Bu gün dünya iqtisadiyyatında xidmət sektoru əhəmiyyətli yer tutur. Xidmət sektorunun iqtisadi böyümədə rolu xüsusidir. Məsələn, ABŞ-ın dünyada ən böyük iqtisadiyyata sahib olmasının yeganə səbəbi xidmət sektoru ilə bağlıdır. ABŞ həm sənaye, həm də kənd təsərrüfatı məhsullarının istehsalına görə Çindən geridə qalsa da, məhz xidmət sektorunun böyüklüyü hesabına ən böyük iqtisadiyyat ünvanını qoruyur. Hazırda isə xidmət sektorunun ölkə iqtisadiyyatında ən çox pay sahibi olduğu ölkə Fransadır. “Data Statistics”in araşdırmasına görə, Fransa iqtisadiyyatının 79,8 faizini xidmət sektoru təşkil edir. ABŞ-da bu göstərici 79,7 faiz, Yunanıstanda 78,9 faiz, Böyük Britaniya: 78,3 faiz, Belçikada 77,7 faiz, Danimarka: 76,4 faiz, İtaliya: 73,8 faiz, Hollandiyada 73,2 faiz, İspaniya: 72,6 faiz, Yaponiya 71,4 faizdir.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı üçün də xidmət sektorunun inkişafı olduqca əhəmiyyətlidir. Son onilliklərin iqtisadi təcrübəsi göstərir ki, müasir iqtisadiyyatda inkişaf xidmət sektorunun inkişafından daha çox asılıdır. İnsanların xidmətlərdən daha çox istifadə etməsi onun iqtisadiyyatda payını artırır. Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir.
Dünya Bankının hələ bir neçə il əvvəl 132 ölkənin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75 faizi çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Buna görə də Azərbaycan hökuməti də xidmət sektorunun iqtisadi dəyərinin artırılmasına xüsusi önəm verir və ölkəmizdə də xidmət sahələri dinamik inkişaf edir. Belə ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı, internetin cəmiyyət və sənayenin gündəlik həyatının aparıcı tərkibinə çevrilməsi ilə dinamik tərəqqi edən xidmət sektoru istehsal sferasını üstələməkdədir. Artıq bir çox inkişaf etmiş ölkələrin ÜDM-də xidmət sektorunun payı 60 faiz və onun üzərindədir. İnkişaf etməkdə olan ölkələrdə isə xidmət sektorunun iqtisadiyyatda payı bir qədər aşağıdır. Qlobal məkana sürətlə inteqrasiya edən Azərbaycanda da xidmət sektorunun müxtəlif istiqamətlərinin inkişafı prioritet əhəmiyyət kəsb edir. Ümumilikdə İKT-nin inkişafı, o cümlədən mövcud potensial imkanlar ölkəmizdə də xidmət sahələrinin uzunmüddətli inkişaf perspektivlərini vəd edir.
Yeri gəlmişkən, 2024-cü ildə hökumət Azərbaycanın neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artım proqnozlaşdırır. Bu zaman kənd təsərrüfatında 4.6 faiz, tikintidə 3.4 faiz, ticarətdə 3 faiz, turizm sahəsində 15.8 faiz, nəqliyyat sahəsində 4.5 faiz, informasiya və rabitə sahəsində 9.5 faiz artım olacağı gözlənilir.
Təbii ki, Azərbaycan xidmət sektorunu inkişaf etdirməklə qeyri-neft sektorunda davamlı inkişafa təminat yaradıla bilər. Bunun üçün ölkəmizdə kifayət qədər potensial da mövcuddur. Hökumətin hesabatında səslənən fikirlər, hesabatda əks olunan dinamika belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda da yaxın gələcəkdə xidmət sahələrinin payı daha da artacaq. Turizm, nəqliyyat, rabitə xidmətləri kimi aparıcı xidmət sahələrində təmin olunan müsbət dinamika fikirlərimizi daha da əsaslandırır.
