"Əfqanıstanla sərhədimizə dair iddialar faktları dəyişə bilməz” – Mümtaz Zəhra Bəluç

09:48 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç Əfqanıstan xarici işlər nazirinin müavini və Taliban administrasiyasının aparıcı simalarından olan Şir Məhəmməd Abbas Stanekzainin “Dürand xətti”ni tanımayacaqları ilə bağlı açıqlamalarına yazılı cavab verib.

Hafta.az-ın yazdığına görə, Bəluç açıqlamasında Pakistan-Əfqanıstan sərhədinin qanuniliyi ilə bağlı hər cür xəyali iddiaların coğrafi, tarix və beynəlxalq hüququn həqiqətlərini dəyişdirə bilməyəcəyini ifadə edərək, “Əfqanıstan tərəfinə öz real təhlükəsizlik problemlərini aradan qaldırmaq əvəzinə bu cür acınacaqlı bəyanatlarla ictimaiyyətin diqqətini yayındırmağa çalışmamağı tövsiyyə edirik" deyib.

Bəluç qeyd edib ki, Pakistan dövlətlərarası münasibətlər normaları əsasında Pakistan-Əfqanıstan sərhədi boyunca insanların və ticarət məhsullarının keçidini asanlaşdırmaqda qərarlıdır və bu məqsədlə addımlar atmağa davam edəcək.

Əfqanıstan xarici işlər nazirinin müavini və Taliban administrasiyasının aparıcı simalarından olan Şir Məhəmməd Abbas Stanekzai Sovet İttifaqı ordusunun çıxarılmasının 35-ci ildönümü münasibətilə Lohar əyalətində keçirilən proqramda çıxışında iki ölkə arasında sərhədi təyin edən “Durand xətti”nin sərhəd olaraq tanımayacaqlarını bildirib.

1919-cu il mayın 6-dan avqustun 8-i arasında gedən Üçüncü İngiltərə-Əfqan müharibəsi zamanı, o vaxt indiki Pakistan da daxil olmaqla Hindistanı işğalda saxlayan ingilislər Əfqanıstan Əmirliyinin bəzi şərq torpaqlarını işğal edib. Müharibə Əfqanıstanın qələbəsi ilə başa çatıb və 1893-cü ildə Əfqanıstanla Britaniya Hindistanı arasında sərhəd müəyənləşdirilib ki, bud a indiki Pakistan-Əfqanıstan sərhədidir.

1947-ci ildə müstəqilliyini əldə edən Pakistan “Durand xətti”ni beynəlxalq sərhəd kimi qəbul etsə də, sonrakı Əfqanıstan hökumətləri bununla razılaşmayıb. Bu səbəbdən iki ölkənin sərhəd qüvvələri arasında zaman-zaman gərginlik yaşanır.

Əvvəlki Əfqanıstan hökuməti tərəfindən tanınmayan “Durand xətti” hazırda Taliban administrasiyası tərəfindən tanınmır.