Xarici şirkətlərin Qarabağa marağı artıb

17:15 13.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qarabağın yenidən qurulmasına yerli şirkətlərlə yanaşı, xarici investorlar da böyük maraq göstərirlər. Bununla bağlı  KOBİA-ya 1950-dən çox müraciət daxil olub. Müraciətlərin 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətlərdir. Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilir.

Xatırladaq ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Hazırda işğaldan azad edilmiş ərazinin rezidentləri üçün bir sıra güzəştlər mövcuddur. Belə ki, Qarabağda fəaliyyət göstərən rezidentlər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddır. Bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır. Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.

Türkiyə şirkətləri Qarabağda 50-dən çox layihə icra edir

Qeyd edək ki, bu gün Qarabağın yenidən qurulmasında ən aktiv iştirak edən Türkiyə şirkətləridir. Hazırda Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Hazırda türk şirkətləri Toğana–Kəlbəcər–İstisu yolunun tikintisində iştirak edirlər. Bu yol başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Layihəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Magistral Yolların İstismarı MMC-si ilə subpodratçı şirkətlər olan Türkiyənin “Kolin İnşaat” və “Cingiz İnşaat” şirkətləri birgə icra edirlər.

Yeri gəlmişkən türk şirkətləri bu yolda xüsusi hazırlıq tələb edən tunel çəkilişlərini yerinə yetirir. Belə ki, Toğanalı–Kəlbəcər–İstisu yolunda 11 kilometr 600 metr uzunluğu olan Murovdağ tunelini Türkiyənin “Çingiz İnşaat” şirkəti inşa edir. İnşasının 2025-ci ildə tamamlanması gözlənilən tunel dünyadakı ən uzun tunellərdən biri olacaq. Bu şirkət eyni zamanda 3,5 kilometrlik Laçın–Kəlbəcər tuneli də inşa edir. Ümumilikdə, Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir.

Muzeylərin tikintisi italyanlara həvalə olunub

Bu gün İtaliya şirkətləri də Azərbaycanın işğaldan azad olunan ərazilərində aktiv fəaliyyət göstərirlər. Hazırda Azərbaycanda İtaliyanın 140 şirkəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Məsələn, Memorial və Zəfər muzeyləri işğaldan azad olunmuş şəhərlərdə İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. Bundan başqa, İtaliyanın “Ansaldo” şirkəti işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.

Macar şirkətləri Cəbrayılın Soltanlı kəndini qururlar

Azad olunmuş ərazilərin yenidən qurulmasına tövhə verən ölkələrdən biri də Macarıstandır. Belə ki, Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edir.

Macar şirkətləri tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması həyata keçirilir. Bununla belə, Macarıstan şirkətləri Qarabağ regionunda, xüsusilə su və çirkab su təmizləyici qurğuların yenidən qurulması, su təchizatı şəbəkələri və yaşıl enerji layihələri ilə bağlı gələcək layihələrdə iştirak etməyə can atırlar. Macarıstan institutları və şirkətləri hazırda layihə imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirirlər. Artıq bir neçə şirkət Ələt Azad İqtisadi Zonasına və Azərbaycanın digər sənaye parklarına böyük maraqla səfər edib. Gələcəkdə Macarıstan şirkətlərinin Qarabağın yeni sənaye parklarına da səfər edəcəyi gözlənilir.

Belarus Qarabağda kənd təsərrüfatı şəhərciyi salacaq

Belarus da Qarabağa qayıdışın sürətli həyata keçirilməsinə dəstək verənlər dost ölkələrdəndir. Qeyd edək ki, Belarus noyabrda Ağdam rayonunda kənd təsərrüfatı şəhərciyi layihəsinin Konsepsiyasını təqdim etməyi planlaşdırır. Bu barədə Belarusun Baş nazirinin müavini İqor Petrişenko bildirib.

Bu layihə Bakıda təqdim olunacaq: “Belarus Qarabağın dirçəlişinə konkret töhfə verəcək. Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması, bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin tikintisi olacaq. Bu hərtərəfli layihənin konsepsiyasını bu ilin noyabrında Bakıda təqdim etməyi planlaşdırırıq”.

Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı şəhərciyinin salınması təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Belarus tərəfindən irəli sürülüb.

Çin şirkətləri “yaşıl enerji”yə maraq göstərir

Qarabağda fəaliyyət göstərməyə Çin şirkətləri də maraqlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, indiyə kimi bu məqsədlə 10-a yaxın Çin şirkəti müraciət edib: “Çin şirkətlərinin ölkədə yaradılan biznes və investisiya mühitindən yararlanmaq imkanları böyükdür. KOBİA-nın əsas hədəflərindən biri Qarabağda biznes sektoruna dəstək olmaqdır. Azad edilmiş zonalarda həm xarici, həm də yerli sektora edilən müraciətlərə baxırıq. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir”.

Hazırda Çin şirkətləri Azərbaycanda bir sıra layihələrdə iştirak edir. Azərbaycan Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Anlaşma Memorandumu mövcuddur. Həmin anlaşmaya əsasən, Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlər görülür. Həmçinin, Çinin “Huawei” şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” təşəbbüslərinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib.  Ümumiyyətlə, “Huawei” ən son qabaqcıl texnologiyaları Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə bundan sonra da hazır olduğunu bildirib. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətin bu sahədə böyük təcrübəsi var və onun 100-dən çox qlobal layihəsi mövcuddur. Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər”  üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün “Huawei” ən son məhsul və texnologiyaları təchiz edir. Şirkət Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edir. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilir. Beləliklə, şəbəkənin qurulması sürətləndirilir və xərclərə qənaət olunur. “Huawei”  həmçinin “ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçirir.