Vətəndaş cəmiyyətinin inkişafı prioritetdir

19:45 11.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət üçün əsas prioritetlərdəndir. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir, bu sahədə qanunvericilik daim təkmilləşdirilib, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Təbii ki, Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu məqamlarına sadiq qalaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı.

1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Bu baxışın nəticəsi olaraq, ölkədə müxtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar oldu. Müasir vətəndaş cəmiyyətinin əsas elementi anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. QHT-lər milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən amillərdəndir. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı QHT-lər qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində ixtisaslaşıblar. QHT-lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəxsi toxunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, sərbəst toplaşmaq və sair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir.

Mövzu ilə bağlı Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları böyük tarixi yol keçib: “1995-ci ildə ölkə konstitusiyası qəbul ediləndə əsas bəyan edilən hədəflərdən biri də məhz vətəndaş cəmiyyətinin bərqərar olması idi. Ötən müddət ərzində hüquqi baza formalaşdırılıb. Eyni zamanda institutsional təşkilatlar yaradılıb. Amma bütövlükdə ölkəmizdə vətəndaş cəmiyyəti çətin bir yol keçib. Keçmişə nəzər salsaq, vətəndaş cəmiyyəti yaranan anda ona yanaşmanın çox sərt olduğunu görə bilərik. Bəzi hallarda qeyri-hökumət təşkilatlarını az qala dövlətə zidd olan bir təsisat kimi qələmə verirdilər. Amma zaman keçdikcə bu cür yanaşmalar evolyusiyalara məruz qaldı, dəyişikliklər oldu. Vətəndaş cəmiyyətinin zəruriliyi və bütövlükdə ölkədə demokratik inkişafa, qanunun aliliyinin təmin edilməsinə, hüquqi dövlət quruculuğunda zəruri olan şərtlərdən biri kimi qəbul edildi. Bütövlükdə vətəndaş cəmiyyətinə ümumi proseslərə fayda verən təsisat kimi yanaşmağa başlanıldı. Cəmiyyətin özü üç möhkəm özək üzərində formalaşır: bunlar dövlət, dövlət təsisatları, vətəndaş və vətəndaş cəmiyyəti institutlarıdır. İstənilən inkişaf edən normal cəmiyyətlər məhz bu yolu keçib. Bunlar təbii ki, bir-birini tamamlamalıdır. Məhz bu harmoniyanın təmin edilməsi şübhəsiz ki, hüquqi dövlətin yaranması prosesini uğurla başa çatdırmağa imkan verir. Bu sistem inkişaf edir, təkmilləşdirilir. Sözsüz ki, vətəndaş cəmiyyəti institutlarının qəbul edilməsi ölkə konstitusiyası qəbul edilən zaman burada hədəf kimi qarşıya qoyulmuşdu. Bu hədəfə çatmaq üçün də müəyyən addımlar atıldı. Amma ümumilikdə vətəndaş cəmiyyəti çox ağrılı bir yol keçib. Bunun fonunda indiki halda vətəndaş cəmiyətinin gücü haqqında nəsə demək də bir qədər çətindir. Eyni zamanda vətəndaş cəmiyyəti öz üzərinə düşən vəzifələri yetərli səviyyədə yerinə yetirmək məsələsi də var. Burada həll edilməmiş məsələlər, maneələr hələ də qalmaqdadır. Bununla yanaşı inistutsional təsisatların daha da təkmilləşməsi gündəmdədir. Bundan sonra bir sıra maneələrin aradan qaldırılmasına nail olmaq olar”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin özünün inkişaf konsepsiyası və çoxsaylı fəaliyyət planları var: “Milli fəaliyyət planlarında bütün məqamlar qeyd edilir. Amma bir sıra məsələlərdə vətəndaş cəmiyyətinin daha geniş spektorda fəaliyyəti üçün problemlər də var. Qanunvericilikdə də müəyyən qaydalar dəyişməlidir. Vətəndaş cəmiyyəti institutlarının qeydiyyatının asanlaşdırılması kimi həlli vacib olan məsələlər mövcuddur. Burada hüquqi şəxslərin vahid rejimdə iştirak etməsi kimi mühüm amilllər var. Özəl sektor, publik hüquqi şəxslərlə bağlı məsələlər tam avtomatlaşdırılıb və elektronlaşdırılıb. Qeyri-hökumət təşkilatlarının onlayn qeydiyyatı məsələləri indiyə kimi həll edilməyib. Ona görə də hüquqi şəxslər üçün vahid qeydiyyat üçün qanunverciliyin təkmilləşməsinə ehtiyac var. Eyni zamanda onlayn qeydiyyat və iştirak məsələləri də mövcuddur ki, bütün bunlar qarşıda duran əsas amillərdəndir. Əgər bu gün dövlət-özəl sektor münasibətləri inkişafa doğru gedirsə, burada onlar arasında normal qarşılıqlı münasibətlərin qurulması məsələsi həll edilməlidir. Eləcə də bu gün vətəndaş cəmiyyəti insitutlarının özünün peşəkarlığı üzərində nə qədər çalışması məsələsi də var. Burada hesabatlılıqla bağlı da müəyyən problemlər mövcuddur. Qeyri-hökumət təşkilatları öz işini sağlam hesabatlılıq prinsipləri üzərində quracaqsa, özəl sektor, həmçinin media da bu proseslərdə iştirak edəcək”.

