Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İyul İnqilabının 70-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan və Misirin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Misirin ölkəmizdəki səfiri Hişam Məhəmməd Nağı Abdel Həmid inqilabdan sonrakı dövrdə ölkəsinin keçdiyi inkişaf yolundan söz açıb. Bildirib ki, İyul inqilabının 70-ci ildönümü məhz Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ilinə təsadüf edir.
"Azərbaycanla Misir arasında tarixən səmimi münasibətlər mövcud olub. Bu ilin fevralında Bakıda İqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası və biznes forum keçirildi. Bu da öz növbəsində Misir-Azərbaycan ikitərəfli münasibətlərinin güclü inkişafını və dinamikasını nümayiş etdirir. Siyasi müstəvidə də əlaqələrimiz üstün səviyyədədir. Elə bir neçə gün əvvəl Azərbaycan və Misir Xarici İşlər Nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr buna əyani sübutdur", - diplomat qeyd edib.

Səfir prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi qeyd edib. Qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın xarici əlaqələrini dövlət maraqları çərçivəsində idarə edir, ölkənin daha da müasirləşdirilməsi üçün böyük səylər göstərir.
"Müxtəlif dinlər arasında dinc-yanaşı yaşamanın və tolerantlığın Azərbaycan modelinə heyran qalmışam. Mən əminəm ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcək" deyən cənab Hişam Məhəmməd Nağı Abdel Həmid Misirin Azərbaycandakı yeni səfiri olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək etmək üçün rəsmi Bakı ilə lazımi səyləri göstərməyə hazır olduğunu söyləyib.

Daha sonra çıxış edən Azərbaycan Xarici İşlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib. O, prezident İlham Əliyevin Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladığını qeyd edib.
Nazir müavini Azərbaycanın Misirlə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini söyləyib, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.
İkitərəfli əlaqələrdən danışan F.Rzayev Azərbaycan-Misir diplomatik münasibətlərinin məmnunluq doğurduğunu söyləyib. Ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq davam etdiriləcəyinə inamını bildirib.

O, diqqətə çatdırıb ki, bu ilin fevralında Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası olub, Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb, ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq biznes forum keçirilib.
“İyulun 26-da iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilən məsləhətləşmələr ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcək. Bu məsləhətləşmələr iqtisadiyyat, enerji, turizm, tədris və digər mühüm sahələri əhatə edib”, - deyə F.Rzayev bildirib.