Ukrayna hadisələr fonunda eyni vaxtda Ermənistanın da bizim bölgədə fəallaşmaq cəhdləri müşahidə olunmaqdadır. Xüsusilə, həm Yuxarı Qarabağda qoşunların təmas xəttində, həm də sərhəddə vəziyyəti gərginləşdirmə halları müşahidə olunmaqdadır. Bu təsadüfi deyil.
Bu fikirləri hafta.az-a siyasi şərhçi Aydın Quliyev deyib:
"Erməni qoşunları orada müəyyən istehkamlar qurur, möhkəmlənməyə cəhd göstərirlər. İmzalanmış sənədlər birmənalı şəkildə bölgədəki qanunsuz erməni silahlılarının tam tərk-silah olunması və çıxarılmasını tələb edir.
Buna baxmayaraq ermənilər Qarabağda daha da möhkəmlənməyə cəhd göstərirlər. Belə bir zamanda Rusiya Müdafiə Nazirliyinin olmayan “Dağlıq Qarabağ”dan guya Ukraynaya yardımların göndərildiyi ilə bağlı təxribatçı informasiyaları da qəbuledilməzdir. Rusiya Ermənistanda özünün silahlı qüvvələrini, siyasi mövcudluğunu sürətlə artırmaqdadır.
Ukrayna hadisələrinə münasibətdə Azərbaycanın siyasi kursu Rusiyada müəyyən dairələrin xoşuna gəlmir. Azərbaycanın apardığı siyasət, Ukraynadakı hadisələri daha da qızışdırmamaq, oradakı prosesləri sülhə və təhlükəsizliyə daha çox yönləndirmək məqsədinə xidmət edən beynəlxalq hüquq normalarına uyğun siyasətdir. Bu, Rusiyanı təmin etmədiyinə görə Ermənistanda hərbi mövcudluğunu artırır.
Açıq görünür ki, Rusiya Ermənistanda və Qarabağda özünün hərbi mövcudluğunu artırmaqla Ermənistanın və qondarma rejimin əli ilə Azərbaycanda təzyiqlər göstərmək planına malikdir. Belə bir şəraitdə Azərbaycan Müdafiə Nazirliyinə sərhədlərdə və təmas xətlərində təxribatların qarşısının alınması tapşırığının verilməsi şəraitə uyğun olan mövqedir.
Müdafiə Nazirliyinin bu tapşırığı lazımi səviyyədə icra edəcəyinə heç bir şübhə olmamalıdır".