Yazın astanasında olduğumuz bu günlərdə 2022 yaz-yay kolleksiyası ilə bağlı dəb dünyasında çox söz-söhbət gəzir. Deyirlər ki, bu il hər kəs üçün müəyyən yaz rəngi var. Təbii ki, klassik yaz rəngləri bu il də trenddədir. Bu yaz bir az da çoxrəngli olacaq. Parlaq rənglərdə olsaq belə, özümüzü birdən həddindən artıq rəngli hiss edib qara, boz, tünd-qəhvəyi, tünd-portağal və qırmızı tonlara keçəcəyik.
2022 yaz-yay kolleksiyalarına baxdığımızda, ümumilikdə, yüksəkenerjili parçalarla qarşılaşırıq. Bu parçaları tamamlayan, hətta zaman-zaman baş rol sahibi olan isə fərqli zinət əşyalarıdır. O zaman növbəti mövsümdə ən çox diqqət çəkəcək tendensiyalar haqqında öyrənməyin vaxtı gəldi!
Həmsöhbətimiz tanınmış modelyer Şəlalə Maqsudovadır.
Şəlalə xanım deyir ki, 2022-ci il yaz-yay kolleksiyasında yaşıl rəng trend olacaq. Bundan başqa, yaşılın müxtəlif çalarları, qırmızı və onun tonları da mövsümün “ən”lərindəndir.
Parçalara gəldikdə isə bu il nazik cins və kətan parçalar daha çox populyardır:
“Biçim və formalarda isə yaxın keçmişdə olduğu kimi, bolkəsimli qiyafətlərə üstünlük veriləcək. Əyində boş duran pencəklər, şalvar və köynəklər bu yayın dəb ünsürüdür. İki fərqli rəngin harmoniyası ilə bu il xanımlar gözəl və şık görüntü əldə edə bilərlər”.
Şəlalə xanım bu ilin dəbində ən çox təbii daşlardan işlənmiş kələ-kötür aksessuarları – boyunbağı, qolbaqları xüsusi vurğuladı:
“Bəzi xanımlarımız, adətən, incə metal, gümüş, yaxud qızıl zinət əşyalarına üstünlük verirlər. Lakin trenddə olan iri, daşlı bijuteriyalardır”.
Müsahibimizin sözlərinə görə, koronavirus pandemiyası modelyerlər üçün yeni ideyalara qapı açmışdı. Belə ki, yaxın iki ildir tanınmış moda evləri öz brend maskalarını istehsal etməyə başlayıblar. Hazırda isə dəb aləmində bir dönəm fərqli və yenilikçi aura yaradan maskalar tarix olmağa doğru gedir:
“Biz həm üzəri yazılı, həm geyimlərin rənglərinə uyğun, həm də gəlinliklərdə istifadə edilə biləcək çeşid-çeşid maskalar görə bilərik”.
Qeyd edək ki, dünya dəb mütəxəssislərinin də yaz-yay kolleksiyası ilə bağlı diqqətçəkən fikirləri var. Modaçılar yaz-yay mövsümünə bəyaz səhifə açmaqla, isti havalara qarşı yeni bir başlanğıc etməyi məsləhət görürlər. Optimizmin dozasını artıran ağ rəngdən istifadə edərkən tərz seçimində sərbəstsiniz.
Dinamizmi artıran fırfırlar yaz-yay mövsümünün açılışı ilə içinizdə yüksələn rəqs atəşini alovlandırmaq əzmindədir. Gecə-gündüz fərqi yoxdur, saçaqlar günün istənilən vaxtında sizi müşayiət edə bilər.
Yeri gəlmişkən
Pandemiya ilə bağlı qadağaların yumşaldılması fonunda mart ayının əvvəllərində Paris Moda Həftəsi reallaşdı. Ukraynadakı müharibə moda dünyasından da yan keçmədi. Dünyanın aparıcı moda evləri bir-birinin ardınca Rusiya bazarlarını tərk etməyə başladılar. Onların arasında Hugo Boss, Zara, Adidas, Victoria s Secret və digərlərinin adlarını qeyd edə bilərik. Artıq moda evlərinin bu addımları onlara milyardlarla dollar ziyan vurub. Tək Adidas geyim dünyasının Rusiyanı tərk etməsi ona 250 milyon dollara başa gəlib. Pandemiyadan sonra yaranmış bu vəziyyət moda dünyasını çətin günlərin gözlədiyindən xəbər verir...