Müstəqil Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində beynəlxalq prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, milli-mənəvi, mədəni dəyərlərinə istinad xüsusi əhəmiyyət daşıyır. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu səbəbdəndir ki, xalqımız milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə, mədəniyyətinə, musiqisinə, tarixinə bağlılığı sayəsində özünəməxsusluğunu qorumağa nail olub. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.
Qeyd edək ki, Azərbaycan xalqı digər xalqlardan həmişə özünəməxsus musiqi mədəniyyəti ilə fərqlənib.
Xalqımıza məxsus mədəni nümunələrdən biri də aşıq sənəti hesab olunur. Aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin vacib əsaslarından sayılır. Aşıq sənəti əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Bu sənət yalnız poetik düşüncə nümunəsi deyil, xalqın müdrikliyinin, çoxəsrlik təcrübəsinin, mədəniyyətinin təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı əks olunur.
Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Araşdırmalar göstərir ki, aşıq sənətinin türk dünyasında ən çox inkişaf etdiyi məkan elə Azərbaycandır. Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapanıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub. Aşıq sənətində bizim istedadlı ifaçılarımız olub. Bir-birindən zəngin olan, özünəməxsusluğu ilə fərqlənən aşıq məktəblərimiz var. Borçalı, Qazax-Tovuz-Şəmkir, Gədəbəy, Şirvan, Göyçə, Cənubi Azərbaycan aşıq məktəbləri daim öz adları ilə seçilib. Aşıq sənətini təbliğ etmək üçün ardıcıl, sistemli iş aparılır.
Azərbaycan aşıqlarının ən qədim epik yaradıcılıq nümunəsi müasir Azərbaycan aşıqlarının ulu babaları olan qədim ozanların həyatına, sevgi və qəhrəmanlıqlarına həsr olunmuş VII əsrə aid edilən “Kitabi-Dədə Qorqud” dastanıdır. Aşıq sənəti həmçinin bəstəkarların yaradıcılığına da təsir göstərmişdir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən “Koroğlu” operasında istifadə olunmuşdur. Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən bəstəkar Qara Qarayev isə Üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir.
Aşıq musiqilərinin 80-dən çox ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") coğrafi variantları mövcuddur. Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq (XVII əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (XIX əsr) və digər aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Aşıq Kamandar, Mikayıl Azaflı və s. fərqlənir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnistitutunun Aşıq yaradıclığı şöbəsinin rəhbəri Elxan Məmmədli bizimlə söhbətində bildirib ki, bu sənət tarixin müəyyən dövrlərində ozan sənəti, yanşaq sənəti və aşıq sənəti kimi mərhələlər keçib: “Azərbaycan folklorşünaslığında ilk aşıq nümayəndəsi kimi Aşıq Qurbani götürülür. Ondan öncə Dədə Qorqud dövründə ozan sənəti başlayıb. Ozandan aşıqlığa uzun bir mərhələdir. Konkret olaraq aşıq kimi adlandırdığımız insanlar, düzdür, XIII əsrdə Aşıq Posa, Şirvanlı Aşıq Qasımın da adı keçir, əsasən XV əsrin sonu XVI əsrin əvvəli Qurbani ilə başlayır. Saz aşıqlarından, müdrik söz xridarlarından, nüfuza malik yaradıcılardan biri kimi aşıqlar bu əsrdən başlayır. Əlbəttə, Qurbanidən öncə aşıq sənəti olub, o, birdən-birə meydana gəlməyib. Aşıq sənətinin nümayəndəsi kimi biz Qurbanini tanıyırıq. Qurbanidən öncəki əsrlərdə aşıqlıq, aşıq kimi adı keçən yaradıcı şəxsləri tarixdən tanıyırıq. Yaradıcılığı-dastanı, şeirləri olan aşıq kimi biz Qurbanini tanıyırıq. Ondan sonrakı əsrlərdə Abbas Tufarqanlı, Xəstə Qasım, XIX əsrdəki Göyçay aşıq sənəti, mən deyərdim ki, çox böyük məna kəsb edir. "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları – XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adı ilə bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir”.