Məsələn, xidmət sektorunun aparıcı sahələrindən olan turizm sahəsində əhəmiyyətli irəliləyişlər var. Düzdür, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus (COVID-19) pandemiyası turizm sektorunda geriləmələrə səbəb olmuşdu. Lakin artıq 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrə nisbətən 65 faiz bərpa olunub. Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, bərpa prosesi daha çox qeyri-ənənəvi bazarlar üzrə müşahidə edilib. Ötən il ölkəyə gələnlərin 13,9 faizi 1 gün, 19,3 faizi 1-3 gün, 24,4 faizi 4-7 gün, 8,9 faizi 8-14 gün, 1,8 faizi 15-21 gün, 31,7 faizi isə 21 gündən çox qalıb. Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu ilin yanvar ayında isə Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, gələnlərin 27,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faizi Pakistan, 2,4 faizi Küveyt, 2 faizi Özbəkistan, 1,8 faizi Oman, 1,5 faizi Türkmənistan, 1,3 faizi Ukrayna, 1 faizi Belarus, 10,4 faizi digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan – 3,4 dəfə, Bəhreyndən – 2,7 dəfə, Səudiyyə Ərəbistanından – 2,7 dəfə, Hindistandan – 2,5 dəfə, Omandan – 2,4 dəfə, Özbəkistandan – 2,4 dəfə, Tacikistandan – 2,3 dəfə, Qazaxıstandan – 2,3 dəfə, Filippindən – 1,8 dəfə, İtaliyadan – 1,7 dəfə, İspaniyadan – 1,7 dəfə, Türkmənistandan – 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, Cənubi Koreyadan – 1,6 dəfə, İordaniyadan – 1,6 dəfə, İrandan – 45,8 faiz, Polşadan – 33,7 faiz, Yəməndən – 32,2 faiz, Moldovadan – 31,5 faiz, Türkiyədən – 31 faiz, Pakistandan – 28,3 faiz, Qətərdən – 26,8 faiz, Gürcüstandan – 24,1 faiz, Fransadan – 22,4 faiz, Ukraynadan – 21,4 faiz, BƏƏ-dən – 20,4 faiz, Belarusdan – 18,9 faiz, ABŞ-dan – 18,7 faiz, Misirdən – 15,2 faiz, Rusiya Federasiyasından – 13,4 faiz, Almaniyadan – 13,3 faiz artıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5 faizi hava, 31,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Hazırda nəqliyyat xidmətləri sahəsində də müsbət dinamika müşahidə olunur. Məsələn, bu ilin yanvar ayında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 faiz və 5,3 faiz çox olub. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 17,4 milyon ton yük daşıyıb. Yüklərin 3,6 faizi dəniz, 7,9 faizi dəmir yolu, 0,2 faizi hava, 53,5 faizi avtomobil nəqliyyatı, 34,8 faizi isə boru kəməri ilə daşınıb. Sərnişinlərin 87,5 faizi avtomobil, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 faiz təşkil edib. Ötən ay nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Sözsüz ki, nəqliyyat sektorunun infrastruktur təminatının təkmilləşdirilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, beynəlxalq nəqliyyat dəhlizlərindən daha səmərəli istifadə istiqamətində ardıcıl addımların atılması ölkəmizdə nəqliyyat xidmətlərinin uzunmüddətli perspektivə malik olduğunu göstərir.
Hazırda Azərbaycanda dinamik inkişaf edən xidmət sahələrindən biri də informasiya və rabitə xidmətləridir. 2023-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələri 3 milyard 206,5 milyon manatlıq xidmət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2022-ci illə müqayisədə 16,3 faiz çoxdur. Ötən il xidmətlərin 71,8 faizi əhali sektoruna aid olub, 36,1 faizi və yaxud 1 158,5 milyon manatı mobil rabitə sahəsində formalaşıb. Ümumiyyətlə isə Azərbaycanda son 20 ildə informasiya və rabitə xidmətləri 20,7 dəfə artıb. Bu xidmətlər sektorunda təkcə son 5 ildə 8,4 dəfəlik real artım qeydə alınıb.