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar istifadə müddəti bitmiş qida məhsulları, tibbi tullantılar və digər bu tipli tullantılar qəbul edərək zərərsizləşdirilir.

“COVİD-19 pandemiyası dövründə tibbi tullantıların idarə olunması sahəsində yaranmış zərurətin təmin edilməsi məqsədilə pandemiyanın ilk dövrlərindən başlayaraq, “Təhlükəli Tullantılar” MMC tərəfindən poliqonla yanaşı, Quba və Ağdaş rayonları ərazisində icarə əsasında 2 ədəd mobil yandırma sobası quraşdırılararaq böyük həcmdə tibbi tullantı zərərsizləşdirilib. 2023-cü ildə poliqon ərazisində tibbi tullantıların yandırılması üçün 1 ədəd yeni yandırma sobası alınaraq beton örtüklü sahədə quraşdırılıb. Bununla yanaşı poliqon ərazisində yeni yandırma sobalarının quraşdırılması nəzərdə tutulur. Yaxın gələcəkdə respublikanın şimal-qərb regionunda formalaşan tibbi tullantıların qəbul olunması üçün yeni tullantı yandırma məntəqəsinin təşkili nəzərdə tutulur”.