Həmsöhbətimiz qeyd edir ki, xalqımızın tükənməz sənət xəzinəsinin keşiyində duran, onu yeni incilərlə zəngiləşdirənlər arasında aşıqlar özünəməxsus yer tutub: “Aşıq sənətinin rüşeymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arakəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsəlləri, nağıllar bir adam, iki adam tərəfindən yox, yüzlərlə, minlərlə adamın iştirakı ilə yaranmışdır, yəni ümumxalq şüurunun, ümumxalq bədii təfəkkürünün məhsuludur, həm də ki, bayatı, ağı, gəraylı kimi şeir formaları birdən-birə əmələ gəlməyib. Onillər, yüzillər ərzində bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və obrazlı ifadə vasitələrinə doğru tədrici təkamülü nəticəsində formalaşıb. Xalq musiqi formaları da eyni yollar keçmişdir. Biz bu sənəti yaşatmalıyıq.
Dövlət tərəfindən bu gün aşıq sənətinə böyük qayğı var. 2009-cu ildə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində bu ulu sənət bəşəri status qazanıb. Son 10 ili aşıq sənətinin inkişafında yeni bir mərhələ hesab etmək olar. Məhz bu illərdə sənətə və aşıqlarımıza dövlətin qayğısı daha da artıb, ustad aşıqlar fəxri adlara və Prezident təqaüdünə layiq görülüblər. Bu dövrdə Azərbaycanda iki dəfə beynəlxalq aşıq festivalı, ustad aşıqların yubileyləri keçirilib, aşıq sənətinin elmi-nəzəri tədqiqinə və ustadların həyat və yaradıcılığına həsr olunmuş kitablar nəşr olunub, aşıqlarımız dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarında çıxış ediblər. Təəssüflə bildirməliyəm ki, yerli telekanallarda aşıq yaradıcılığı olduqca zəif təbliğ edilir, bu iş arzuolunan səviyyədə deyil. Bəzən aşıqları şouya qatırlar. Aşıqların şouya qatılması, təbii ki, yaxşı hal deyil. Televiziyalara üz tutub deyirəm: muğamı təbliğ etdiyiniz kimi, sazı da təbliğ etmək lazımdır. Muğamın təbliğinə çox sevinirəm. Bu diqqət saza da göstərilməlidir. Aşıq sənətini dünyaya tanıtdıra bilmişik. Arzu edərdim ki, özümüz də aşıq sənətimizi sevək, qoruyaq və gələcək nəsillərə layiqli şəkildə ötürək”.
E.Məmmədli müasir dövrdə bəzi aşıqların bu sənəti düzgün təqdim etmədiyini də vurğulayıb: “Bu gün aşıq sənətinə maraq var. Çox təəssüf edirəm ki, özünə aşıq deyən, sazda ifa edənlər də aşıq sənətini, sazı arzuolunmaz şəkildə təqdim edirlər. Sazı hətta ayaqlarının arasında ifa edirlər. Saz – ifa üçündür, daha belə biabırçı formada oynatmaq üçün yox. Təsəvvür edin, onlar sazı çomaq kimi fırladır. Onlar aşıq deyil, daha çox sirk ifaçısına bənzəyirlər. İstənilən halda bu, saz sənətinə olan hörmətsizlikdir, bu, aşıq mədəniyyətinə olan xəyanətdir. Bəli, məclislərdə saza qarşı çox hörmətsizlik görürəm. Toyda, səs-küydə, musiqi qavrayışlarının müxtəlif olduğu bir yerdə saza diqqət göstərilməsinə inanmıram. Hərənin öz musiqi dünyası var. El məclislərində sazı təbliğ etmək çox çətin məsələdir. Ora ancaq öz azuqəsi, gün-güzəranı, ruzisi üçün saz çalan insanlar gedir. Özümüz də toylarda olur və hər şeyi gözümüzlə görürük. Təbii ki, gözəl saz ifaçılarını bu xalq böyük ürəkgenişliyi ilə qəbul edir, çünki sənəti yaradan da, yaşadan da xalqdır. Əgər kimsə məclisində sirk ifaçısı görmək istəyirsə, bu heç də o adamın saz ifaçısı olduğuna görə məşhurluğu demək deyil. Gərək insan, ilk növbədə, sənətin məsuliyyətini anlasın. Bəzən bu məsuliyyəti hiss etməmək nəticədə belə səhv düşüncəyə gətirib çıxarır, həm də insanların zövqünü korlayır. Ona görə də bu sənətə maraq göstərənlərə tövsiyəm odur ki, ilk növbədə aşıq sənətinin tarixini öyrənsinlər, klassiklərə qulaq assınlar”.