"Rusiya sülhməramlılarının baş verənlərə ikili yanaşması ..." - Açıqlama

17:25 11.03.2022
Yazını böyüt
Yazını kiçilt

Cəbhədə Ermənistanın qeyri-qanuni birləşmələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması hallarının artmasının siyasi və hərbi səbəbləri var. Ermənistan siyasi hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin fonunda vəziyyəti gərginləşdirmək istəyir. Əslində, rus sülhməramlılarının arxasında gizlənərək  bölmələrimizə atəş açırlarsa, bilirlər ki, bunun cavabı atəşlə veriləcək. Düşünürlər ki, qarşı tərəfdən atəşin açılması Rusiya sülhməramlılarına xəsarət yetirəcək və bu da Azərbaycan silahlı qüvvələri ilə münaqişəyə səbəb olacaq.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib:

"Digər səbəb odur ki, üçtərəfli sazişə əsasən sülhün imzalanmasına dair danışıqlar gedir. Ermənistan tərəfindən sülh sazişinin imzalanmasına dair müsbət siqnallar gəlsə də, onlar ikili oyunlar oynayırlar, dedikləri ilə sahədə etdikləri üst-üstə düşmür. Rusiya sülhməramlılarının baş verənlərə ikili yanaşması Ermənistan silahlı qüvvələrinin, Qarabağda yaşayan erməni silahlılarının ümidlərini artırır. Atəşkəsin pozulmasına məhz Rusiya sülhməramlıları səbəb yaradır. Artıq erməni separatçılarının özlərini bir siyasi qurum kimi göstərərək,  Rusiyanın silahlı qüvvələrinin Ukraynada olduğu bölgələrə yardım göstərmək istəyi, təbii ki, çox ciddi siyasi mesajdan ibarət idi.  Bunu siyasi, hərbi iradə olaraq qəbul etməyimiz mümkün deyil.  Ermənilər sahədə atdığı addımların nəticələrinə mütləq hazır olmalıdırlar. Atəşkəsin pozulması qarşı tərəfə istənilən cavabı vermək hüququnu özündə saxlayır".