Hindistanın baş naziri Narendra Modi ABŞ-da siqh separatçısını öldürmək planı ilə bağlı təqdim edilən istənilən dəlili araşdıracağını bildirib.
Hafta.az-ın “Financial Times”ə istinadən yazdığına görə, ABŞ Ədliyyə Departamenti ötən ay Hindistan vətəndaşını Birləşmiş Ştatlar ərazisində siqh liderinə sui-qəsd təşkil etməkdə ittihamlayıb və üstəlik, Hindistan hökumət rəsmisinin də planda iştirak etdiyini bildirib.
“Kimsə bizə bu barədə hər hansı məlumatı verərsə, mütləq araşdıracağıq. Vətəndaşımız yaxşı və ya pis bir iş görübsə, biz bunu araşdırmağa hazırıq. Bizim öhdəliyimiz qanunun aliliyinə bağlıdır”, - deyə Modi bildirib.
Hindistanın xarici işlər nazirliyi daha əvvəl "məsələ ilə bağlı bütün aspektləri araşdırmaq üçün" yüksək səviyyəli istintaq komitəsi yaratdığını bildirmişdi.
Noyabrın 29-da ABŞ Ədliyyə Departamenti 52 yaşlı Nikhil Quptaya qarşı Nyu-Yorkda Hindistan əsilli ABŞ vətəndaşına qarşı sui-qəsd planında iştirakla bağlı ittihamları açıqlayıb. Ədliyyə Departamenti qətldə hədəf alındığı iddia edilən şəxsin "Hindistan hökumətinin kəskin tənqidçisi olduğunu və çox sayda siqhlərin yaşadığı Hindistanın şimalında yerləşən Pəncabın müstəqilliyini istəyən bir təşkilata rəhbərlik etdiyini, həmin təşkilatın isə məhz Birləşmiş Ştatlarda yerləşdiyini" söyləyib.
Hindistanda yaşayan Qupta ABŞ-ın ekstradisiya tələbi əsasında Çexiyadakı səlahiyyətlilər tərəfindən həbs edilib.
Modinin şərhləri Ağ Evin ABŞ-da bir siqh separatçısına qarşı sui-qəsd planına “son dərəcə ciddi” yanaşdığını bildirməsindən sonra yayılıb.
Sentyabrda Kanadanın baş naziri Castin Trüdo rəsmi Dehlini Kanada vətəndaşı Hardip Sinqh Niccarın iyun ayında öldürülməsi ilə əlaqələndirməsindən sonra Kanada ilə Hindistan arasında böyük diplomatik mübahisə yaranmışdı. Dehli Kanadanın iddialarını “absurd” adlandırıb. Modi həmçinin “Financial Times”a bildirib ki, Hindistan “xaricdə yerləşən bəzi ekstremist qrupların fəaliyyətindən dərin narahatdır”.
O əlavə edib ki, bu elementlər ifadə azadlığı adı altında hədə-qorxu ilə məşğul olub və zorakılığa sövq ediblər.