Mövzu ilə bağlı Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib ki, vətəndaş cəmiyyəti institutları mədəniyyətdən  tutmuş iqtisadiyyata qədər, sosial problemdən tutmuş ekologiyaya qədər həm milli, həm də qlobal problemlərin işıqlandırılmasında, araşdırılmasında və bu sahədə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin edir: “Bundan başqa, dövlət quruculuğu prosesində dövlətçiliyin, o cümlədən azərbaycançılıq məfkurəsinin ölkəmizdə və dünyada yayılması istiqamətində aparılan işlərdə vacib rol oynayır. Məcburi qaçqınlarla işin aparılması və bütün mənalarda Azərbaycana qarşı ermənilər tərəfindən törədilən terrorun, işğalın, soyqırımı və bəşəri cinayətlərin çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolu danılmazdır. O cümlədən soyqırımlarla bağlı beynəlxalq ədalət kampaniyası çərçivəsində layihələrin həyata keçirilməsi, fləşmobların, filmlərin çəkilməsi həm ölkə əhalisinin, həm də ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin maarifləndirilməsi istiqamətində  qeyri-hökumət təşkilatlarını xeyli işlər görüb”.

Onun fikrincə, vətəndaş cəmiyyəti institutları 30 illik müstəqillik dövrü, ərzində, xüsusilə son 20 il ərzində daha böyük uğurlara imza atıb: “Amma deyim ki, dövlət səviyyəsində də dəstək sistemli şəkildə artırılarsa, qeyri-hökumət təşkilatlarının maddi, texniki bazası, o cümlədən kadr bazası davamlı, dayanaqlı şəkildə inkişaf etdirilərsə, imkanlar daha da gücləndirilərsə, qeyri-hökumət təşkilatları həm ölkəmizdə, həm ölkə daxilində, həm də təbii ki, beynəlxalq aləmdə çox böyük layihələrə imza ata bilərlər. Bu bizim potensialımızdan irəli gələn bir məsələdir. Yəni QHT-lərin belə potensialı, imkanları var. Sadəcə demək mümkünsə, bunu bu və ya digər sistemli şəkildə səfərbər etmək lazımdır. Bu, çox vacibdir. Çünki biz güclü olmalıyıq ki, bizim müraciət etdiyimiz beynəlxalq təşkilatlar da bizim gücümüzdən, nüfuzumuzda irəli gələrək bizi eşitsinlər, dinləsinlər”.