Taliban lideri Hibətullah Axundzadə Əfqanıstanın xüsusilə müsəlman ölkələri ilə yaxşı əlaqələr qurmaq istədiklərini bildirib.
Hafta.az-ın yazdığına görə, Axundzadənin mesajını İslam Əmirliyi administrasiyasının sözçülərindən olan Zəbihullah Mücahid paylaşıb.
Hibətullah Axundzadə mesajında “Biz başqa ölkələrin daxili işlərinə qarışmadığımız kimi, başqa ölkələrin də bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik” deyib. Əfqanıstanda illərdir davam edən müharibənin sonunda ölkədə İslami idarənin qurulduğunu ifadə edən Axundzadə, “Bizim fədakarlıqlar etdiyimiz İslam şəriətinin tətbiqi idi və bu məqsəd artıq reallaşdı" deyib.
Davam edən iqtisadi inkişaf prosesinin Əfqanıstan iqtisadiyyatının iflasa uğrayacağını şərh edənlərin proqnozlarının puça çıxdığını deyən Axundzadə ölkə iqtisadiyyatının özünü təmin edə bildiyini bildirib.
İslam Əmirliyinin rəhbəri Əfqanıstanda narkotiklərin istehsalı, ticarəti və daşınmasının qadağan edildiyini bildirərkən, xüsusilə gənclərin bu maddələrin mənfi təsirlərindən qorunduğunu bildirib.
Axundzadə əfqan qadınların İslam şəriətinə uyğun firavan həyat sürmələri üçün lazımi səy göstərdiklərini də bildirib.
Hibətullah Axundzadə qadınların məcburi evləndirilməsi kimi ənənəvi təzyiqlərdən xilas olmaq üçün İslam şəriəti çərçivəsində hərəkət etdiklərini və bunun qarşısının alınması üçün çalışdıqlarını diqqətə çatdırıb.
Digər tərəfdən, Axundzadə İsrailin fələstinli qadın, uşaq və digər müdafiəsiz müsəlmanlara qarşı törətdiyi qətliamları pislədiklərini, başqa ölkələrin də bu qətliamlar qarşısında səssiz qalmaması lazım olduğunu bildirib.