“Montrö Konvensiyası 1936-cı ildə imzalansa da, əmin-amanlığın təmin edilməsi baxımından hələ də öz əhəmiyyətini qoruyub saxlayır”.
Hafta.az-ın yazdığına görə, bunu Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib. Türkiyə və Rusiyanın bu mövzuda həmfikir olduğuna diqqət çəkən Buravov, "Montrö Konvensiyasının müddəalarının yerinə yetirilməsi çox əhəmiyyətlidir və bunun davam etməsinin lazım olduğunu düşünürük" deyib.
Buravov, "Qara dənizdə sahili olmayan ölkələrin hərbi qüvvələrinin mina axtarışı adı altında bura daxil olmaq cəhdlərini qətiyyətlə rədd edirik. Düşünürəm ki, bunun çox ciddi nəticələri olacaq" deyə xəbərdarlıq edib.
Rusiyanın Qəzza məsələsində mövqeyinin bəlli olduğunu deyən Buravov deyib ki, əsas problem Fələstin dövlətinin yaranması prosesinin dalana dirənməsindədir.
Diplomat Rusiyanın BMT Təhlükəsizlik Şurasında həll yolunda bir çox addımlar atdığını, amma ABŞ-ın mövqeyi üzündən ölkəsinin Qəzzada başda humanitar yardımlar olmaqla, həll təkliflərini həyata keçirə bilmədiyini deyib.
Qəzzada mülki vətəndaşların itkisini vurğulayan Buravov, "Bu problemin həlli müstəqil Fələstin dövlətinin qurulmasındadır. Rusiya müxtəlif səviyyələrdə təşəbbüslər edir və buna nail olmaq üçün əlindən gələni etməyə çalışır" deyə bildirib.
Buravov əlavə edib ki, Türkiyənin “qarantlıq” təklifi ilə bağlı müxtəlif fikirlər ortaya çıxıb və Rusiya bu məsələdə təşəbbüs göstərməyə hazırdır.